Qax: Səyyar qəbullar əhalinin güzəranının yaxşılaşdırılmasına xidmət edir
Region

Qax: Səyyar qəbullar əhalinin güzəranının yaxşılaşdırılmasına xidmət edir

Respublika Prezidentinin tapşırığına əsasən regionlarda əhali ilə mütəmadi olaraq görüşlərin keçirilməsi,  onları narahat edən məsələlərlə yerində maraqlanılması və problemlərin həlli üçün qəbul olunan qərarların uğurla icrası əhalinin  yaşayış tərzinin durmadan yaxşılaşmasına öz töhfəsini verir. Bununla yanaşı, dövlət başçısı cənab İlham Əliyev rayonlara yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edərkən onların hər birinin qarşısında vətəndaş məmnunluğunun təmin olunması istiqamətində çalışması üçün mühüm vəzifələrin icrasını tapşırır. Nazir və dövlət komitəsi sədrlərinin bölgələrdə, rayon icra hakimiyyəti başçılarının isə aidiyyəti qurumların rəhbərləri ilə birlikdə  kənd və qəsəbələrdə səyyar qəbulların keçirməsi və mövcud problremlərlə yerində tanış olması dövlət siyasətinin prioritet məsələlərindən birinə çevrilib. Bu səbəbdən də bütün rayonlarda olduğu kimi, Qax rayonunda da icra hakimiyyətinin inzibati binasında keçirilən qəbullarla yanaşı, hər həftənin bir günü səyyar qəbul-görüşlər növbəlilik əsasında kəndlərdə də keçirilir. Bununla da kənd əhalisi hansısa bir çətinliyini aradan qaldırmaq üçün rayon mərkəzinə getmir və bunun üçün vaxtını itirmir. Müraciətlərinə isə aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə yerində aydınlıq gətirilir və həlli üçün konkret işlər görülür. Səyyar qəbullarda da imtiyazlı şəxslər, o cümlədən şəhid ailələri və müharibə qazilərinin fikir və təklifləri ilkin olaraq öyrənilir və həlli üçün operativ tədbirlər görülür.

Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev noyabr ayında hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə həm icra hakimiyyətində, həm də Qaxingiloy, Ağyazı,  Əmircan, Turaclı və Lələli kəndlərində qəbullar keçirib. Qəbullarda çıxış edən rayon rəhbəri bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılır və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da mütəmadi surətdə davam etdiriləcək. Rayon mərkəzində və kəndlərdə bir neçə il bundan əvvəl mövcud olan problemlərin artıq həll edildiyinə konkret faktlarla toxunan icra başçısı qeyd etdi ki, məhz bu səbəbdən də müraciətlərin və problemlərin sayı ilbəil azalır.

Kənd sakinləri müraciətlərində qaz çəkilişinin tezləşdirilməsini, odun yanacağının verilməsini, pay torpaq sahələrinin bəzilərinin yararsız olduğu üçün əvəzində bələdiyyənin ehtiyat fondundan torpaq sahəsinin ayrılmasını, kənd məktəbinin dam örtüyünün təmir olunmasını,  elektrik enerjisi təchizatında olan problemlərin həllini, suvarma probleminin həlli üçün mövcud torpaq kanalın betonla üzlənməsinə və kəndin küçələrinin işıqlandırılmasının bərpa olunmasına  köməklik göstərilməsini xahiş ediblər. Bütün kəndlərdə keçirilən qəbullardan sonra şəhid ailələri və qazilərlə bir qayda olaraq ayrıca görüşlər olur və onların qayğıları ilə maraqlanırlar.

Bildirildi ki, istər səyyar, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur. Vətəndaşlarımızı narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmır. Təbii ki, aparılan bütün bu tədbirlər əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davam etdiriləcək.

M.NƏRİMANOĞLU,

“Respublika”.