Qarşılıqlı etimada və tərəfdaşlığa əsaslanan əlaqələr
Siyasət

Qarşılıqlı etimada və tərəfdaşlığa əsaslanan əlaqələr

Yeni əməkdaşlıq platformaları buna imkan yaradır

Azərbaycan daim türk dünyasının birliyinə çağırışlar edərək bunu atdığı addımları ilə də təsdiqləyir. Elə dövlət başçısı İlham Əliyevin ötən il Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi də söylənilən fikirlərin əyani təcəssümüdür. Azərbaycan Prezidenti bu mükafata Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülhün, sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə layiq görülmüşdü.

Onu qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1995-ci ildə qurulub və ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri böyük əhəmiyyətə malikdir. Belə ki, 1996-cı ildə Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun Azərbaycana, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Özbəkistana dövlət səfəri olmuşdur. Azərbaycan və Özbəkistan prezidentləri bu səfəri tarixi səfər kimi xarakterizə etmişlər. Səfərə verilən böyük əhəmiyyət, dövlət başçılarının şəxsi münasibətləri, imzalanmış sənədlərin əhatə dairəsi həqiqətən də bu səfərin ikitərəfli münasibətlərin inkişafında böyük rolunu əks etdirir.

Bu il sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvətilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitində iştirak etmək üçün Səmərqənddə səfərdə olub. Prezidentlərin görüşü zamanı Özbəkistanın dövlət başçısı Azərbaycan Prezidentinin iyun ayında Özbəkistana dövlət səfərini xatırladaraq müəyyənləşdirilən istiqamətlər üzrə işlərin uğurla davam etdirildiyini, hökumətlərarası komissiyanın fəaliyyətinin təşkil olunduğunu, verilmiş tapşırıqların yerinə yetirildiyini vurğulayıb.

Azərbaycan Prezidenti isə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində ilk dəfə iştirak üçün dəvətə görə Prezident Şavkat Mirziyoyevə təşəkkürünü bildirmiş, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahib olduğunu vurğulamış, ölkəmizin ilk dəfə məhz Özbəkistanın sədrliyi dövründə fəxri qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına dəvət olunduğunu diqqətə çatdırmış, uğurlu sədrlik münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik etmişdir.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci il iyunun 15-də Şanxayda 6 ölkənin (Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) prezidentlərinin birgə görüşü zamanı yaradılmış daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlikdir. Təşkilatın hazırkı baş katibi Çjan Mindir.

ŞƏT-in məqsədi iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsidir.

2015-ci il iyunun 10-da ŞƏT üzv dövlətlərin başçıları Şurasının iclasında Azərbaycan Respublikasına ŞƏT-də dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilmişdir. İyulun 13-də Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyev bu faktı rəsmi şəkildə təsdiqləmişdir. Bununla bağlı sözügedən statusun verilməsinə dair Memorandum layihəsi Azərbaycan Respublikasına təqdim olunub. 2015-ci il sentyabrın 16-da Çinin Sian şəhərində ŞƏT xarici ticarət və xarici iqtisadi əlaqələr üzrə məsul nazirlərin 14-cü toplantısında ölkəmizin iqtisadiyyat nazirinin müavini iştirak etmişdir. 2016-cı il martın 14-də Pekin şəhərində ölkəmizlə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum" imzalanmışdır. Hazırda ŞƏT-in Bank Birliyilə əməkdaşlığın qurulması üzrə işlər görülməkdədir. 2005-ci ildə yaradılmış bu strukturun əsas məqsədi ŞƏT üzv dövlətləri tərəfindən dəstək verilmiş layihələrin maliyyələşdirilmə mexanizminin təşkil olunmasıdır. Bu məqsədlə ŞƏT məkanında aparıcı iqtisadi qurumlarla əməkdaşlıq, investisiya layihələrinin maliyyələşdirilməsi, təcrübə mübadiləsi, kadr hazırlığı və digər istiqamətlər müəyyənləşdirilib. 2021-ci il iyunun 23-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən ŞƏT-in İqtisadi Forumunda iqtisadiyyat nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı Azərbaycan Prezidentinin üzv və iştirakçı dövlətlərin rəhbərləri ilə keçirdiyi görüşlər baxımından da yaddaqalan olub. Belə ki, dövlətimizin başçısı sentyabrın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqları bir daha qeyd edilib, ölkələrimizin strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Dövlət başçıları energetika, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığa dair birgə layihələri müzakirə edib gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar.

Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşdə Azərbaycanla Çin arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı və yüksək səviyyədə inkişaf etdiyi bildirilib. Azərbaycan Prezidenti "Orta dəhliz", "Bir kəmər, bir yol" layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır və ölkəmizin nəqliyyat-logistika imkanları beynəlxalq yükdaşımalarında böyük əhəmiyyətə malikdir. Azərbaycan Çindən Avropaya və əks-istiqamətdə qatarların və digər yükdaşımaların artırılmasını tam şəkildə dəstəkləyir.

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə də görüşü olub. Görüşdə tərəflər ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən danışıb, Ermənistan-Azərbaycan sərhədində sentyabrın 12-si və 13-də baş vermiş qarşıdurma nəticəsində yaranmış vəziyyəti də müzakirə ediblər. Azərbaycan Prezidenti deyib: "Bundan əvvəlki görüşümüzdən üç aydan az vaxt keçib. Lakin bu müddətdə biz daim əlaqədə olmuşuq, telefonla danışmışıq, həmçinin hərtərəfli münasibətlərin çox müsbət dinamikasını görürük". Dövlət başçısı, həmçinin Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin kəskinləşməsinə, eskalasiyaya operativ reaksiya verdiyinə görə Rusiya Prezidentinə təşəkkürünü bildirib.

Beləliklə, Şanxay Əməkdaşlıq Təşkilatının daha bir sammiti uğurla başa çatıb. Azərbaycan Prezidentinin sammitdə iştirakı, müzakirə olunan məsələlər onu göstərdi ki, ölkəmiz bu yeni əməkdaşlıq platformasında da uğurla təmsil olunacaq.

Zümrüd QURBANQIZI,

"Respublika".