Qazi və şəhidlərimizə xüsusi ehtiram
Sosial həyat

Qazi və şəhidlərimizə xüsusi ehtiram

Vətən müharibəsi Azərbaycanın qədim və şərəfli tarixinə qızıl hərflərlə yazıldı. Otuz il işğal altında qalan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində 44 gün ərzində mənfur düşmən tapdağından azad edildi.

İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bu gün harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları qürurlandırır, xalqımıza bu sevinci yaşadan ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna dərin minnətdarlıq hissini ifadə edir.

44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsinə ehtiram olaraq İstanbulda silsilə anım tədbirləri keçirilib. Ölkəmizin İstanbuldakı Baş konsulluğunun təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki qardaş ölkənin Dövlət Himnləri səsləndirilib.

Tədbir çərçivəsində Vətən müharibəsinin görüntülərini əks etdirən fotolardan ibarət sərgi təşkil olunub. Anım mərasimində həmyerlimiz Səidə Ömər, Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən olan Zəfərimiz barədə məlumat verib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə qazanılmış tarixi Qələbə, aparılan ardıcıl siyasi və diplomatik fəaliyyət, xalqımızın nümayiş etdirdiyi həmrəylik, döyüş meydanında şücaət göstərmiş qəhrəman şəhidlərimiz və qazilərimiz haqqında danışıb.

Ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, tarixə 44 günlük Vətən müharibəsi adı ilə yazılan İkinci Qarabağ müharibəsindən, şəhidlərimizin qəhrəmanlıqlarından danışıb. Vətən müharibəsinin, bizim şanlı tariximizin ən parlaq səhifəsi olduğunu vurğulayıb.

Qeyd edib ki, təqribən 30 il əvvəl o torpaqlardan ayaqyalın çıxan insanlar, indi öz yurd-yuvalarına geri dönürlər. Bu Zəfərə görə başda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev olmaqla, şanlı Ordumuz və Azərbaycan-Türkiyə xalqlarının qardaşlığına borcluyuq. Müharibə dövründə bütün türk xalqı Azərbaycana inanılmaz dəstək nümayiş etdirdi. Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edən Nərminə Mustafayeva , bunun daim hökumətimizin və xalqımızın yaddaşında qalacağını bildirib. Baş konsul, savaş dövründə iki ölkə arasındakı həmrəyliyin bütün dünyaya nümunə olduğunu vurğulayıb.

Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşı Murat Taner Azərbaycanın Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdığını deyib: “Türkiyə bu savaşda taleyini taleyi, canını canı bilən azərbaycanlı qardaşlarının yanında oldu, onlarla birgə sevindi. Bu gün şanlı Azərbaycan bayrağı Qarabağda dalğalanırsa, bu yolda qəhrəman Azərbaycan oğullarının canı, qanı var”.

Tədbirdə Türkiyədə müalicə alan Vətən müharibəsi qaziləri də iştirak ediblər. Qazilərimiz mərasimdə çıxış edərək tədbirin təşkilinə, dövlətimiz tərəfindən onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə, “YAŞAT” Fonduna, Türkiyə dövləti və qardaş xalqlarımıza təşəkkür ediblər.

***

İstanbulda fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına məktəbin təşəbbüsü ilə Anım Günündə şagirdlər Bağcılar Eğitim və Araşdırma Xəstəxanasında müalicə alan Vətən müharibəsi qazilərini ziyarət ediblər. Soydaşlarımız və müəllim-şagird heyəti qazilərimizə şəfa diləyiblər, şəhidlərimizi ehtiramla yad ediblər. Onların göstərdikləri şücaət və qəhrəmanlığın Azərbaycan gəncləri üçün örnək olduğunu bildiriblər. Məktəbin direktoru Məhsəti Şərif Özyürek və dərnəyin sədri Aygün Həsənoğlu qazilərimizin Vətən sevgisini şagirdlərə nümunə göstəriblər. “Anım Günündə şagirdlərimizə tarixdən danışınca, tarix yazan igidlərlə tanış etmək istədik. Onlar bizə Zəfəri yaşadıblar. Allah qazilərimizə şəfa versin, şəhidlərimizə rəhmət etsin”, - deyə M.Ş.Özyürek vurğulayıb.

Esmira Yazkan ASLANOVA,

 “Respublika” qəzetinin Türkiyə üzrə müxbiri.