Qayğı və məmnunluq
Sosial həyat

Qayğı və məmnunluq

Bu ilin 6 ayında 21 mindən çox şəxsə əlillik təyinatı aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi işləri davam etdirilir. Cari ilin 6 ayı ərzində Agentlik ümumilikdə 21 525 şəxsə əlillik təyin edib. Onlardan 7 018 nəfərə ilkin, 14 507 nəfərə isə təkrar əlillik təyinatı aparılıb. 2020-ci ilin analoji dövrü ilə müqayisədə təyinatların sayı 68% artıb.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin şəxslərə əlilliyə görə müvafiq sosial ödənişlər də təyin olunub.

Əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, “Əlillik” altsistemi üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

 

“Məşğulluq marafonu”nun dəstəyi ilə işlə təmin olunan şəxslərin sayı 160-a çatıb

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu” davam edir.

Bu barədə ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulan işəgötürənlərin sayı artıq 250-ə çatıb. Həmin işəgötürənlrdən 75-dövlət, 175-i isə özəl sahə üzrədir.

Marafona qoşulan işəgötürənlər tərəfindən e-sistemə daxil edilən vakansiyaların sayı isə 1100-ə çatıb.Təqdim edilən vakansiyalar üzrə şəhid ailələrinin üzvlərinə, müharibədə yaralanmış qazilərimizə iş yerləri ilə təmin olunmaları üçün göndəriş verilir və marafonun dəstəyi ilə artıq 160 nəfər işlə təmin edilib. Onlardan 100 nəfəri qazi, 60 nəfəri isə şəhid ailəsi üzvüdür.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

Sosial sığorta haqları üzrə daxilolmalar 7,88% artıb

6 ayın göstəriciləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2021-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrünə nisbətən 2,21% (57 mln. manat) artaraq 2 mlrd. 614,2 mln. manat təşkil edib.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, DSMF gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar isə 7,88% (134,12 mln. manat) artaraq 1 mlrd. 836,85 mln. manat olub.

Daxilolmalara dair illik proqnoz büdcə təşkilatları üzrə 104,54%, qeyri-büdcə sektoru üzrə 114,42% icra edilib.

Mustafa KAMAL,

“Respublika”.