Qasım Rzayev
Sosial həyat

 Qasım Rzayev

O adama müdrik deyirlər ki, Vətəninin, torpağının, xalqının ağır və faciəli günlərində düzgün yol tuta bilir, el-obaya arxa durur. Çətin anlarda belə idrakla hərəkət edir, hər şeyi ağlın mühakiməsindən keçirir. Müdrik deyəndə Birinci Qarabağ savaşında ərazilərimizi düşmən qüvvələrindən qoruyan, xalqı müharibə taunundan  qurtarmağa çalışan Tovuz torpağının yetirməsi Qasım Rzayevin şücaəti, rəşadəti, düşmənin başına od ələməsi yada düşür. Onun adı Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazılmışdır.

Qasım Qara oğlu Rzayev 5 may 1970-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində dünyaya göz açmışdır. 1987-ci ildə orta məktəbi bitirdikdən sonra sürücülük ixtisasına yiyələnmişdir. 1988-ci ildə ordu sıralarına çağırılmışdır. Qasım Ukraynanın Nikopol şəhərindəki hərbi hissənin artilleriya bölməsində xidmət etmişdir. Nümunəvi xidmətinə görə hərbi hissənin komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılmış, valideynlərinin ünvanına razılıq məktubu göndərilmişdir.

Qasım Rzayev 1990-cı ildə əsgəri xidmətini başa vurub doğma kəndlərinə qayıtdı. Əlibəyli kəndi Ermənistanla sərhəddə yerləşdiyindən bura tez-tez erməni daşnakları tərəfindən atəşə məruz qalırdı. Bu da kənd sakinlərini narahat edirdi.

Çox keçmədən sidq ürəklə Vətənə bağlı olan Qasım Rzayev könüllülərdən ibarət özünümüdafiə dəstəsinə yazıldı. Düşmənə qarşı ağır döyüşlərə qatıldı. Söz verdi ki, faşist xislətli erməni quldurlarının “dərsi”ni verəcək, onlar öz çirkin əməllərini reallaşdırmağa nail olmayacaqlar.

Qasım milli ordumuzun ilk əsgəri kimi Muncuqlu, Koxanəbi, Ağdam, Əlibəyli, Hacallı kəndlərinin müdafiəsində mərdliklə vuruşdu, şəxsi igidlik göstərdi. Qasım idarə etdiyi maşına mərmiatan qurğu quraşdıraraq, döyüş səngərlərində düşmənin başına od ələyirdi.

...1992-ci ilin əvvəlləri idi. Tovuz rayonunun sərhədləri boyunca gərgin vəziyyət yaranmışdı. Sayca üstün olan erməni yaraqlıları torpaqlarımıza girməyə cəhd göstərsələr də, hər dəfə böyük itki verərək geri çəkilməyə məcbur olurdular. Fevralın 11-də ermənilərin “Qan çanağı” deyilən tərəfdən hücumu gözlənilirdi. Qasım bir dəstə döyüşçü ilə həmin yerə üz tutdu. Günortaya yaxın düşmənin həmləsi dəf olundu. Ermənilərin bir PDM-i və onlarla əsgəri məhv edildi.

14 may 1992-ci ildə erməni quldurları ağır texnika ilə Tovuzun sərhəd kəndlərinə hücuma keçmişdi. Güllə yağışı altında qurğunu mərmi ilə doldurdu. Atəş nöqtəsini müəyyən edərək, bir-birinin ardınca düşmən istiqamətində 20 raket atdı. Bir müddət ətrafa sakitlik çökdü. Çox keçmədən ermənilər yenidən top atəşinə başladılar. Düşmən mərmilərindən biri düz maşının üstünə düşdü. Qasım Rzayev ömrünün 22-ci baharında əbədiyyətə qovuşdu. Son mənzili Əlibəyli kənd qəbiristanlığı oldu.

Dəfn mərasimində Azərbaycan əsgərləri and içdilər ki, Qasımın qanı yerdə qalmayacaq. Onun qisası alınacaqdır.

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Rzayev Qasım Qara oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Qəhrəman, cəsur döyüşçünün adı əbədiləşdirilmiş, Hacallı kənd orta məktəbinə Qasım Rzayevin adı verilmişdir.

Qədir ASLAN,
“Respublika”.