QƏBUL İMTAHANLARINDA YÜKSƏK NƏTİCƏ GÖSTƏRMİŞ GƏNCLƏRLƏ GÖRÜŞ
Elm və təhsil

QƏBUL İMTAHANLARINDA YÜKSƏK NƏTİCƏ GÖSTƏRMİŞ GƏNCLƏRLƏ GÖRÜŞ

Bu il Lerik rayonunun ümumtəhsil məktəblərini 404 nəfər bitirib. Məzunlardan 143-ü tələbə adını qazanıb. Qəbul imtahanlarında 17 məzun 500 baldan yuxarı nəticəyə nail olub. Rvarud kənd tam orta məktəbinin yetirməsi Şahin Qurbanov 618,2 balla, Bülüdül kənd tam orta məktəbinin məzunu Lətifə Bayramova isə 604 balla tələbə adına layiq görülərək rayon üzrə ən yüksək nəticə qazanıblar.

Lerik Rayon İcra Hakimiyyətində yüksək balla ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçirilib. Görüşdə icra başçısı Əkbər Abbasov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun ümumtəhsil məktəblərinin direktorları və tələbə adını qazanmış gənclər iştirak ediblər.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə təhsilin inkişafına yüksək qayğı göstərdiyini, Azərbaycan Prezidenti cənab İlham Əliyevin misilsiz qayğısı sayəsində təhsil strategiyasının uğurla həyata keçirildiyini, ölkə təhsilinin dünya təhsil sisteminə sürətlə inteqrasiya olunduğunu diqqətə çatdırıb.

Lerik rayonunda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirildiyini, təhsil sahəsində islahatların ardıcıl şəkildə həyata keçirildiyini vurğulayan icra başçısı tələbələri, onların valideynlərini və müəllimlərini təbrik edib. İmtahanlardan 500-dən yuxarı bal toplayan gənclər arasında qızların sayının artdığını müsbət hal kimi qiymətləndirib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, A.Nuriyev adına Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyi gümüş medalla bitirərək, 593 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunmuş Aysun Hüseynzadə, Veri kənd tam orta məktəbinin məzunu, 515 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-informatika fakültəsinin tələbəsi adını qazanmış Seyidəli Əliyev görüşdə çıxış edib ölkəmizdə gənclərin beynəlxalq standartlara uyğun təhsil alması üçün yaradılan şəraitdən razılıqlarını, göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov gənclərə ali məktəblərdə yaxşı oxumağı, bilikli, savadlı, bacarıqlı kadr kimi formalaşıb müstəqil Azərbaycanın inkişafına, tərəqqisinə layiqli töhfələr verməyi arzulayıb.

Görüşdə tələbələrə rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və qiymətli hədiyyələr təqdim edilib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".