Qaz ixrac edən ölkələrin videokonfrans formatında Forumu
İQTİSADİYYAT

Qaz ixrac edən ölkələrin videokonfrans formatında Forumu

Energetika naziri Pərviz Şahbazov Boliviyanın ev sahibliyi ilə videokonfrans formatında keçirilən Qaz İxrac Edən Ölkələr Forumu (Gas Exporting Countries Forum-GECF) Nazirlərinin 23-cü görüşündə iştirak edib. Nazir çıxışında dünyada karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səylərə Azərbaycanın  davamlı dəstəyini ifadə edib. Bu çərçivədə enerji balansında bərpa olunan enerjinin mövqeyini möhkəmləndirən istiqamətlərin ölkənin Milli prioritetləri və sosial-iqtisadi inkişaf strategiyasında əksini tapması, Azərbaycanın Qlazqoda COP 26 İqlim Konfransında yeni hədəflərlə çıxış etməsi atılan addımlara nümunə olaraq diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Paris Sazişi ilə təsbit olunan və Qlazqo İqlim Paktı ilə dəstəklənən qlobal istiləşməni 1,5 dərəcə civarında saxlamaqla bağlı qlobal məqsədə bir daha sadiqliyini bəyan edib.

Nazirlikdən verilən məlumata görə, energetika naziri aşağı karbonlu enerji mənbəyi kimi təbii qazın enerji transformasiyasında mühüm rolu və hazırkı enerji böhranı fonunda karbohidrogenlərin enerji təhlükəsizliyinin təminatında güclənən əhəmiyyətindən də bəhs edib.

Azərbaycanın enerji siyasətinin hər zaman dünyada enerji təhlükəsizliyinə, sabitliyə, beynəlxalq əməkdaşlığa və inkişafa xidmət etmək məqsədini izlədiyini vurğulayan nazir bildirib ki, Cənub Qaz Dəhlizi məhz belə bir siyasətin töhfəsidir. Bu ilin on ayı ərzində Azərbaycan bu marşrutla 14 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu həcmin təxminən yarısı Avropa istehlakçıları tərəfindən istifadə edilib.

Qeyd edək ki, Azərbaycan 2015-ci ildən Qaz İxrac Edən Ölkələr Forumunda müşahidəçi statusunda iştirak edir.

Bəybala BƏYBALAYEV,

“Respublika”.