Qəhrəmanlıq salnaməsinin başlanğıcı
Siyasət

Qəhrəmanlıq salnaməsinin başlanğıcı

Dövlət  başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət əsasında respublikamız  sosial-iqtisadi, siyasi, beynəlxalq və mədəni sahələrdə uğurlar əldə etmiş və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları işğaldan azad olunmuşdur.

Eyni zamanda, tariximizə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərmişdir. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları etnik təmizləmə təxribatları və terror əməlləri ilə başlamış, Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnmişdir. Ermənistandan göndərilən silahlı qruplar və terrorçular öz cinayətkar fəaliyyətlərini genişləndirərək əsassız ərazi iddiaları ilə  Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başladı və Azərbaycan torpaqlarının 20% hissəsini işğal etdi. Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1993-cü ildə işğalçıların Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən beynəlxalq hüquqda çox böyük əhəmiyyətə malik 4 qətnamə qəbul edilməsinə baxmayaraq, Ermənistan işğal etdiyi torpaqlarımızda hərbi təcavüzü davam etdirərək Azərbaycan ərazilərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini, bütün infrastrukturu xüsusi qəddarlıqla talan edib, dağıdıb və yandırıblar. Tarixi ərazilərimizdə erməni dövləti qurmaq məqsədilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törədiblər. Ermənilərin planlı şəkildə davam edən soyqırım, siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı  vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur.

2020-ci ilin 27 sentyabr  tarixi 30 ildən artıq Ermənistan işğalı altında olan Azərbaycan torpaqlarının azad olunması üçün yeni mərhələnin başlanğıcı oldu. Ermənistan silahlı qüvvələrinin və terrorçu qruplaşmaların Azərbaycan torpaqlarını işğal etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fərmanı ilə 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət və  qismən səfərbərlik elan edildi.

İllərdir Qarabağa, işğal olunmuş torpaqlara qayıtmaq eşqi, həvəsi ilə alışıb-yanan Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatı ilə müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Azərbaycan 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş  Vətən müharibəsini böyük Zəfərlə başa çatdırdı. Son iki yüz illik tarixində Azərbaycan müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək qalib çıxdı. Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarına əsasən hər il üçün 8 Noyabr - Zəfər Günü və 27 Sentyabr --Anım Günü təsis edildi.

 Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.

44 gün ərzində igid və qəhrəman oğullarımız canlarını qurban verib, Vətən yolunda canını sipər etdi, qanları ilə bu torpağı suladı. Şəhidlərimiz bu müharibədə ölümün gözünə dik baxaraq, Vətənimiz, torpaqlarımız bütöv olsun deyə canlarını qurban verdilər. Onlar cəsarəti, mübarizliyi, Vətənə olan sonsuz sevgiləri sayəsində qəhrəmanlıq dastanına çevrildilər. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur. Onları yaddaşımıza həkk etməli, xatirələrini hər zaman ehtiramla yad etməli, qəlbimizdə yaşatmalıyıq. Şəhidlər bizim örnəyimiz, ölməzliyimizdir.

Vətən müharibəsindən sonra Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı göstərilməsi, sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə  fərman və sərəncamlar imzalanmış, Birinci vitse-prezident  Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları tərəfindən bu qəbildən olan insanların problemlərinin  həlli istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilmişdir.

Həmçinin, müharibə başlanan andan ədliyyə işçiləri də döyüşlərdə iştirak etməklə ordumuzla həmrəylik nümayiş etdirmiş, hərbçilərimizə, yaralananlara və şəhid ailələrinə öz dəstəyini göstərmişlər. Ədliyyə Nazirliyinin işçiləri tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna və "YAŞAT" Fonduna əmək haqlarından könüllü vəsaitlər köçürülmüş, nazirlik tərəfindən döyüşlərdə iştirak etmiş əməkdaşların, o cümlədən şəhid ailələrinin qayğıları, onların problemləri daim diqqətdə saxlanılmaqla zəruri köməklik göstərilmişdir.

Torpaqlarımızın azad olunması uğrunda aparılan müharibədə könüllü olaraq fədakarcasına iştirak edən Ədliyyə Nazirliyinin əməkdaşı Ruhin Xəlilov da Qubadlı rayonu ətrafında gedən döyüşlərdə mərdlik və şücaət göstərərək oktyabrın 21-də şəhid olmuşdur.

Biz, ədliyyə işçiləri Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən müharibəsi şəhidlərinin ruhu qarşısında baş əyir və ehtiramla yad edirik.

Cavad HƏSƏNOV,  

Bələdiyyələrlə iş mərkəzinin

İnzibati nəzarət idarəsinin məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu.