Qədim alban qəbiristanlığı
Tarix

Qədim alban qəbiristanlığı

Qafqaz Albaniyasının ən böyük şəhərlərindən biri Xalxal şəhəri olmuşdur. Ərəb tarixçisi Həmdulla Qəzvininin yazdığı məlumata görə Xalxal şəhəri Bakıdan 96 fərsəx məsafədədir. Müəllifin şəhərin yeri ilə bağlı təsvirində də məhz Avey dağı ərazisindən söhbət gedir.

Mütəxəssislərin bəzisi Xalxal şəhərinin Yuxarı Əskiparanın yerində, bəzisi Təpədöy çayı ilə dəli Kürün qovuşduğu yerdə, bəzisi isə Qızıl qaya ətrafında yerləşdiyini iddia edir. Bu ərazilərin üçü də Qazax diyarındadır və üçündə də füsunkar yaşayış məntəqəsinin qalıqları vardır.

Avey dağı ərazisindəki şəhər şərqdən gələn yolun girəcəyində "Qollu qaya" deyilən qalxanın üstündə yerləşib. Deyilənlərə görə, şəhər - qalanın həndəvərlərində gözətçi məntəqələri və bu məntəqələri birləşdirən yeraltı yollar mövcud imiş. Xarabalıqlarda aparılmış qazıntılar zamanı xırman və dəyirman yerləri müəyyənləşdirilmiş, hamam, bazar, yaşayış evi və feodal qəsrlərinin qalıqları tapılmışdır. Şəhər qalanın iç üzündə albanca yazıları olan qəbir daşları, həmçinin tikililərdən düşmüş daşların qalıqları aşkar edilmişdir. Çox təəssüf ki, qonşu ermənilər müxtəlif bəhanələrlə həmin daşları və burada tapılan antik əşyaları da ələ keçirib aparmışlar.

Xalxal şəhərinin qərb tərəfindəki böyük əraziyə yayılmış qədim qəbiristanlıq da elə bu şəhərə aiddir.Yerli əhali arasında oraya "Gavur qəbiristanlığı" deyilir və bu qəbiristanlıq 1265 inventar nömrəsi ilə "Azərbaycan Respublikasi ərazisində dövlət mühafizəsinə götürülmüş daşinmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsü" kitabına salınmışdır.

Xalxal şəhəri antik və orta əsrlər dövrünə aid edilən ölkə əhəmiyyətli arxeoloji abidədir. VI-VIII əsrə aid olan abidə 1987-ci ildə aşkar olunmuşdur.

Onun cənub hissəsindəki qəbir daşları əsasən xaçsızdır, lakin oradakı bəzi daşlarda tək-tək xaçlara da rast gəlinir. Şimal tərəfdəki daşların isə üzərində xaç işarəsi vardır, hətta buradakı başdaşıları da xaç formasında düzəldilmişdir. Bu xaçların qollarının bir növ bərabər olması albanların günəşə sitayişindən xəbər verir. Avey məbədinin otağındakı tavanın mərkəzindəki bağlama daşında da bu cür alban xaçı vardır.

Bu qəbir daşına oxşar digər bir qəbir daşı Avey Dövlət Tarix-Mədəniyyət qoruğunun Göyəzən filialının ərazisində Göyəzən dağı ətəyində aşkar edilmişdir. Göyəzən dağının ətəyində tapılmış qəbir abidəsi ilə bağlı AMEA-nın Memarlıq və İncəsənət İnstitutuna ünvanlanan məktuba əsasən həmin institutdan göndərilən nümayəndə tərəfindən abidəyə baxış keçirilmişdir. Daha sonra bu qəbirdaşının albanlara məxsusluğu haqqında institut tərəfindən rəsmi rəy verilmişdir. Göndərilən rəyə əsasən qəbir daşının üzərindəki həndəsi ornamentlərlə əhatə olunmuş xaç təsvirindən ibarət kompozisiyanın Azərbaycan ərazisində mövcud olan digər alban qəbir daşları üzərindəki bədii kompozisiyalarla həm dini simvol və dekor mahiyyəti daşıyan zəngin təsvir elementlərinə (hətta oxşar elementlər "Avey" məbədinin eksteryerində daş-divar səthində mövcuddur), həm də yonulma xüsusiyyətlərinə görə eyniliyi vardır. Xaçın qollarındakı üç ləçək "Humay" ilahəsinə aid olmaqla oğuz türklərinə mənsubdur. Digər tərəfdən, qəbirüstü daşın V-VII əsrlərdə inşa olunmuş möhtəşəm "Avey" alban məbədinə bilavasitə yaxın olan bir ərazidə tapılması onun məhz ilk orta əsrlər dövrünə məxsus alban qəbrinə aid olmasını söyləməyə daha çox əsas verir. Həm Xalxal şəhəri ərazisində qəbirlərin, həm də bu qəbir abidəsinin eyniliyi bu ərazilərin kompleks yaşayış məskəni olduğunu bir daha sübut edir.

Xeyransa QOCAYEVA,

"Avey" Dövlət Tarix-Mədəniyyət

Qoruğunun elmi işçisi.