Qardaşlıqdan müttəfiqliyə gedən yolda Heydər Əliyev fəlsəfəsinin rolu
Digər xəbərlər

Qardaşlıqdan müttəfiqliyə gedən yolda Heydər Əliyev fəlsəfəsinin rolu

Dekabrın 12-də Türkiyənin paytaxtı Ankarada "Qardaşlıqdan müttəfiqliyə gedən yolda Heydər Əliyevin "Bir millət, iki dövlət!" fəlsəfəsinin rolu" mövzusunda simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və diplomatik nümayəndəliyimizin kollektivi, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Yeni Azərbaycan Partiyasından Milli Məclisin deputatı Hikmət Babaoğlu, Ədalət və İnkişaf Partiyasının (AK Parti) beynəlxalq əlaqələr departamentinin sədr müavini Mehmet Ceylan, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, hərbi qulluqçular, kursantlar, yerli ictimaiyyətin nümayəndələri və digər rəsmi şəxslər Heydər Əliyev Parkında Ümummilli Liderimizin əziz xatirəsinə böyük ehtiram göstəriblər.

Azərbaycan Evinin Şuşa Konfrans salonunda keçirilən tədbir Ulu Öndərin dərin mənalı həyat və fəaliyyətini əks etdirən filmin nümayişi ilə başlayıb.

Sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsindən sonra çıxışlar olub.

Tədbir rəsmi hissə və panellərlə davam edib.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar simpoziumu açaraq Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyəti dövründə ölkəmizdə dövlət quruculuğu istiqamətində görülən işləri ardıcıl həyata keçirilmiş milli strategiya kimi dəyərləndirib. Deyib ki, siyasi hakimiyyətinin bütün dövrlərində Azərbaycanın inkişaf və tərəqqisi Ulu Öndərimizin başlıca amalı olub.

Gələn il Ulu Öndərimizin anadan olmasının 100 illik yubileyinin böyük təntənə ilə qeyd olunacağını xatırladan Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin bu barədə imzaladığı Sərəncamdan irəli gələn məsələlər Azərbaycan xalqının qəlbində Ulu Öndərə olan əbədi sevgini ehtiva edir. Ulu Öndərimiz məhz xalqımız, ölkəmiz qarşısındakı, Azərbaycan-Türkiyə qardaşlığı yolunda həyata keçirdiyi tarixi xidmətləri ilə Ümummilli Lider adını qazanıb.

Dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından danışan Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov qeyd edib ki, hər zaman xalqın dəstəyinə inanan Ümummilli Lider Heydər Əliyev nəhəng siyasi nəticələrlə başa çatan siyasi fəaliyyəti ilə bütün türk dünyasının sevimlisi idi. Əgər Ulu Öndərimiz xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətin ağırlığını çiyinlərinə götürməsəydi, bugünkü müstəqil və qüdrətli Azərbaycan olmazdı.

Ulu Öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım diqqətə çatdırıb ki, siyasi hakimiyyətinin bütün dövrlərində öndə gedən Ümummilli Lider Heydər Əliyev keçmiş sovetlər birliyi dönəmində özünün yüksək intellekti və bacarığı ilə ali hakimiyyət pillələrini məharətlə qalxaraq müsəlman-türk ictimaiyyətinin qüruruna çevrilib.

Ədalət və İnkişaf Partiyasının (AK Parti) beynəlxalq əlaqələr departamentinin sədr müavini Mehmet Ceylan çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev böyük uzaqgörənliklə Azərbaycan-Türkiyə münasibətlərinin "Bir millət, iki dövlət!" prinsipi ilə müttəfiqliyə yüksəlməsinə nail olub.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyev ilə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkə olan tükənməz el məhəbbətini xalqlarımız qarşısındakı tarixi xidmətlərin nəticəsi kimi dəyərləndirib.

Çıxışlarda əminliklə qeyd olunub ki, Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıqdan müttəfiqliyə yüksəlməsində Heydər Əliyevin "Bir millət, iki dövlət!" fəlsəfəsi mühüm rola, mənəvi gücə, əvəzolunmaz təsirə malik olub. Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi dostluq və qardaşlıq münasibətləri "Bir millət, iki dövlət!" kəlamının həyat gerçəyi olmasına əhəmiyyətli təsir göstərib. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə "Bir millət, iki dövlət!" fəlsəfəsinin real nəticəsi, Şuşa Bəyannaməsi bu tarixi kəlamın hüquqi təməlidir.

Eyni zamanda, vurğulanıb ki, siyasi hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqilliyi üçün əsaslı zəmin yaradan, eləcə də milli oyanışı təmin edən Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə Azərbaycanı uçurumdan qurtararaq dövlətimizi məhv olmaqdan, xalqımızı ümidsizlikdən xilas edib. Azərbaycanın müstəqilliyi və sürətli inkişafı Heydər Əliyevin dövlətçilik səltənəti olan şah əsəridir.

Ankara Hacı Bayram Vəli Universitetinin Jurnalistika fakültəsinin dekanı professor Zakir Avşarın aparıcılığı ilə keçirilən birinci paneldə Giresun Universitetinin professoru Yalçın Sarıkayanın, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədrinin müavini İsmail Safinin, "SOCAR Türkiyə" Kommunikasiya və Dövlətlə Əlaqələr departamentinin rəhbəri Mikayıl Yusifovun, həmçinin Bilkənd Universitetinin professoru Əmrullah Məmmədovun moderatorluğu ilə keçirilən ikinci paneldə isə Hacettepe Universitetinin doktorantı İlahə Yusiflinin və bu təhsil ocağının tələbəsi Səfiyyə Ağayevanın, Ankara Universitetinin tələbələri Azərin və Həqiqət Axundovaların çıxışları dinlənilib.

Çıxışlarda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin beynəlxalq əlaqələrin qurulması, Türkiyə ilə siyasi münasibətlərin milli strategiyaya çevrilməsi, Qafqazda sülh və sabitliyə nail olmaq üçün göstərdiyi səylər, ölkədə həyata keçirilən hüquqi islahatlar, daxili və xarici siyasətin mexanizmlərinin hazırlanması və həyata keçirilməsi, dövlət strukturlarını milliləşdirməsi kimi məsələlərdən bəhs olunub.

Müzakirələr zamanı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Türk dünyası qarşısındakı tarixi missiyası Türk dünyasının milli sərvəti kimi dəyərləndirilib.

Qeyd edək ki, simpozium Azərbaycanın Türkiyədəki səfirliyi, Ədalət və İnkişaf Partiyası, Yeni Azərbaycan Partiyası, eləcə də Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi tərəfindən birgə təşkil olunub.