Qəhrəmanlıq,  şücaət, vətənpərvərlik
Sosial həyat

Qəhrəmanlıq,  şücaət, vətənpərvərlik

Rəşadətli Azərbaycan ordusu  30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızdan işğalçıları qovub, müqavimət göstərənləri isə məhv edib.  İgidlərimiz ən keçilməz sədləri aşaraq düşmən ordusunu darmadağın edərək işğalçılara ağır zərbələr vurub. Əsgər və zabitlərimiz Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Zəfər tarixini yazıb. Müzəffər hərbçilərimiz dünyanın gözü qarşısında yeni dövrün müharibəsini qələbə ilə başa çatdırıblar. Qürur hissi ilə deyə bilərik ki, 44 günün hər anı Qələbə və Zəfər günü kimi yaddaşlara həkk olunub.

Müharibə ağrıları yaşayan, düşmənə qarşı igidliklə vuruşan Xocavənd rayonunda gənclər arasında 44 günlük Vətən müharibəsi və onun nəticələrinə həsr olunan intellektual yarış keçirilib. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Xocavənd qəsəbəsində mövcud pandemiya qaydalarına uyğun olaraq  keçirilən yarışda gənclər və məktəblilər fəallıq göstəriblər.

Yarışın keçirilməsində məqsəd gənclər arasında Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin, həmçinin, Azərbaycan tarixinin, ordu quruculuğunun və hərbi mədəniyyətin təbliğidir. Eyni zamanda, yarışda gənclərin bilik və bacarıqlarının üzə çıxarılmasına, intellektual səviyyəsinə, dünyagörüşünə və zehni inkişafına da yeni bir stimul verilib.

Yarışda xocavəndli ali məktəb tələbələri, yuxarı sinif şagirdləri və Xocavənd könüllülərindən ibarət 8 komanda, ümumilikdə isə 48 nəfər iştirakçı öz bilik və bacarıqlarını sınayıb. Gərgin və maraqlı bilik mübarizəsi şəraitində keçən yarışda birinci yerə Tuğ kənd tam orta məktəbinin "Tuğ", ikinci yerə Salakətin kənd tam orta məktəbinin "44 gün" ,  üçüncü yerə  könüllülərin "Land of fire" komandaları layiq görülüb. Qalib komandaların hər bir üzvü  diplomla təltif edilib.

                                                       Salman ALIOĞLU,

                                                          “Respublika”.