Qazanılan uğurlar davamlıdır
Digər xəbərlər

Qazanılan uğurlar davamlıdır

Əvvəlki illərdə olduğu kimi, 2022-ci ildə də ulu öndər Heydər Əliyevin ən layiqli siyasi xələfi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin mükəmməl siyasəti və yorulmaz fəaliyyəti, xalqın müdrikliyi və əzmkarlığının vəhdəti sayəsində dövlətimizin hərtərəfli qüdrətlənməsi və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunmuşdur. Belə ki, ötən ildə də bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən planetimizi bürüməklə yer üzərindəki insanların həyat və sağlamlığı üçün ciddi təhlükə törədən koronavirus (COVID-19) pandemiyasına rəğmən, ümummilli liderin Azərbaycanın sürətli inkişaf strategiyasını dövrün tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə reallaşdıran möhtərəm Prezident cənab İlham Əliyevin dühası və sarsılmaz iqtidar-millət birliyi uğurlarımızı şərtləndirmiş, mütəmadi həyata keçirilən çoxşaxəli və ardıcıl islahatlar davam etdirilmiş, qeyri-neft sektorunun inkişafı istiqamətində kompleks stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. Həmçinin, regionların balanslı tərəqqisi təmin olunmuş, lider-xalq-ordu birliyi nəticəsində hərbi və siyasi-diplomatik yolla işğaldan azad edilmiş ərazilərimizdə abadlıq-quruculuq işləri sürətlə aparılmış və eləcə də ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürmüşdür. Dövlətimizin sürətli inkişafı və hərtərəfli qüdrətlənməsi prosesinin ötən il ərzində də uğurla davam etdirilməsi müvafiq göstəricilərlə öz təsdiqini tapmış, bütün sahələrdə qazanılan nailiyyətlər beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında da təqdir olunmuşdur.

Qeyd etmək zəruridir ki, ölkəmizin hərtərəfli qüdrətlənməsində və əldə olunan ardıcıl uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında zəngin biliklərə, dərin düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik, hər bir məqamda möhtərəm Prezidentin yanında olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Onun respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafında xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq səviyyədə geniş təbliği istiqamətində gördüyü əhəmiyyətli işlər dövlətimizin tərəqqisinə və xalqın rifahının yaxşılaşdırılmasına böyük dəstəkdir. Buna görə də, Mehriban xanımın hərtərəfli fəaliyyəti xalq tərəfindən yüksək qiymətləndirilir və geniş qəlbli insan cəmiyyətdə böyükdən-kiçiyə hər kəs tərəfindən sevilir.

Dövlətimizin uğurları təbii olaraq prokurorluq orqanlarına da sirayət etmişdir ki, bu da fəaliyyətin səmərəliliyini şərtləndirmişdir. Ötən illər kimi, 2022-ci il də prokurorluğun, o cümlədən hərbi prokurorluğun mütərəqqi dövrü kimi səciyyələnmişdir. Belə ki, qanunvericiliyin tələblərindən, o cümlədən dövlət başçısının göstərişlərindən və müdrik tövsiyələrindən irəli gələn vəzifələr peşəkarlıqla yerinə yetirilmiş, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyəti yüksəldilmiş, müasir məzmunlu islahat tədbirləri eyni intensivliklə davam etdirilmişdir. Yeni iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılması, həmçinin prokurorluq orqanlarında funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə prokurorluğun sağlam mənəviyyata və yüksək biliklərə malik müasir dünyagörüşlü işçilərlə komplektləşdirilməsi istiqamətində müvafiq işlər görülmüşdür. Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə bu istiqamətdə işlər uğurla davam etdirilir.     

Ötən il hərbi prokurorluq orqanlarının fəaliyyəti uğurlu olmuşdur. Belə ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini- Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, eləcə də vətəndaş məmnunluğunun artırılması istiqamətində mühüm işlər görülmüşdür.

Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99 faizi açılmışdır.

2022-ci ildə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi də təmin edilmiş, vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülmüşdür. Cənab Prezidentin örnək davranışlarından daim ibrət götürməklə, dövlət başçısının məmurla vətəndaş arasındakı münasibətlərlə bağlı dəyərli tövsiyələrini fəaliyyətlərində hər zaman rəhbər tutan bütün prokurorluq əməkdaşları kimi, hərbi prokurorluq əməkdaşları da qeyd olunan dövrdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşmış, işçilər, o cümlədən rəhbər vəzifəli şəxslər tərəfindən mütəmadi olaraq onların qəbulu həyata keçirilmiş, istər müraciətlərinə cavab verilərkən, istərsə də qəbullar zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə onları maraqlandıran suallara müfəssəl cavablar verilmiş, hüquqları izah edilmiş və həyata keçirilməsi üçün hər cür şərait yaradılaraq bütün zəruri tədbirlər görülmüşdür. Qazilərin və şəhid ailələrinin müraciətlərinə xüsusi həssaslıqla yanaşılmışdır.

Qeyd olunmalıdır ki, hərbi prokurorluqlarda hər bir cinayət işi üzrə ibtidai araşdırmanın aparılması zamanı cinayətin törədilməsinə imkan yaradan səbəb və şərait müəyyən edilməklə müvafiq təşkilatın və ya vəzifəli şəxsin ünvanına belə halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərilərək həmin halların qarşısının alınması, eləcə də iş üzrə əməlində cinayət tərkibi olmayan, lakin başqa hüquq pozuntusuna yol vermiş bütün şəxslərin digər müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi təmin edilmişdir.

Silahlı Qüvvələrdə ayrı-ayrı cinayətlərin, xüsusən də ölümlə nəticələnən cinayətlərin qarşısının alınması məqsədilə hər zaman olduğu kimi, hesabat dövründə də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirələr aparılmışdır. Kollegiyaların qərarlarına əsasən müvafiq dövlət orqanlarının rəhbərlərinə cinayətin törədilməsinə imkan yaradan halların aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilmişdir.

Vurğulanmalıdır ki, Silahlı Qüvvələrdə baş vermiş ölüm faktı üzrə başlanılmış hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə, iş üzrə hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunmuşdur.

Müsbət tendensiyanın davamlılığında prokurorluq işçilərinin mütəmadi olaraq hərbi hissələrə olan səfərlərinin, eləcə də hərbi qulluqçularla görüşmələrinin də mühüm rolu olmuşdur. Əvvəlcə qeyd etmək lazımdır ki, hər zaman olduğu kimi, ötən ildə də hərbi qulluqçularla görüşmək, onların xidmət və yaşayış şəraiti, eləcə də qayğı və problemləri və sair məsələlər ilə maraqlanmaq məqsədilə Baş prokuror Kamran Əliyevlə Hərbi prokuror Xanlar Vəliyevin Silahlı Qüvvələrin müvafiq rəhbər vəzifəli şəxsləri ilə birlikdə hərbi hissə və bölmələrə uğurlu səfərləri baş tutmuşdur.

Bundan başqa, eyni məqsədlə Hərbi Prokurorluğun işçiləri, o cümlədən Respublika Hərbi prokurorunun müavinləri, böyük köməkçiləri, idarə, şöbə rəisləri, ərazi hərbi prokurorları və digər əməkdaşlar da aidiyyəti dövlət qurumlarının müvafiq yüksək vəzifəli şəxsləri ilə birlikdə hərbçilərlə görüşmək məqsədilə müntəzəm olaraq müvafiq hərbi hissələrə səfərlər etmişlər. Bütün görüşlər zamanı hərbi qulluqçuların milli və döyüş ruhunun daha da yüksəldilməsi, onlarda vətənpərvərlik hisslərinin dərindən aşılanması, hüquqi biliklərin artırılması istiqamətində söhbətlər aparılmış, verilən suallar ətraflı cavablandırılmış, şəxsi heyətin hərtərəfli maarifləndirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi təmin edilmiş, eyni zamanda xidməti vəzifələrini nümunəvi icra edənlər mükafatlandırılmışdır.

Təbii ki, yuxarıda sadalananlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 2022-ci ildəki fəaliyyətini tam ehtiva etmir və qeyd olunan dövr ərzində hərbi prokurorluq orqanları tərəfindən qanunun aliliyi prinsipi rəhbər tutulmaqla başqa işlər də görülmüş, eləcə də insan hüquqlarının etibarlı müdafiə olunması, cinayətkarlığa və digər qanun pozuntularına qarşı ciddi mübarizə aparılması üçün müxtəlif zəruri tədbirlər həyata keçirilmişdir.

Təəssüf hissi ilə onu da qeyd etmək lazımdır ki, qazanılan nailiyyətlərə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş böyük işlərə baxmayaraq, Prokurorluğun, o cümlədən Hərbi Prokurorluğun sadalanan istiqamətlərdəki səmərəli fəaliyyətindən və qətiyyətli mövqeyindən narahatlıq keçirən bəzi qeyri-sağlam təfəkkürlü və ya qanunvericiliyin tələblərini pozmağa meyilli olan şəxslər ölkəmizdə yaradılmış fikir, söz və məlumat azadlıqlarını da özündə ehtiva edən demokratik mühitdən sui-istifadə edərək, bəzən sosial şəbəkələrdə və ya saytlarda yalnız şəxsi mülahizələrə əsaslanan və digər heç bir əsası olmayan həqiqətə, eləcə də hüquqazidd məzmunlu fikirlər söyləyirlər ki, bütün bunlar da orqanın qanuni və uğurlu fəaliyyətinə kölgə sala və ya işçiləri öz əzmindən döndərə bilməz.

Qəti əminliklə deyə bilərəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən prokurorluğa, o cümlədən hərbi prokurorluğa hər zaman göstərilən xüsusi diqqət və qayğının layiqincə dəyərləndirmək, həmçinin bu orqana olan yüksək etimadın doğrultmaq üçün Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kollektivi qanunçuluğun və hüquq qaydasının, o cümlədən Silahlı Qüvvələrdə nizam-intizamın daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, eləcə də insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətindəki səmərəli fəaliyyətinin effektivliyini daha da artıracaq və ötən illər kimi, 2023-cü ili də uğurla başa vuracaqdır.

Firad ƏLİYEV,

Azərbaycan Respublikası Hərbi prokurorunun böyük

köməkçisi - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun

Mətbuat Xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri.