Qardaşlığın, birliyin və həmrəyliyin müttəfiqlik zirvəsi
Siyasət

Qardaşlığın, birliyin və həmrəyliyin müttəfiqlik zirvəsi

Azərbaycan-Türkiyə... Eyni soykökə, dilə, dinə, mədəniyyətə malik olan bir millət, iki dövlət. Dar gündə bir-birinə həyan olan, sevincini sevinci, kədərini kədəri bilən iki qardaş ölkə… Bir-birinə dost, müttəfiq olan Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələr 30 il əvvəl qurulmuş və uğurla inkişaf etmişdir. Etibarlı tərəfdaş olaraq böyük iqtisadi layihələrin reallaşmasına öz töhfələrini verən ölkələrimiz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri ilə regionda əlaqələrini genişləndirməklə bərabər, həm də bölgədəki mövqelərini daha da möhkəmləndirir. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Anadolu qaz boru kəməri layihəsi isə iki ölkənin səmimi dostluq və faydalı tərəfdaşlığının nümunəsidir.

Azərbaycan ilə Türkiyənin istər enerji təhlükəsizliyi, istər hərbi və müdafiə sənayesi, humanitar və s. sahələr üzrə əlaqələrinin genişlənməsi hər iki ölkənin inkişafına əhəmiyyətli dərəcədə öz təsirini göstərir. Regional maraqları da üst-üstə düşən ölkələrimiz həyata keçirdikləri müstəqil xarici siyasət nəticəsində regionda mühüm əhəmiyyətli layihələrin reallaşmasında birgə fəaliyyət nümayiş etdirirlər. Belə ki, Zəngəzur dəhlizi hər iki ölkənin regionu əməkdaşlıq zonasına çevirmək səylərinin təsdiqidir.

Birliyin, həmrəyliyin müttəfiqlik zirvəsinə yüksəlmiş münasibətlər, tarixi köklərə qırılmaz tellərlə bağlı olan, sağlam təməl üzərində qurulan siyasi, iqtisadi, hərbi, mədəni əlaqələr qarşılıqlı surətdə inkişaf edərək bütün sahələrdə müsbət nəticələr verir. Hər iki ölkənin ortaq mədəniyyəti, xalqlarının doğmalığı, liderlərinin bir-biri ilə səmimi münasibəti, dövlətlərin ümumi maraqları bu əlaqələrin yüksək səviyyədə davamlı inkişafını şərtləndirir. Azərbaycan ilə Türkiyə arasında dinamik şəkildə inkişaf edən əməkdaşlıq əlaqələri bütün türk dünyasını əhatə etməklə yanaşı, həm də regionun ümumi tərəqqisinə, sabitliyin, təhlükəsizliyin bərqərar olmasına xidmət edir. Bu əlaqələr yalnız dövlətlər və ya güclər səviyyəsində deyil, həm də cəmiyyətlər səviyyəsində strateji müttəfiqlik xarakteri daşıyır. Belə ki, hər iki ölkənin dövlət başçıları arasındakı yaxın, səmimi münasibətlər xalqlarımız tərəfindən də yüksək səviyyədə dəstəklənir.

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin dostluq, qardaşlıq münasibətləri ölkələrimizi əvvəlcə strateji tərəfdaşlıq, daha sonra isə strateji müttəfiqlik səviyyəsinə qaldırmışdır. 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edən "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalamışlar. Azərbaycan Prezidenti İlham Əliyev bu il fevralın 12-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalamışdır. Həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin qüvvəyə minməsi haqqında qərar vermiş və bəyannamə 2022-ci il fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənmişdir. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə dövlət başçılarının bütövlükdə türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərinin regional və beynəlxalq müstəvilərdə irəli aparılması istiqamətində atılmış uğurlu, məqsədyönlü və düşünülmüş siyasətinin nümunəsidir. İkitərəfli münasibətlərin inkişafında Prezident Rəcəb Tayyib Ərdoğanın "yol xəritəmiz" olaraq xarakterizə etdiyi Şuşa Bəyannaməsi ölkələrimiz arasında təhlükəsizlik, hərbi, iqtisadi, enerji və nəqliyyat sahələrində əlaqələrin gələcəyini müəyyən edir.

Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq dinamik surətdə inkişaf edir. Son dövrlərdə bu sahədə mühüm nailiyyətlər əldə edilmişdir. Belə ki, 2020-ci ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin müdafiə naziri Hulusi Akar ilə görüşündə Azərbaycan ordusunun Türkiyə ordusu modelinə keçəcəyini bildirmiş və həmin ildən keçid prosesinə başlanmışdır. Xeyli müddətdir ki, iki qardaş ölkənin silahlı qüvvələri müasir tələblər səviyyəsində formalaşdırılaraq birgə fəaliyyət göstərir. İkinci Qarabağ müharibəsində Türkiyədə hərbi təlim keçən və türk ordusu modeli ilə qurulan xüsusi bölmələrin hərbi uğurları bunun bariz nümunəsidir. Postmüharibə dövründə Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən Hadrutda Azərbaycan Komando birləşmələrinin yaradılması, döyüş qabiliyyətinin daha da yüksəldilməsi, təkmilləşdirilməsi məqsədilə ən son model döyüş texnologiyaları ilə gücləndirilən Azərbaycan Ordusunun Türkiyənin yüksək səviyyəli təlimlərində iştirak etməsi bu sahədə atılan uğurlu addımlardır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən birgə döyüş atışlı taktiki təlimlər döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilmiş, təlimlərdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət göstərilmişdir. Birgə fəaliyyət əsasında hərbi qulluqçular arasında geniş təcrübə və fikir mübadiləsinin aparılması onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verir.

Diplomatik münasibətlərin 30-cu ildönümündə Azərbaycan və Türkiyə diplomatiyadan iqtisadiyyata, hərbidən energetikaya və nəqliyyata qədər bir çox sahələrdə bütün dünyanın həsəd aparacağı uğurlara nail olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın "İl Sole 24 Ore" qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsi zamanı Azərbaycanın regionda münasibətlərini çox yaxşı balanslaşdırdığını, qonşu ölkələrlə ayrı-ayrılıqda ikitərəfli əməkdaşlıq gündəliyinin olduğunu, ədalətli və səmimi şəraitdə, heç vaxt vədini pozmayaraq yüksək səviyyədə əməkdaşlıq etdiyini bildirmişdir. Ölkə başçımız ötən il Azərbaycan ilə Türkiyə arasında imzalanan müttəfiqlik haqqında Bəyannamənin regional sabitlik üçün çox əhəmiyyətli amil olduğunu xüsusi vurğulayaraq demişdir: "Türkiyənin Azərbaycana həm siyasi, həm də mənəvi dəstək göstərdiyi İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim münasibətlərimiz daha da gücləndi. Beləliklə, bu, çox mühüm amildir. Türkiyə və Azərbaycan regionda bir çox məsələlərlə bağlı demək olar ki, vahid komanda kimi hərəkət edir. Bu da hamı tərəfindən nəzərə alınmalıdır".

Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin ən mühüm nailiyyətlərindən biri də 30 il işğal altında olan Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsidir. İkinci Qarabağ müharibəsində ölkələrimizin diplomatik əməkdaşlığı Qarabağda işğala son qoymaqla yanaşı, təkcə Ermənistana deyil, bütün dünyaya göstərdi ki, Azərbaycan-Türkiyə birliyi sarsılmazdır. İkinci Qarabağ müharibəsinin başladığı ilk saatlarından son gününə qədər Azərbaycanın yanında olan qardaş Türkiyə dövləti və türk xalqı müharibə bitdikdən, şanlı zəfərimiz əldə olunduqdan sonra da ölkəmizə dəstəyini və ən əsası qardaş məhəbbətini əsirgəmədi, hər zaman olduğu kimi çətin günlərdə Azərbaycana arxa-dayaq oldu.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Azərbaycan və Türkiyənin regional siyasətləri üçün yeni imkanlar yaratdı. Belə ki, iki qardaş ölkə region üçün sabitliyin və əməkdaşlığın qarantıdır. Bu gün Azərbaycan-Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması və bütün region dövlətlərinin iştirak etdiyi əməkdaşlıq platformasının yaradılması hər iki ölkənin xarici siyasətinin əsasını təşkil edir.

Əlaqələrini bütün istiqamətlərdə inkişaf etdirən Azərbaycan və Türkiyə arasında ölkələrin milli maraqlarına cavab verən və heç bir dövlətə yönəlməyən hərbi-siyasi, kiber təhlükəsizlik sahəsində əməkdaşlıq daha da inkişaf etdirilir, hər iki dövlətin milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bütün bunlar isə dostluq, qardaşlıq, ortaq soykök, dil, din, mədəniyyətin birləşdirdiyi ölkələrimizi daha da möhkəmləndirir, qüdrətləndirir.

Mehparə ƏLİYEVA,

"Respublika".