Qazaxıstanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini idarə rəhbərlərinin konfransı keçirilib
Türk dünyası

Qazaxıstanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini idarə rəhbərlərinin konfransı keçirilib

Qazaxıstanın Türküstan şəhərində "Türk xalqlarının İslam sivilizasiyasına töhfələri" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini idarə rəhbərlərinin qatıldığı beynəlxalq konfransda Türkiyə Diyanət İşləri Başkanı Ali Erbaş, TDT-nın baş katibi Bağdad Amarayev, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Nauryzbay Hacı Tağanulı, Qazaxıstan informasiya və ictimai inkişaf naziri Askar Umarov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Özbəkistan Müsəlmanları İdarəsinin nümayəndəsi və digərlər qonaqlar iştirak edirlər.

Konfrans iştirakçıları əvvəlcə türk dünyasının böyük din xadimi, təsəvvüf fəlsəfəsinin banisi Xoca Əhməd Yəsəvinin məqbərəsini ziyarət ediblər və dualar oxunub.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini idarə rəhbərləri ilə məşvərət zamanı İstanbulda təsis olunmasından sonra Azərbaycanda keçiriləcək növbəti toplantının müzakirəsini aparıblar.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin konfrans iştirakçılarına təbrik məktubunu informasiya və sosial inkişaf naziri Askar Umarov oxuyub. Təbrik məktubunda İslam dininin xeyirxahlıq, mənəviyyat kimi nəcib keyfiyyətləri tərənnüm etdiyini, sülhün, sabitliyin və birliyin möhkəmlənməsinə çağırdığını qeyd edən ölkə başçısı toplantıda iştirak edən din xadimlərinin insanların xeyirxahlıq yoluna çəkilməsi işinə mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.

Konfransda çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, illərlə qəlbimizdə olan birliyimizi təşkilati baxımdan gerçəkləşdirməyimiz böyük mənəvi uğurdur.

Dini liderlərin vəzifəsinin mənəvi birliyimizin qorunması və inkişaf etdirilməsindən ibarət olduğunu bildirən sədr bu müstəvidə türk-islam mənəvi-mədəni irsinin dünya sivilizasiyasına verdiyi töhfələrin təbliğinin böyük önəm kəsb etdiyini vurğulayıb.

Allahşükür Paşazadə Qazaxıstan torpağında - türk dünyasının mədəni və mənəvi mərkəzinə çevrilən Türküstanda gerçəkləşdirilən bu məramın XIV əsrin sonlarında məzarı üzərində möhtəşəm məqbərə kompleksi ucaldılmış böyük din xadimi, təsəvvüf fəlsəfəsinin banisi, müasirləri və xələfləri arasında "piri Türküstan" və "həzrət-i Türküstan" adlandırılan, Orta Asiyadan Anadoluya qədər regionda geniş yayılan "Divani Hikmət" adlı fəlsəfi-mənəvi şeirlər toplusunun müəllifi Xoca Əhməd Yəsəvi irsi ilə şöhrət qazanmış Türküstan şəhərinin hər kəsin qəlbində özəl yeri olduğunu da qeyd edib.

QMİ sədri Azərbaycan xalqının 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun rəşadəti sayəsində 30 illik işğala son qoyulduğunu bildirib. O, işğal dövründə Ermənistanın Azərbaycana qarşı təkcə etnik təmizləmə, soyqırımı deyil, ölkəmizin Türk-İslam mədəni və mənəvi irsinə qarşı təcavüz siyasəti yeritdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycanın Qarabağ torpaqlarında ümumislam əhəmiyyətli mədəni-mənəvi irsi abidələrinə qarşı vandalizm aktları, həqarətlər törədilib və dövlət rəhbərimizin qətiyyətli siyasi iradəsi ilə hazırda qalib Azərbaycan dövləti milli-mənəvi abidələrimizi bərpa edir, yenidənqurma işləri həyata keçirir. 2023-cü il Şuşa şəhərinin Türk dünyası Mədəniyyət Paytaxtı elan edilməsi buradakı türk-İslam mədəniyyətinə məxsus tarixi abidələrin dünyada tanıdılmasına öz töhfəsini verəcək.

Konfransda çıxış edən Türküstan rayonunun rəhbəri Umirzak Şukeyev bu görüşün əhəmiyyətindən söz açıb.

İclas iştirakçıları dini təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi, qlobal çağırışlara cavab verməkdə müsəlman ümmətinin həmrəyliyinin artırılması məsələlərini müzakirə ediblər. Tərəflər dini bayramların eyni gündə keçirilməsi, ümumi yığıncaqların qəbulu, destruktiv dini cərəyanların mənfi təbliğatının qarşısının alınması ilə bağlı razılığa gəliblər.

AZƏRTAC