Qəhrəmanlıq və Vətənə xidmət örnəyi
Sosial həyat

Qəhrəmanlıq və Vətənə xidmət örnəyi

Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olub. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülüb. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir.

Azərbaycanın qürur dolu keşməkeşli yolundan bu günə qədər şanlı tarixinə daha bir ifadə qızıl hərflərlə yazıldı: şəhid polislər! O polislər ki, öz canları və qanları bahasına həm ölkəni, həm sərhədi qorudular, Vətənin bütövlüyü naminə ən ali ada - şəhidlik zirvəsinə yüksəldilər.

Həyatda hər insanın bir alın yazısı olur. Kimisi bu həyat yolunu sıradan və adi şəkildə yaşayır, kimisi isə alın yazısının dalınca addımlayır və şərəfli yol seçir. Vətən uğrunda həyatlarını, xəyallarını, ailələrini və gələcəklərini arxa plana qoyub düşmənlə döyüşüb şəhid olmaq kimi şərəfli bir yol. Çünki Vətən sadəcə bir ovuc torpaq deyil. Vətən xalq üçün ana qədər doğma olan, şəhidlərin və qazilərin qan axıtdığı müqəddəs yerdir.

Torpaqlarımızın azadlığı və müstəqilliyi naminə canlarından keçən Eldar Babayev kimi şəhidlərin torpağıdır Vətən. Öz əqidəsi, cəsarəti ilə şəhidlik zirvəsinə ucalan Eldarın adı torpaqlarımıza azadlıq gətirənlərin siyahısında ön sıradadır.

Eldar Abdulla oğlu Babayev 1962-ci il martın 2-də Qərbi Azərbaycanın Zəngibasar bölgəsinin Rəncbər kəndində anadan olub. 1983-cü ildə hərbi xidmətdən qayıdan Eldar bir qədər sonra daxili işlər orqanında işə qəbul olur. 1985 - ci ildə ona baş serjant rütbəsi verilir. İki il sonra isə Eldar Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirir. O, ailənin yeganə oğlu, üç bacının bir qardaşı idi. Bacılarının toyunu etdikdən sonra sevib-seçdiyi Səltənətlə ailə quran Eldarın iki qız övladı dünyaya gəlir - Fidan və Sahilə. Eldar həmişə qohumları, iş yoldaşları və dostları arasında seçilirdi, fərqlənirdi. Cavan olmasına baxmayaraq, ağlı və davranışları ilə hamının hörmətini qazanmışdı.

O zamanlar erməni quldurlarının torpaqlarımıza basqını günü-gündən güclənirdi. Belə günlərdə Eldar sakit dayana bilməzdi. 1991-ci il avqustun 8-də işdən evə tez qayıdan Eldar könüllü olaraq Qarabağa getməyə qərar verir. Anasının və yoldaşının etirazlarına baxmayaraq, o, sanki bir də qayıtmayacağını hiss edərcəsinə iki körpə qızı ilə sağollaşaraq xidmət yoldaşları ilə birlikdə Qarabağa yollanır. Onlar strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Goranboy rayonunun Buzlaq kəndinə gəlirlər və elə ilk gündən düşmənlə Vətən uğrunda ölüm - dirim mübarizəsi başlayır. Eldar Babayev döyüş yoldaşları arasında cəldliyi və sərrast atəşi ilə seçilirdi. Onlar gecəli-gündüzlü Buzlaq kəndində keşik çəkir, ermənilərin hücumlarının qarşısını mərd şəkildə alırdılar. Döyüş yoldaşı Sabir Behbudov Eldarın son döyüşünü belə xatırlayır: "Avqustun 18-də Eldar, Akif və Hüseyn postdan yenicə qayıtmışdılar. Ermənilər artilleriya zərbəsi ilə bizim qaldığımız alaçığı dağıtdılar. Hücumu görən Eldar tez səngərə atılaraq düşmənə atəşlə cavab verdi. Vəziyyət çox gərgin idi. Eldar bizdən geri çəkilməyimizi tələb etdi. Akif Abdullayev də onunla qaldı. Eldarın sayəsində 79 nəfər döyüşçü mühasirədən çıxdı. Hücum isə davam edirdi. Bir qədər sonra Akif güllə yarasından həlak oldu. Eldar döyüş yoldaşının da silahını götürərək düşmənə atəş açmağa başladı və bir neçə yerindən yaralandı. Ermənilər geri çəkildikdən sonra Eldar yaralı halda meşəyə tərəf üz tutur və Şəfəq kəndinə getməyə çalışır, lakin taqətdən düşür və dincini almaq üçün meşədə bir ağacın altında oturur".

13 gün sonra Eldarın nəşi tapılır. Əlində avtomatı, cibində isə əsir düşməmək üçün saxladığı üç patronu var idi. Sentyabrın 1-də Eldar Babayev torpağa tapşırılır. Ölümündən sonra ona "Qırmızı ulduz" ordeni verilir. 1995-ci il 15 yanvar tarixində isə ulu öndər Heydər Əliyevin fərmanı ilə Eldar Abdulla oğlu Babayev "Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, torpaqlarımızın erməni işğalçılarından müdafiə olunmasında gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa, şəxsi igidliyə və şücaətə, müqəddəs borcun yerinə yetirilməsində misilsiz xidmətinə görə" ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.

Bu gün Eldar Babayevin yolunu onun ömür-gün yoldaşı polis polkovniki Mustafayeva Səltənət davam etdirir. Qızları Fidan və Sahilə atalarının adını uca tutmaq və bu müqəddəs adı unutdurmamaq üçün əllərindən gələni edirlər. İndi Eldarın davamçıları onun beş oğul nəvəsidir. Onlardan biri də Eldar Babayevin adını daşıyır.

Vətən uğrunda canından, qanından keçən Eldar Babayevin ailəsi üçün ən böyük təsəlli odur ki, artıq heç bir şəhidin qanı yerdə qalmayıb. İşğal olunan torpaqlarımız geri alınıb və o torpaqlarda yeni həyat başlayır.

Müşfiq MİRZƏ,

"Respublika".