QDİƏT PM-in onlayn formatda iclası keçirilib
Digər xəbərlər

QDİƏT PM-in onlayn formatda iclası keçirilib

Oktyabrın 13-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin onlayn formatda 59-cu iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə QDİƏT PM-dəki Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, qurumun Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Musa Quliyev, komitənin üzvü Ramin Məmmədov, QDİƏT PM-in Baş katibi Asəf Hacıyev və digər üzv ölkələrin parlamentariləri iştirak ediblər.

Komitə sədri Musa Quliyevin moderatorluğu ilə keçən iclasda əvvəlcə komitənin 58-ci toplantısının protokolu təsdiqlənib, təşkilatın cari işləri və qarşıdakı tədbirləri barədə məlumat verilib. Sonra komitənin üzvü deputat Ramin Məmmədov "QDİƏT ölkələrində qaçqın böhranının sosial nəticələri" mövzusunda məruzəni təqdim edib.

İclas iştirakçıları məruzəni və məruzə üzrə komitənin tövsiyələrini təsdiqləyib, qurumun cari fəaliyyətini və gündəlikdəki digər məsələləri nəzərdən keçirib, müvafiq qərarlar qəbul ediblər. Komitənin növbəti iclasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.

AZƏRTAC