Qazax: quruculuq işləri davam edir
Region

Qazax: quruculuq işləri davam edir

Respublika Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq ölkəmizin bütün şəhər və rayonlarında son illər genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Paytaxt Bakı ilə yanaşı, ölkəmizin bütün bölgələri gündən-günə inkişaf edir ki, bu inkişafın təməlində də ölkə Prezidentinin rəhbərliyi altında uğurla icra edilən dövlət siyasəti dayanır.

Ölkə başçısının qayğısı sayəsində respublikamızın bölgələrində aparılan abadlıq- quruculuq işləri Qazaxda da geniş miqyas alıb. Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrası yekunlaşmaq üzrədir. Çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilər abadlaşdırılıb, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanıb, səkilərə yeni tamet, bordür düzülüb, qaz, elektrik, rabitə xətləri səliqəyə salınıb. Şəhərdə prospekt və küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətlərində də abadlıq işləri aparılaraq “Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Hazırda Heydər Əliyev prospektində yerləşən və su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan 175 saylı çoxmənzilli yaşayış binasının həyətində yeni asfalt örtüyü vurulur. Eyni zamanda, prospektdə köhnə tamet və bordürlər də sökülərək yenilənir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi başa çatan və yeni asfalt örtüyü vurulan Heydər Əliyev prospekti 175 saylı çoxmənzilli yaşayış binasının həyətində görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb, işlərin keyfiyyəti ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Qazaxda aparılan genişmiqyaslı quruculuq işləri sakinlər tərəfindən də minnətdarlıqla qarşılanır və bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə təşəkkür edirlər.

Qeyd etmək lazımdır ki, şəhərin Heydər Əliyev prospektinə və bir sıra küçələrinə yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1, 2, 3, 49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A, 63, 65,179 saylı, Azadlıq küçəsində yerləşən 31A, 92, 208, 208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14, 25, 27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq “Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Qazaxda abadlıq və quruculuq işləri uğurla davam etdirilir.

V.POLADOĞLU,

“Respublika”.