Qardaşlıq və müttəfiqlik Bəyannaməsi
Türk dünyası

Qardaşlıq və müttəfiqlik Bəyannaməsi

Xalqımız tarixinin ən parlaq və möhtəşəm günlərini yaşayır. Hər birimiz üçün olduqca qürurvericidir ki, ermənilərin uzun illər işğal etdikləri doğma Qarabağımızı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, müdrik və uzaqgörən siyasəti nəticəsində qüdrətli ordumuz cəmi  44  günlük müharibə ilə azad etdi.  Bununla da zəfər, ədalət qələbə çaldı. Biz bütün dünyaya haqlı olduğumuzu bir daha sübut etdik və doğma torpaqlarımızı hərb yolu ilə geri qaytardıq. İndi artıq mədəniyyətimizin beşiyi olan Şuşa beynəlxalq əhəmiyyətli tədbirlərin mərkəzinə çevrilməkdədir. Qars müqaviləsinin bağlanmasından ötən 100 ildən sonra Milli Qurtuluş Günü iki qardaş ölkənin rəhbərləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış  Şuşa Bəyannaməsi ölkələrimiz üçün müstəqillik münasibətləri baxımından olduqca vacib və əhəmiyyətli bir hadisədir. Ölkəmiz müstəqillik qazandıqdan sonra qardaş Türkiyə dövlətinin bütün səviyyələrdə xalqımızın  yanında olduğunun canlı şahidi olmuşuq. İki dost və qardaş ölkə arasında imzalanmış Şuşa Bəyannaməsi bir daha Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin yeni bir mərhələsidir. Bu sənəd iki dost ölkənin milli maraqlarına, ölkələrimizin daxili və xarici siyasətlərinin qarşılıqlı əlaqəsinin daha da inkişaf etdirilməsinə  istiqamətləndirilmişdir. Torpaqları işğaldan azad olunmuş ölkəmizin beynəlxalq aləmdə nüfuzunun qaldırılması üçün də əhəmiyyətli bir Bəyannamədir. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada beynəlxalq səviyyəli tədbirlərin “Xarıbülbül” festivalının, iki dövlət başçılarının imzaladıqları Şuşa Bəyannaməsi xalqımızın arzularını reallaşdırdı. Qardaş Türkiyə dövləti tərəfindən imzalanmış bu sənəd bir daha Türkiyənin xalqımıza olan mənəvi siyasi dəstəyidir. Şuşa Bəyannaməsi eyni zamanda qonşu ölkələrlə münasibətlərin normallaşdırılması, sülhün, təhlükəsizliyin təmin olunması baxımından da əhəmiyyətlidir. Ölkələrimizə hər hansı bir xarici müdaxilə və təcavüz ediləcəyi halda hər iki dövlət bir-birinə lazımi köməklik və yardım göstərməsi Bəyannamədə öz əksini tapmışdır. Məlumdur ki, türk ordusu dünya miqyasında uğurları, nailiyyətləri ilə tanınan bir ordudur.

Bəyannamədə Silahlı Qüvvələrimizin beynəlxalq standartlara uyğun formalaşdırılması nəzərdə tutulur. Bu isə ölkəmizin gələcək müdafiə qabiliyyətinin artırılması, ordumuzun müasir texnologiyalardan istifadəetmə və idarəetmə bacarıqlarının təkmilləşdirilməsi üçün vacibdir. Şuşa Bəyannaməsinin müstəsna əhəmiyyətindən biri də hər iki dövlət, eləcə də region ölkələri üçün xüsusi önəm kəsb edən Türkiyə və Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin açılmasıdır. Bu beynəlxalq nəqliyyat  dəhlizinin  açılması region dövlətləri üçün də faydalı olacaq.

Məhərrəm ABASOV,

Xaçmaz Rayon Ağsaqqallar Şurasının sədri.