QAXIN İGİD OĞULLARI
Region

QAXIN İGİD OĞULLARI

Qax... kiçik və uyumlu. Təbii təmtərağa qərq olan balaca dünyam. Adamları mötəbər. Təvazökarcasına susmalarına heyran olmaq üçün dözüm və səbir lazım... Çox danışmazlar. Az, bir-iki kəlmə söyləyər və ayrılanda təhlilə min fikir qoyub gedərlər...

Mübahisələri də maraqlı: yanlışları doğrunun fonunda yağ kimi elə əridərlər, ruhun incik düşməz. Sevərlər səni özlərini sevən kimi... Böyüklüyün, bütövlüyün fərqinə vararlar. Şərəf və ləyaqətlə bağlı olan hər bir nüansı dəqiq tutarlar və 10, ya da 100 yaşlının verdiyi qərar bir-birindən fərq etməz, lazımsa fədakarlıq edərlər...

Tariximizin qanlı və şərəfli səhifələrindən olan Qarabağ müharibəsində də qaxlıların xüsusi yeri var. Sıravi əsgərdən tutmuş yüksəkrütbəli zabitlərimizə qədər hər biri Qarabağ müharibəsində şərəflə döyüşdü.

Qarabağ müharibəsi ilk başlayandan qaxlıların qəlbi vətən üçün döyündü. Hər kənddən, hər obadan, hər evdən bir əsgər çıxdı, könüllü orduya yazıldı. Cəbhəyə, düşmənlə döyüşə yollandı. Bəzən qərar nəticəni özündə əks etdirir. Döyüş qərarı da belə: bu mücadilə və ölüm mübarizəsidir. Müzakirə olunmayan təhlilsiz qərar. Ya ölməli, ya azad olmalısan ...üç minədək şəhidin qanı-canı bahasına biz bu "ya-ya"lardan azad, şəhid və qalib olduq...

Müharibə Zəfərlə bitdi. Sevincimiz, qürurumuz hədsiz, sərhədsiz oldu. Amma biz müharibədən çıxmışdıq. Qələbə sevincini daddıqca acı, sağalmaz yaralarımız qövr edir hələ də...

Qalib ölkənin qalib vətəndaşlarıyıq bu gün. Ən böyük silahımız mənəvi birliyimiz, vahid ideya uğrunda birləşməyimiz və dövlət-xalq birliyini qoruyaraq dövlətçilik uğrunda vətəndaş mövqeyimizi qorumağımızdır.

44 günlük müharibə ərəfəsində dövlət-xalq həmrəyliyi qələbənin qazanılmasına əsas stimul verən səbəblərdən biri oldu. Bu birliyin ənənəvi davamı bu gün də Qax rayonunda davam etdirilir.

Rayon rəhbərliyinin, xüsusilə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarına olan həssas münasibəti rayonda görülən işlər və keçirilən tədbirlərdə öz əksini tapır. "Həmişə diqqətə, qayğıya, ehtiyacı olan şəhid ailələri aramızda yüzlərlədir". Bu sözlərin müəllifi yaxın günlərdə həmsöhbət olduğum Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev deyir ki, Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən, eyni zamanda canlarını hər zaman Vətən yolunda fəda etməyə hazır olan qazilərimiz həmişə diqqətimizdədir. Göstərdiyimiz ehtiram, qayğı şəhid ailələrinin dərdini bir az da olsa yüngülləşdirirsə, biz də mənən rahat oluruq. Hər zaman gündəmdə olan məsələ Birinci Qarabağ müharibəsində şəhadətə ucalan oğullarımızın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bu istiqamətdə xeyli uğurlu işlər görülüb. Belə ki, bu məqsədlə bir neçə yaşayış binası tikilərək, növbəlilik sistemi üzrə paylanıb. Hazırda şəhid və qazi ailələrinin istəyinə uyğun olaraq fərdi evlər tikib istifadəyə veririk. Birinci Qarabağ müharibəsində göstərdikləri fədakarlığı bir də 28 ildən sonra təkrar etdi qaxlı igidlər. Vətən müharibəsində 29 şəhid verib Qax. Onlarla qazimiz var. Əsas məsələ Vətən müharibəsi iştirakçılarının problemlərinin həllinə kömək etməkdir. Eyni zamanda, şəhidlərin anım günlərində də ailələrini tək qoymur, rayon, kənd ictimaiyyəti belə çətin günlərdə onların yanında olur, mənəvi dəstək göstərirlər.

Rayon rəhbərliyinin fəaliyyətində diqqətiçəkən məqam ayrı-ayrı kəndlərdə və rayon mərkəzindəki Şəhidlər xiyabanının abadlaşdırılması və bəzi kəndlərdə şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə Xiyaban kompleksinin yaradılmasıdır. Ümumi Xiyaban kompleksinin yaradılması layihəsi rayonun bütün kəndlərini əhatə edəcək...

Musa müəllimlə sağollaşıb ayrılanda bir daha əmin olduq ki, Vətən yolunda şəhidliyə yüksələnlər heç zaman unudulmur. Şəhid ailələri, qazilər qayğı ilə əhatə olunur. Bu, isə onların mənəvi haqqıdır.

 Səhər ŞIXƏLİ,

Qax.