Qax: Baytarlıq xidməti keyfiyyətli məhsulun, sağlam həyatın təminatıdır
Region

Qax: Baytarlıq xidməti keyfiyyətli məhsulun, sağlam həyatın təminatıdır

Söhbətinin əvvəlində fəaliyyətlərinin məqsəd və məramını açıqlayan Qax Rayon Baytarlıq İdarəsinin rəisi Şövkət Babayev sonra aşağıdakıları xatırlatdı:

- Kənd təsərrüfatının inkişafının təmin olunmasında, bu sahənin mühüm qolu olan heyvandarlıqda bu və ya digər xəstəliklərin qarşısının alınmasında, keyfiyyətli heyvandarlıq məhsulları istehsalında baytarlıq xidmətinin mühüm rol oynadığı danılmazdır. Bu xidmətin başlıca məqsədi vətəndaşların mal-qarasının, qoyun-keçilərinin, quşlarının müxtəlif yoluxucu xəstəliklərdən qorumaqla əhaliyə dəyə biləcək ziyanın qarşısını almaq, məhsulun keyfiyyətsizliyinə yol verməmək, heyvandarlıq məhsullarının, baytar-sanitar ekspertizasından keçirməklə əhalinin kütləvi zəhərlənmə və müxtəlif xəstəliklərə tutulması təhlükəsindən qorunmasında digər müvafiq qurumlarla birgə fəaliyyəti təmin etməkdir. Heyvanlardan insanlara keçən xəstəliklərdən qorunmaq da baytarlıq fəaliyyətinin ana xəttini təşkil edir. Qeyd edim ki, bütün bu məsələlər idarə aparatında, onun nəzdindəki 12 baytarlıq məntəqəsində çalışan mütəxəssislər tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bir qayda olaraq bütün baytarlıq tədbirləri rayonumuz üzrə müəyyən edilən epizootiya əleyhinə müalicə-profilaktiki tədbirlər həyata keçirilir. Tapşırıqlar hər il layiqincə yerinə yetirilir.

Bu baxımdan yola saldığımız 2020-ci ilin, həmçinin 2021-ci ilin ötən dövrünün nəticələri də yaxşıdır. Konkret olaraq bəzi faktlara nəzər salmaq yerinə düşər. Keçən ilin yayında 21 min 962 baş iribuynuzlu heyvanda qarayaraya qarşı peyvəndləmə aparılmışdır. İşin yaxşı təşkili, mütəxəssislərimizin vəzifə məsuliyyətini yaxşı başa düşmələri nəticəsində tapşırıqlar bu ilin eyni dövründə də vaxtında və keyfiyyətlə yerinə yetirilmişdir. Müayinələr və götürülən qan nümunələri əsasında xəstəlik aşkar olunan iribuynuzlu və xırdabuynuzlu heyvanlar təlimata uyğun çıxdaş edilir. İribuynuzlu və xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı mübarizə də lazımi səviyyədə aparılır. Ölkəmizdə aqrar bölmənin digər sahələrində olduğu kimi, baytarlıqda da islahatlar aparılmağa start verilmişdir. Bu prosesdə baytar sahə məntəqələrinin özəlləşməyə getməsi xüsusi önəm təşkil edəcəkdir. Məqsəd əhaliyə və heyvandarlıqla məşğul olan sahibkarlara baytarlıq xidmətinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.

Aşkar olunan bu və ya digər xəstəliklər barədə, onlardan əhalini qorumaq tədbirləri haqqında geniş maarifləndirmə işləri aparılır. Mütəxəssislərimizin, əlaqədar qurumların nümayəndələrinin iştirakı ilə seminarlar keçirilir, orada yeni dərman və preparatlar, onlardan istifadə qaydaları haqqında ətraflı məlumatlar verilir. Rayonun baytarlıq məntəqələrinə sahəmiz üzrə buraxılan müxtəlif məzmunlu broşürlər paylanır və onların əhaliyə izahı təmin olunur. Bütün istiqamətlərdə işin yaxşı təşkilinin nəticəsidir ki, rayon baytarlıq idarəsi nəzərdə tutulan tapşırıqların hamısının yerinə yetirilməsinə nail olur. Kollektivin işgüzarlığının digər əsas göstəricisi rayon üzrə heyvandarlığın dinamik inkişafının təmin olunması, bu sahə üzrə keyfiyyətli məhsul istehsalının ilbəil artmasıdır. Qeyd edək ki, Qaxda digər sahələr kimi, heyvandarlığın inkişafında da ahəngdarlıq pozulmur, nəticələr ilbəil yaxşılaşır. Bu ilin ötən dövrünün göstəricilərinin keçən ilin eyni dövründəkinə nisbətən çox olması, ən əsası da bazarda və hər bir ailənin iqtisadiyyatında heyvandarlıq məhsullarının bolluğu bu fikri təsdiqləyir. 

Rasim AMANOV,

“Respublika”.