Qədim yurd yerlərimiz gözəlləşir
Digər xəbərlər

Qədim yurd yerlərimiz gözəlləşir

Xalqımız tamamilə dağıdılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur

Bütün dünya bir daha şahidi olacaq ki, Azərbaycan xalqı qurub yaradan və qəhrəman xalqdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçın və Kəlbəcərdə quruculuq işləri gedir. Kəlbəcər şəhərində Zəfər və İşğal muzeylərinin təməli qoyulub. Və azad edilmiş bütün şəhərlərimizdə bu muzeylər inşa ediləcək.

Kəlbəcər-Laçın zonası iqlim və relyef baxımından ən çətin bölgədir və bu rayonlarımızın inkişafı ilə bağlı lazımi tədbirlər görülür. Mənfur qonşu tərəfindən dağıdılan 30-dan çox su elektrik stansiyalarından bəziləri bərpa olunub istifadəyə verilmişdir. Bu, bizim gücümüzün və siyasətimizin göstəricisidir.

Bu gün Laçın və Kəlbəcərdə 10-dan çox tunel inşa edilir ki, onların da ən böyüyünün uzunluğu təxminən 12 kilometrdir. Dövlət başçımız bildirmişdir ki, tunellərin sayı gələcəkdə daha da arta bilər.

2025-ci ildə Laçın rayonunda beynəlxalq hava limanının açılacağına ümidvar olduğunu bildirən Azərbaycan Prezidenti deyib ki, bu, gediş-gəlişi daha rahat edəcək.

2022-ci il 26 avqustda Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycanın nəzarəti altına keçib. Həmin gündən etibarən həmin ərazilərdə mina və digər partlayıcıların zərərsizləşdirilməsinə başlanılıb.

Prezident İlham Əliyevin rəhbər keyfiyyətləri və yürütdüyü siyasətin nəticəsində bu gün torpaqlarımız işğaldan azad olunmuş və ərazi bütövlüyümüz bərpa edilmişdir. 44 günlük müharibə sonunda füsunkar Şuşa, əsrarəngiz gözəlliyə malik Laçın və digər ərazilərimiz yenidən qurulur. Bu uğur Müzəffər Ali Baş Komandan və xalqımızın igid oğullarının gücünün nəticəsidir.

Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1 dekabr 2020-ci il tarixində xalqa müraciətində Laçın rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu vurğuladı və bu münasibətlə bütün Azərbaycan xalqını və o cümlədən laçınlıları təbrik etdi.

Prezidentimiz öz çıxışında bildirmişdi ki, vaxtilə məşhur olan İstisu sanatoriyası yenidən bərpa ediləcək, mineral su Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək. Prezident İlham Əliyev Laçına budəfəki səfərində söyləmişdir: "Keçən il burada bu dağıntılarla tanış oldum və göstəriş verdim ki, bu yerdə - İstisu qəsəbəsində yeni mehmanxana inşa edilsin və müalicə mərkəzi yaradılsın. Bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq. Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünki İstisu sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz - bu torpaqların sahibləri vaxtilə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik, o cümlədən Kəlbəcər rayonunda, Laçın rayonunda böyük quruculuq işləri gedir".

Kəlbəcər və Laçın rayonları mühüm coğrafi mövqeyə malikdir. Buna görə də həyata keçirilən yenidənqurma işləri strateji mövqelərimizi daha da möhkəmləndirəcək.

Mürəkkəb relyefə, dərin dərələrə və yüksək dağlara malik torpaqlarımızda böyük infrastruktur layihələri icra etmək çox qürurvericidir. 44 günlük müharibədə məhz Laçın və Kəlbəcərin genişmiqyaslı döyüşlər aparılmadan düşmən tapdağından azad edilməsi hərb və diplomatik qələbəmiz idi.

Kəlbəcər və Laçın rayonlarında yarımstansiya fəaliyyətə başladı və Prezident su elektrik stansiyasının tikintisi ilə tanış oldu. Statistikaya görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür.

Ulu öndər Heydər Əliyevin belə bir fikrini xatırlamaq yerinə düşərdi: "Kəlbəcər Azərbaycanın çox dəyərli bir guşəsidir. Həm təbiətinə, dağlarına, meşələrinə, çaylarına, bulaqlarına, qayalarına, həm də orada olan qiymətli yeraltı sularına, mərmər yataqlarına görə çox qiymətli bir yerdir. O vaxtlar, keçmişdə Kəlbəcərin inkişafı üçün çox səylər göstərmişdik, İstisuda böyük komplekslər tikilmişdi. Bu, neçə-neçə nəsillərin yaratdıqları abidələr, yaşayış binaları idi".

Laçının Qorçu kəndində inşası həyata keçirilən beynəlxalq hava limanı layihəsi əsl memarlıq möcüzəsidir. Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bir sözlə, qədim yurd yerlərimiz yenidən qurulur və gözəlləşir.

Röya RÜSTƏMLİ,

''Respublika''.