Qəbul imtahanlarında yüksək bal toplayanlarla görüş
Elm və təhsil

Qəbul imtahanlarında yüksək bal toplayanlarla görüş

İmişli rayonunda Heydər Əliyev Mərkəzində 2021-2022-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirildi.

Görüşdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Rayon Təhsil Sektorunun müdiri Vahid Tağıyev, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və valideynlər iştirak ediblər.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tələbə adını qazanan bütün məzunları təbrik edərək onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etmələrini arzuladı. Rayon rəhbəri təhsilin inkişafına göstərilən dövlət qayğısı və bu sahədə əldə edilən uğurları qeyd edərək bildirdi ki, təhsilin inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün ümumtəhsil məktəblərini bitirən məzunlarımız buraxılış imtahanlarında yüksək nəticələr əldə edirlər.

İmişli Rayon Təhsil Sektorunun müdiri Vahid Tağıyev çıxışında bildirdi ki, builki tədris ilində rayon üzrə XI sinfi bitirərək attestat almış 968 nəfər məzundan 335 nəfər tələbə adını qazanaraq respublikamızın müxtəlif ali təhsil ocaqlarına qəbul olunmuşdur. Şəhər 7 saylı, Oruclu, Qızılkənd, Qaraqaşlı, Xəlfəli kənd tam orta məktəblərin məzunları fərqlənmə attestatına layiq görülmüşdür. Bu il rayon abituriyentlərinin 10 nəfəri 600-dən çox, 33 nəfər 500-600 arası, 59 nəfər 400-dən yuxarı bal toplamışdır. Ən yüksək nəticəni isə 672 balla Qərəvəlli kənd tam orta məktəbin məzunu İmran Zahidzadə göstərib.

Tədbirdə çıxış edənlər yüksək bal toplayaraq tələbə adını qazanmış məzunların bundan sonra da daha fəal çalışaraq Azərbaycanımızın adını daim zirvəyə qaldıracaqlarını bildirdilər. Tədbirin sonunda ali məktəbə qəbul olan tələbələrə rayon icra hakimiyyəti tərəfindən Fəxri fərmanlar təqdim olundu.

Ərəstun ABDULOV,

"Respublika".