Qardaşlıq, əməkdaşlıq, müttəfiqlik nümunəsi
Siyasət

Qardaşlıq, əməkdaşlıq, müttəfiqlik nümunəsi

Şuşa Bəyannaməsi regionda uzunmüddətli sülhə və davamlı inkişafa xidmət edir

Azərbaycan və Türkiyə prezidentləri tərəfindən bu il iyun ayının 15-də Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi ölkələrimizin müxtəlif sahələrdə imkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsini nəzərdə tutan unikal tarixi sənəddir. Müttəfiqlik Bəyannaməsi Azərbaycan-Türkiyə strateji əməkdaşlığının yeni, keyfiyyətcə daha yüksək mərhələyə keçidini təmin etdi. Eyni zamanda da  Şuşa Bəyannaməsinin imzalanması bölgədə, eləcə də bütün Cənubi Qafqaz regionunda bundan sonra sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış edə biləcək möhtəşəm hadisədir.

Şuşada keçirilən görüşlər, Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə münasibətlərində yeni səhifə açdı. İki dost, qardaş ölkə müttəfiqliklərini dünyaya bəyan etdilər. Azərbaycanın Zəfərinin əsas simvolu olan mədəniyyət paytaxtımız Şuşada hər iki Prezidentin imzaladığı sənəd bu dövlətlərin həmişə birlikdə olacaqlarını, birlikdə mübarizə aparacaqlarını, Türkiyə və Azərbaycan qardaşlığının daimi və əbədiliyini təsdiqləyən və möhürləyən tarixi hadisə oldu.

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata verdiyi bəyanatında qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. “Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”, - deyə dövlətimizin başçısı vurğulayıb.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə siyasi, iqtisadi, ticari əlaqələr, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, müdafiə sənayesindəki əməkdaşlıq, hərbi əməkdaşlıq və qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizi və s. mühüm məsələlər öz əksini tapıb.

İşğaldan azad edilmiş Şuşa şəhərinə ilk xarici ölkə başçısı kimi səfər edən Rəcəb Tayyib Ərdoğan bununla Vətən müharibəsindən sonra da bizim birliyimizi və həmrəyliyimizi nümayiş etdirdi.

Bu səfər dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının reallıqda bir daha təsdiqidir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Müttəfiqlik Bəyannaməsi  iki ölkə arasında münasibətlərin ən yüksək zirvəyə çatmasının göstəricisidir. Şuşa Bəyannaməsi türk dövlətləri arasında əhatəli əməkdaşlığın ən üst səviyyələrə çatdırılması üçün nümunəvi sənəd olaraq tarixdə qalacaq. Avqustun 14-də  Prezident İlham Əliyev “CNN Türk” televiziya kanalına verdiyi müsahibəsində bildirmişdir: “Mən dəfələrlə demişəm ki, bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Mən hər zaman deyirdim ki, ölkələr arasındakı münasibətlər əməldə olmalıdır. Çünki yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı çıxışlar edə bilər. Amma ağır gündə sən gəl yanında dur. Necə ki, Türkiyə İkinci Qarabağ savaşında bizim yanımızda durdu. Mən tam əminəm ki, Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Çünki Türkiyə bizim üçün doğma ölkə, doğma vətəndir və sizin üçün də Azərbaycan doğma vətəndir. Əziz Qardaşımla imzaladığım Şuşa Bəyannaməsi bunun zirvəsidir. Yəni, bizim əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxdı”.

Azərbaycanla Türkiyə arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən danışarkən bir məqamı xüsusilə diqqətə çatdırmaq lazımdır. Bu da ondan ibarətdir ki, hər iki ölkədə əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə həm dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir, eyni zamanda, cəmiyyətlər də buna böyük maraq nümayiş etdirirlər. Ölkələrimiz arasında siyasi dialoq yüksək dinamizm ilə fərqlənir. Qarşılıqlı hörmətin və etimadın ifadəsi olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət başçısı seçildikdən sonra ilk səfərini, bir qayda olaraq, Türkiyəyə edir, eləcə də Türkiyə Prezidenti dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırır. Bu ənənə digər səviyyələrdə də davam etdirilir.

Şuşa Bəyannaməsində iki ölkənin bundan sonrakı müttəfiqliyinin və iş birliyinin mühüm istiqamətləri öz əksini tapıb. Sənədin önəminə diqqət çəkən Prezident İlham Əliyev “Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”, - deyə vurğulayıb.

Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.   Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, həmçinin BMT, ATƏT, Avropa Şurası, TDƏŞ, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər.

Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin, həmçinin hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır. Buraya, həmçinin hər iki ölkənin təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması da daxildir.

Tarixi sənəd özündə Azərbaycan və türk xalqları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsini də ehtiva edir.

Bu Bəyannamə iki qardaş xalqın yenilməz iradəsinin ifadəsi, dostları sevindirən, düşmənləri ciddi narahat edən qətiyyətinin təntənəsidir. Şuşa Bəyannaməsi 100 il əvvəl - 1921-ci il 13 oktyabrda imzalanmış Qars müqaviləsindən sonra Türkiyənin Azərbaycana dəstəyini ən güclü formada nümayiş etdirən rəsmi sənəd oldu. Qars müqaviləsinə istinad edilən Bəyannamə öz formatına görə ondan daha əhatəli sənəddir. Bu sənəddə Zəngəzur dəhlizinin açılması ilə əlaqədar  müvafiq tədbirlərin həyata keçirilməsi, iqtisadiyyat, təhsil, müasir texnologiyalar üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi və digər tədbirlər nəzərdə tutulur.

Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək   səviyyədə inkişafı təkcə bu iki dövlətin deyil, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Şuşa Bəyannaməsi Türk dünyasının iqtisadi, siyasi və mədəni birliyi ilə daha da sarsılmaz olacaq. Bundan başqa, işğaldan azad olunan ərazilərin sürətli şəkildə yenidən qurulmasını və keçmiş məcburi köçkünlərin oraya qayıdışını daha da sürətləndirəcək. Türkiyə və Azərbaycan arasındakı imzalanmış Şuşa Bəyannaməsi ilə təkcə  iki qardaş ölkəni deyil, bütün türk dünyasını, eləcə də Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin açılması qətiləşdi və bu proses sürətləndiriləcək. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır. Beləliklə, daha bir kommunikasiya xətti türk dünyası coğrafiyasında, eləcə də Asiya və Avropa arasında əlaqələrin daha sürətli və asan olmasına şərait yaradacaq.

Şuşa Bəyannaməsi öz əhəmiyyətinə görə region ölkələrinin, o cümlədən Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşməsinə və iş birliyinin genişlənməsinə xidmət edəcək.  Beləliklə, Şuşada imzalanan Azərbaycan-Türkiyə strateji müttəfiqliyini, əməkdaşlığın bütün sahələrini özündə ehtiva edən Bəyannamə təkcə iki qardaş ölkənin əlaqələrini yeni fazaya keçirmir, həm də region üçün uzunmüddətli sülh və davamlı inkişafa yönəlmiş gələcək vəd edir.

Müşfiq MİRZƏ,

“Respublika”.