Qax: Subsidiya ödənişləri davam etdirilir
Region

Qax: Subsidiya ödənişləri davam etdirilir

Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı, onun ənənəvi sahələri olan fındıqçılıq, tütünçülük və baramaçılıq respublikamızın digər müvafiq bölgələrində olduğu kimi, Qax rayonunda da sürətlə inkişaf etməkdədir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən  verilən məlumata görə, xüsusilə rayonu əhalisinin əsas gəlir mənbəyi olan fındıqçılığın, baramaçılığın, tütünçülüyün inkişafı üçün möhkəm zəmin yaradılmaqdadır. Son dövrlər rayon icra hakimiyyətinin, Rayon Aqrar İnkişaf Mərkəzinin dəstəyi, kənd İƏN üzrə nümayəndəliklərinin, bələdiyyələrin köməyinə əsasən kəndlərdə yaşayan soydaşlarımız    kənd təsərrüfatı sahəsi ilə daha çox məşğul olmağa və daha çox gəlir əldə etməyə başlamışlar.

Qax DAİM-in mütəxəssisləri fındıqçılıq, tütünçülük və baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar yazılı təlimatlar hazırlayaraq İƏN və bələdiyyələrin köməkliyi sayəsində yerlərdə kənd sakinlərinə çatdırılmışdır. Bu səbəbdən də respublikanın bütün bölgələrində olduğu kimi, Qax rayonunda da kənd təsərrüfatı sahəsində qarşıya qoyulan tapşırıqların icrası  müvəffəqiyyətlə həyata keçirilir.

Belə ki, rayonda  2022-ci ilin məhsulu üçün  13238.5 hektar sahədə payızlıq taxıl əkilmişdir ki, bunun da  8830.5  hektarı buğda, 4408 hektarı isə arpa olmuşdur. Sahələrdə aparılan aqrotexniki qulluq işlərinin, yüksək reproduksiyalı intensiv toxumlardan istifadə olunmasının, alaq otlarına, xəstəlik və zərərvericilərə qarşı vaxtında  və düzgün  aparılan mübarizə tədbirlərinin, mineral gübrələrdən səmərəli istifadə edilsə də uzun keçən quraqlıq taxıl sahələrinə, xüsusilə də dəmyə sahələrinə öz mənfi təsirini göstərmişdir. Rayon üzrə  arpa sahələrindən 29.6  sentner,  buğda sahələrindən isə 33.4 sentner  məhsul istehsal olunmuşdur. Ümumilikdə payızlıq əkin sahələrindən  31,9 sentner olmaqla 42556 ton məhsul istehsal edilmişdir.

2023-cü ilin məhsulu üçün 13500 hektar sahədə payızlıq dənli bitkilərin səpilməsi aparılır. Payızlıq əkinlərin aparılması üçün 9770 hektar sahədə yay şumu həyata keçirilmişdir. Hazırda payızlıq səpinlərinə hazırlıq işləri başa çatmaq və səpin başlamaq üzrədir.

Tütünçülük tarixən rayon iqtisadiyyatında mühüm yer tutmuşdur. Rayonumuzun tütünçü fermerləri tərəfindən 373.28 hektar sahədə tütün əkini həyata keçirilmişdir. Bu günə qədər sahələrdən 1616 ton yaş tütün istehsal edilərək emal müəssisələrinə təhvil verilmişdir. Tütünün dərim prosesləri davam etdirilir.

Bağçılıq, xüsusən də fındıqçılıq rayonun iqtisadiyyatında mühüm yer tutur. Rayonda  bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Hər il yeni bağlar salınır, yaşlı  bağlarda seyrəkliklər aradan qaldırılır, bağlarda  aqrotexniki tədbirlər, xüsusən də budama, becərmə, suvarma  və s. tədbirlərin aparılmasına xüsusi diqqət yetirilir. Əhali arasında təbliğat işləri aparılmış, ağaclara aqrotexniki qulluqla bağlı mütəxəssis məsləhətləri verilmişdir.

Bu il rayonda 1556  hektar sahədə dən üçün qarğıdalı əkilmişdir. Həmin sahələrdə biçin prosesi davam etdirilir. Bu günə qədər 1081 hektar sahədə biçin aparılmış hər hektardan 90 sentner olmaqla 10 min tondan artıq məhsul əldə edilmişdir. Bununla yanaşı, təkrar əkin üçün qarğıdalı (yaşıl yem) 727  hektar təşkil edir. İlk və təkrar əkinini EKTİS-də bəyan etmiş 199 fermerin 523.5 hektar sahəsi qeydiyyata alınmış və hüquqi sənədi qaydasında olan fermerlərə əkin subsidiyasının verilməsi təmini ediləcəkdir.

2022-ci ilin məhsulu üçün Qax rayonu ərazisində 302.3 hektar kartof sahəsindən 94.5 sentner olmaqla 2856.6 ton, 201 hektar bostan bitkilərindən 90.3 sentner olmaqla 1814 ton məhsul əldə edilmişdir.

2022-ci ildə subsidiyaların verilməsi üçün EKTİS üzərindən yazlıq və çoxillik əkinlərin bəyan prosesi yekunlaşdırılmışdır. Belə ki, fermerlər tərəfindən 641 hektar dənlik qarğıdalı, 8348 hektar sahədə fındıq, 1309 hektar sahədə yonca DAİM-ə yaxınlaşan fermerlər tərəfindən bəyan edilmişdir. Subsidiya vəsaitinin ödənilməsi üçün subsidiya müraciətləri göndərilmişdir. 149 fermerə məxsus 245 hektar sahədə yerində monitorinq aparılmış və uyğunsuz bəyanlar aşkar edilərək aktlaşdırılmışdır. Yazlıq və çoxillik əkmələrin subsidiya ödənişləri davam etdirilir.

M.NƏRİMANOĞLU,

“Respublika”.