Qazaxda günəş enerjisi ilə işləyən artezian quyusu
Region

Qazaxda günəş enerjisi ilə işləyən artezian quyusu

Qərb bölgəsində ilk dəfə olaraq günəş enerjisi ilə işləyən artezian quyusu istifadəyə verilib. Bu, Qazaxda əkin və meşə sahələrinin suvarılmasını təmin edəcək. "Qazax rayonunun Bala Çaylı kəndində suvarma qurğularının quraşdırılması" layihəsi Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Avqustun 31-də "Qazax rayonunun Bala Çaylı kəndində suvarma qurğularının quraşdırılması" layihəsi əsasında günəş enerjisi ilə işləyən artezian quyusunun açılışı olub.

Əvvəlcə Yaponiyanın və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, Yaponiya ilə Azərbaycan dostluğunun töhfəsi olan layihənin əhəmiyyətindən söz açıb. R.Göyüşov 54 hektar əkin sahəsinin və 22 hektar meşə zolaqlarının suvarılması üçün nəzərdə tutulan bu suvarma qurğularının 2022-ci il iyulun 27-də istismara verildiyini vurğulayıb. Günəş enerjisi ilə işləyən artezian quyusunun gücünün saatda 25 kubmetr təşkil etdiyini qeyd edib. Artezian quyusunun yay aylarında saat 8-dən 18-ə kimi hər gün 400 ton su vuracağını bildirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Bala Çaylı kəndində günəş enerjisi ilə işləyən artezian quyusunun istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik edib. Qazaxda əhəmiyyətli bir layihənin reallaşmasına görə rayon ictimaiyyəti, ziyalılar adından Yaponiya dövlətinə və səfirinə, layihə rəhbərlərinə minnətdarlığını çatdırıb.

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi çıxış edərək kənd sakinlərini salamlayıb, yeni artezian quyusunun istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırıb, açılış mərasimində iştirak etdiyinə görə məmnunluğunu ifadə edib. Reallaşan layihənin kənd əhalisinin həyatı, su probleminin həlli üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Yaponiya hökumətinin Azərbaycan Respublikasının davamlı inkişafına yönəlmiş əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edən səfir bu günə kimi Qazaxda bu layihə də daxil olmaqla, 5 layihənin icra edildiyini bildirib. 2010-cu ildə rayonun Məzəm kəndində su təchizatı sisteminin tikintisi, 2015-ci ildə Daş Salahlı kəndində, 2018-ci ildə Yuxarı Salahlı, 2021-ci ildə Çaylı kəndində həkim məntəqələrinin tikintisi ilə bağlı layihələrin uğurla icra olunduğunu diqqətə çatdırıb. Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə imzalanmış "Qazax rayonunun Bala Çaylı kəndində suvarma qurğularının quraşdırılması" layihəsinin uğurla icra edilməsindən söz açıb və görülmüş işləri yüksək qiymətləndirib. Bu layihənin Yaponiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq hədiyyəsi kimi yapon xalqından qrant yardımı əsasında reallaşdığını bildirib.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov, Çaylı bələdiyyəsinin sədri Müqabil Pirverdiyev, Qazax Rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin direktoru Möhsüm Məmmədov çıxış edərək Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçiyə, yapon xalqına, əməyi keçən insanlara kənd sakinləri adından minnətdarlıqlarını bildiriblər.

Sonda günəş enerjisi ilə işləyən artezian quyusuna baxış keçirilib.

Vəli VƏLİYEV,

"Respublika".