Qəhrəmanlıq unudulmur
Region

Qəhrəmanlıq unudulmur

Azərbaycanımızın bütün bölgələrində olduğu kimi, İmişli rayonunda da şəhidlərimizin, Vətən müharibəsində adlarını hərb tariximizə qızıl həriflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğul və qızlarımız, onların ailələri daim yad olunur. Şanlı Zəfər yürüşündə qəhrəmanlıq göstərərək canından keçmiş şəhid oğullarımızdan biri də Səfərli Amil Nizami oğludur.

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Amilin doğum günü İmişli rayonunun Çahar kəndində qeyd edildi. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul işçiləri, kənd sakinləri, din xadimləri təhsil aldığı orta məktəbin müəllimləri və şagirdləri tərəfindən şəhidin məzarı ziyarət edilərək əziz xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül-çiçək dəstələri düzüldü.

Amil Səfərli Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak edərək əsl igidlik nümunəsinə çevrilib. Canını torpaqlarımızın, vətənimizin azadlığı uğrunda fəda edən, döyüşlərdə bir an belə geri çəkilməyən igidimiz noyabr ayının 5-də Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Səfərli Amil Nizami oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

30 il işğal altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində azad edildiyini vurğulayan rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev qeyd etdi ki, illər ötsə belə 44 gün davam edən Vətən müharibəsində bizlərə Qələbə sevincini bəxş edən oğullarımızı hər zaman yad edəcəyik.

Amilin doğum günündə təhsil aldığı orta məktəbdə ona dərs deyən müəllimləri də iştirak edirdilər. Müəllimlər onun uşaqlıq illərindən söz açıb, vətənpərvər, təlim-tərbiyəli bir şagird kimi yetişdiyini bildirdilər. Tədbirdə şəhidin təhsil aldığı məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər. Amilin valideynləri ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailələri adından minnətdarlıqlarını bildirdilər.

 Ə.ABDULOV,

 “Respublika”.