Qazaxıstan şirkətləri azad edilmiş ərazilərimizin bərpasında iştirakda maraqlıdır
İQTİSADİYYAT

Qazaxıstan şirkətləri azad edilmiş ərazilərimizin bərpasında iştirakda maraqlıdır

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə M.Cabbarov ölkəmizin Qazaxıstanla əlaqələrinin yüksək səviyyədə olduğunu, müxtəlif iqtisadi sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb, qarşılıqlı iqtisadi münasibətlərin daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə edib. Nazir bildirib ki, hazırda tərəflər arasında iqtisadi əməkdaşlığın inkişafını ehtiva edən bir sıra sənədlər müzakirə olunur, qarşılıqlı ticarətin genişləndirilməsi istiqamətində iş aparılır. 2021-ci ilin mayında Qazaxıstanın Nur-Sultan şəhərində açılmış Azərbaycan Ticarət Evi bu sahədə əlverişli mexanizmdir. Bununla yanaşı, ixrac missiyalarının və işgüzar görüşlərin davam etdirilməsi ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətlidir.

M.Cabbarov qeyd edib ki, ölkələrimiz arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. Qazaxıstandan Azərbaycanın qeyri-neft sektoruna 94 milyon dollar, Azərbaycan tərəfindən isə Qazaxıstanın qeyri-neft sektoruna 203 milyon dollardan çox sərmayə qoyulub. Azərbaycanda sənaye, aqrar, ticarət, xidmət, tikinti və nəqliyyat sahələri üzrə Qazaxıstanın 145 şirkəti qeydiyyatdan keçib.

Görüşdə ticarət, tranzit-logistika, sənaye, kənd təsərrüfatı, turizm və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi üçün böyük potensial qeyd edilib, işğaldan azad edilmiş ərazilərimizin inkişafı konsepsiyası, aparılan bərpa işləri barədə məlumat verilib, Qazaxıstan şirkətlərinin yenidənqurma işlərində iştirak imkanları diqqətə çatdırılıb.

Tərəflər iqtisadi-ticarət əlaqələri, ölkəmizin işğaldan azad olunmuş ərazilərinin bərpası üzrə əməkdaşlıq və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

AZƏRTAC