Qəbələ rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Qəbələ rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb

Feysbuk sosial şəbəkəsindəki "Ecofront" adlı səhifədə Qəbələ rayonunun Məmmədağalı kəndində ağacların qanunsuz kəsilməsinə dair yerləşdirilən məlumatlarla əlaqədar Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Yenikənd meşəbəyliyinin 11 saylı dolayının vəzifəli şəxslərinin Məmmədağalı kəndi ərazisində bioloji inkişafda olmuş meşə fonduna daxil olan müxtəlif cinsli və diametrli 55 ağacın qanunsuz kəsilməsi nəticəsində 11 min manat məbləğində ziyan dəyməsinin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına səbəb olduğu müəyyənləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması üçün Qəbələ Rayon Prokurorluğuna göndərilib.

AZƏRTAC