Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi
Elm və təhsil

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Turizmin və kənd təsərrüfatının inkişafına dəstək olan ünvan

Son onilliklərin inkişaf xəritəsində layiqli yeri olan regionlardan biri də Qəbələdir. Əmək bazarının durmadan inkişaf etdiyi Qəbələ həm də ölkəmizin güclü inkişaf etmiş aqrar və turizm bölgəsidir. Öz əsrarəngiz təbiət gözəlliyi ilə sosial-iqtisadi cəhətdən yüksək inkişaf pilləsini fəth etmiş rayonun şöhrət çələngində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin də öz payı, öz dəst-xətti var. Gənc mütəxəssis Qalib Nəbiyevin rəhbərlik etdiyi bu mərkəz qısa zamanda nəinki rayonda, bütün Azərbaycanda turizmin və kənd təsərrüfatının inkişafına dəstək olan ünvan kimi tanınıb. Mərkəzin direktoru bizimlə söhbət zamanı bu fikrə aydınlıq gətirərək demişdir:

"Qəbələ Peşə Məktəbinin və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin bazasında yaradılan "Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi" publik hüquqi şəxs statusuna 2021-ci ildən yiyələnib. Mərkəzin ixtiyarında 6 hektar tədris-istehsalat sahəsi, zəngin təlim-texniki vasitələrlə təmin olunmuş 70 auditoriya, fənn kabinetləri, laboratoriya və tədris emalatxanaları, 155 yerlik konfrans zalı, zəngin kitabxana, 80 yerlik yataqxana, tələbə və müəllim yeməkxanası, kompüter informasiya mərkəzi, Təhsil Nazirliyi tərəfindən verilmiş kənd təsərrüfatı texnikaları, qaynaq qurğuları, iaşə avadanlıqları var.

Mərkəzdə 2021/2022-ci tədris ilində ilk dəfə olaraq yüksək texniki peşə təhsil səviyyəsinin tədrisi aparılır. Peşə təhsil pilləsinin ən yüksək səviyyəsi olmaqla subbakalavr ixtisas dərəcəsi üzrə kadr hazırlığını nəzərdə tutan bu təhsil səviyyəsi müxtəlif texnologiya və texniki proseslərin tətbiqi, uyğunlaşdırılması və optimallaşdırılması üzrə işləri icra edəcək nəzəri və praktiki bacarıqlara sahib kadrların hazırlanmasını həyata keçirir, peşə təhsili ilə ali təhsil pilləsi arasında keçid imkanlarını təmin edir.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında peşə təhsili sahəsində əməkdaşlığa dair imzalanan dövlətlərarası protokola istinadən ölkəmizdə 2 yeni peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulur ki, bu müəssisələrdən birinin turizm və xidmət sahəsi üzrə Qəbələ şəhərində yaradılması üçün müvafiq işlərə artıq start verilib.

Mərkəzdə yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verilir. Belə ki, Avropa İttifaqının maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra edilən "Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində dualabənzər peşə təhsili və təlimi pilotlarının yaradılması" layihəsi çərçivəsində mərkəzimizdə keçirilən görüşdə cəmiyyətin nümayəndələri, koordinasiya şurasının üzvləri, işəgötürən şirkətlərin nümayəndələri dual peşə təhsili elementlərinin tətbiqi ilə bağlı əməkdaşlıq təcrübələrini bölüşmüşlər. Görüş iştirakçıları dual peşə təhsilinin tətbiqi üçün hüquqi bazanın formalaşdırılması, özəl sektor nümayəndələri ilə, həmçinin maraqlı tərəflərlə əməkdaşlıq strukturlarının gücləndirilməsi, iş yerində təlimlərin keçirilməsi istiqamətində müzakirələr aparmışlar.

Türkiyənin ANKARA / ÇANKAYA - Çankaya İMKB Mesleki ve Teknik Anadolu Lisesi arasında imzalanan "Qardaşlaşma sazişi" çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin həm tələbələri, həm də gənc müəllimləri ANKARA / ÇANKAYA - Çankaya İMKB Mesleki ve Teknik Anadolu Lisesində turizm sahəsi üzrə ixtisaslara yiyələnmək, ticarət və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsi imkanı qazanacaqlar.

Mərkəzimiz ilə "Qafqaz-Qəbələ" MMC, "Tufandağ" Qış Yay Turizm Kompleksi MMC, "Qəbələnd" MMC və Qəbələ Dövlət Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanmış və yeni layihələr həyata keçirilmişdir.

Qeyd edim ki, əməkdaşlıq çərçivəsində mərkəzdə mövcud olan müvafiq istiqamətlər üzrə təhsilalanların təcrübə proqramlarında iştirak etməsi, razılaşdırılmış cari və yeni istiqamətlər üzrə təlim proqramlarının təşkili və bacarıqlarının qiymətləndirilməsi, eləcə də təcrübə proqramlarında iştirakı, təhsilalanların işlə təmin olunması nəzərdə tutulmuşdur.

Haqqında söhbət açdığımız mərkəz regionda aqrar və turizm sahələri üzrə kadr hazırlığı ilə yanaşı, işsizliyin aradan qaldırılmasında da rol oynayır. Bu istiqamətdə Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOB Azərbaycan / SMB Azerbaijan) və Gabala Hospitality Group ilə birgə əməkdaşlığı çərçivəsində "Karyera və iş yarmarkası" keçirilməsi təmin edilir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən həyata keçirilən "Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda PTT Mərkəzlərinin inkişafı" layihəsi çərçivəsində işəgötürənlərlə dəyirmi masa təşkil edilib və orada mərkəzin tərəfdaş olduğu 30-dək biznes müəssisəsinin iştirakı təmin olunub.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOB Azərbaycan / SMB Azerbaijan), "Marsol" MMC-nin birgə təşkilatçılığı ilə 30 sahibkar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olmuş, əməkdaşlıq istiqamətində müzakirələr aparmışlar. Yerli biznes tərəfdaşlığının inkişaf etdirilməsi, əmək bazarının tələblərinə uyğun peşə ixtisaslarının açılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində aparılan müzakirələr artıq səmərəsini verir.

Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası ilə birgə peşə təhsil müəssisələrində aşpaz və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisaslarına uyğun təhsil alacaq tələbələrin Turizm Sahəsində Dual Təhsil Proqramına start verilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual təhsil proqramına tələbə qəbulu üzrə müsahibələr həyata keçirilib.

Mərkəzin QHT-lərlə də əməkdaşlığına önəm verilir. Belə ki, Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ)-nın təşkilatçılığı ilə Azərbaycanda əlilliyi olan şəxslər üçün bərabər məşğulluq imkanlarının və işəgötürən təşkilatlarda inklüziv iş mühitinin yaradılmasının təşviqinə dair "Hamı üçün layiqli iş" layihəsi çərçivəsində bölgədə əlilliyi olan şəxslər və şirkət nümayəndələri üçün "Özəl şirkətlərdə əlilliyi olan şəxslərə müyəssər mühitin yaradılması ilə məşğulluğunun təmin olunmasına dəstək" mövzusunda təlimlər keçirilib.

Əlilliyi olan şəxslərin peşə təhsilinə cəlb olunmasını təmin etmək üçün əməkdaşlıq məsələləri müzakirə olunub və bunun üçün mərkəz ilə Əlil Təşkilatları İttifaqı arasında Memorandumun bağlanması qərara alınıb.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tələbələrin yüksək vətənpərvərlik ruhunda tərbiyəsinə də xüsusi diqqət yetirilir. Vətən müharibəsi qaziləri, iştirakçıları ilə görüşlər həyata keçirilir.

Mərkəzimizdən 1 nəfəri müəllim, 21 nəfəri tələbə olmaqla, ümumilikdə 22 nəfər Vətən müharibəsində iştirak etmiş, onlardan Coşqun Bayramov döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətində daim innovasiyaların tətbiqinə xüsusi əhəmiyyət verilir, tələbələrin nəzəri və praktiki biliklərinin artırılmasına, təhsilin keyfiyyətli tədrisinə yüksək qayğı göstərilir. Bütün bunlara görə də mərkəzimiz nəinki rayonda, eləcə də regionda kənd təsərrüfatının və turizmin inkişafına dəstək olan ən etibarlı ünvan kimi tanınır".

Söhbəti qələmə aldı:

Rasim AMANOV,

"Respublika".