Qəhrəman komandir
Sosial həyat

Qəhrəman komandir

Azərbaycanın 30 ilə yaxın bir müddət ərzində erməni işğalında olan torpaqlarının azadlığı uğrunda 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz sərkərdəliyi və qətiyyəti ilə cəmi 44 günə əzəli və əbədi yurd yerlərimiz erməni vandallarından azad edildi, düşmənin "yenilməz" ordusu və hərbi texnikası demək olar ki, tamamilə məhv olundu, qalan hərbi sursatlar isə "qənimət" kimi ələ keçirildi. Tariximizə qızıl hərflərlə yazılmış bu şanlı qələbənin qazanılmasında igid Vətən övladlarının qəhrəmanlıqları, onların torpaqlarımızın azadlığı uğrunda canlarından belə keçərək döyüşə atılmaları əsas rol oynadı və qələbəmizi şərtləndirdi. Bu döyüşlərdə minlərlə oğullarımız qazi oldu, müqəddəs şəhidlik zirvəsinə yüksəldilər. Onlar öz adlarını əbədi olaraq xalqımızın qəlbinə, tariximizin yaddaşına həkk etdilər. Vətən torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə müqəddəs şəhidlik zirvəsinə ucalan mərd oğullarımızdan biri də Həmid Cəfərlidir.

Kapitan Cəfərli Həmid Kərim oğlu 1990-cı il avqust ayının 1-də Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri, Xətai rayonu 88 saylı orta məktəbin birinci sinfinə gedib və 8-ci sinfə qədər bu məktəbdə təhsil alıb. Onun arzusu zabit olub, xalqına şərəflə xidmət etmək idi. Elə bu arzu ilə 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olan Həmid 2007-ci ildə liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. 2011-ci ildə həmin məktəbi "Qoşun Kəşfiyyatı" ixtisası üzrə bitirib, leytenant rütbəsi alıb. Daha sonra Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinə Zabit ixtisas kursuna göndərilib.

Leytenant Həmid Cəfərli 2011-2012-ci illərdə SQ TTM-də kəşfiyyatçı taqım komandiri kursunu bitirib. O, 2012-ci ildən "N" saylı hərbi hissənin Kəşfiyyat Bölüyünün Taqım komandiri vəzifəsinə təyin olunub. 2013-cü ildə hərbi hissə komandiri tərəfindən döyüş və ictimai hazırlıqda nizam-intizamında yüksək nailiyyətlər əldə etdiyinə görə Fəxri fərman və Silahlı Qüvvələrin yaranmasının 95 illik yubiley medalı ilə təltif olunub və baş leytenant hərbi rütbəsi alıb. Özünü peşəkar, nümunəvi hərbçi kimi göstərən Həmid Cəfərli 2015-ci ildə isə Qazax rayonundakı "N" saylı hərbi hissədə kəşfiyyat bölük komandiri vəzifəsinə təyin edilib. Dəfələrlə düşmənin yerləşdiyi ərazilərə kəşfiyyat qrupları aparıb və əsirlər gətirib. 2016-cı ildə göstərdiyi xüsusi xidmətlərə görə vaxtından əvvəl kapitan hərbi rütbəsinə layiq görülüb. 2017-ci ildə isə Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəyə komandir müavini vəzifəsinə təyin olunub.

Həmid Cəfərli 3-cü dərəcəli "Qüsursuz xidmətlərinə görə" və Silahlı Qüvvələrin 100 illik yubiley medalları ilə təltif edilib. 2019-cu ildə isə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmətini davam etdirib.

2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində ön xətdə döyüşüb və Cəbrayıl istiqamətində düşmənin müdafiə səddini yararaq işğal altında olan torpaqlarımızın geri qaytarılmasında qəhrəmanlıqla vuruşub. Cəbrayıl yüksəkliklərinin işğaldan azad edilməsi uğrunda döyüşüb və Nüzgar kəndinə Azərbaycan bayrağını sancıb. Füzuli rayonunun bir neçə kənd və yüksəkliklərinin işğaldan azad edilməsində iştirak edərək döyüş zamanı iki gün şəxsi heyəti ilə mühasirədə qalıb.

2020-ci il oktyabr ayının 2-də Həmid Tovuz rayonunda yerləşən hərbi hissədə yüksək vəzifəyə təyin olunsa da, o,"müharibə qurtarandan sonra gedərəm" - deyib. Həmid döyüşçü dostlarına deyirmiş ki, "Müharibədən sağ-salamat çıxsam, mütləq kitab yazacağam". Özünə şəhidlik zirvəsi arzulayan Həmid 27 sentyabrda dostuna yazıbmış: "Xoş o adamın halına ki, ona Şəhidlik nəsib olur".

Həmid 5 oktyabr 2020-ci ildə Füzuli rayonunun Pirəhmədli kəndi uğrunda gedən qeyri-bərabər döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Bakıda 2-ci Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra şəhid kapitan Həmid Kərim oğlu Cəfərli Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə ", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ailəli idi. Oğulları Cabbar, Hüseyn və qızı Zeynəb ondan Vətənə yadigar qalıb.

Əli SADIQOV,

"Respublika".