QARDAŞ TÜRKİYƏ BU ÇƏTİNLİYİ DƏ AŞACAQ
Türk dünyası

QARDAŞ TÜRKİYƏ BU ÇƏTİNLİYİ DƏ AŞACAQ

Şair yerində deyib: "Bir ürəkdə iki can, Türkiyə-Azərbaycan". Əsrlərdir ki, ölkələrimizi əsl qardaşlıq, sarsılmaz dostluq münasibətləri birləşdirir. Tarixin ən çətin sınaqlarında Türkiyə Azərbaycanın yanında olub. Ulu Atatürk demişdir ki, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir".

Xalqımızın ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" formulu Azərbaycan-Türkiyə qardaşlığını çox gözəl əks etdirir. Ölkəmizin müstəqilliyini tanıyan ilk dövlət olan Türkiyə həmişə səsimizə birinci səs verib, qardaşlıq köməyini bizdən heç vaxt əsirgəməyib. 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycanın yanında olduğunu bütün dünyaya göstərdi. Möhtəşəm, şanlı tarixi qələbəmizə ən çox sevinən də Türkiyə oldu.

Fevral ayının 6-da qardaş ölkədə baş vermiş güclü zəlzələ xalqımızı dərindən sarsıtdı. Hər birimiz dağıntılar altında qalmış, həyatını itirmiş insanların kədərini yaşayır, qardaş dövlətin acısına, dərdinə şərik oluruq.

Zəlzələnin baş verdiyi gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayıb xalqımızın kədərini, üzüntüsünü ona çatdırdı. Fevralın 8-də möhtərəm Prezidentimiz Türkiyənin ölkəmizdəki səfirliyinə gələrək böyük türk xalqına başsağlığı verdi.

Cənab Prezident Türkiyənin səfiri Cahit Bağçı ilə söhbətində dedi: "Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir".

Fevral ayının 25-də dövlətimizin başçısı İstanbul şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü. Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verdi, xəsarət alanların tezliklə şəfa tapmasını arzuladı. Dövlətimizin başçısı bu faciədən çox kədərləndiyini və onun Azərbaycan xalqını dərindən sarsıtdığını bildirdi. Azərbaycanın və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduqlarını bildirən möhtərəm Prezident ölkəmizin bu faciənin ilk günündən qardaş Türkiyənin yanında olduğunu qeyd etdi.

Sadə insanlar da eyni fikirdədir. Masallı rayonunun Viləş kənd sakini Ziba Əsgərova iki şəhid anasıdır. İki övladı İntiqam və Nurlan Əsgərli Aprel döyüşlərinin iştirakçısı olub. Nurlan Əsgərli Talış kəndində döyüş zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Qardaşı İntiqam Əsgərli Türkiyədə hərbi təlim keçmişdi. Peşəkar hərbçi idi. Namərd düşməndən şəhidlərin və qardaşının qisasını alacağına söz vermişdi. 44 günlük Vətən müharibəsində igidlik, şücaət, hünər göstərdi. Şuşa uğrunda gedən döyüşlərdə şəhid oldu. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə İntiqam Əsgərli ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görüldü.

Ziba xanım Türkiyədə minlərlə insanın ölümünə səbəb olmuş dəhşətli zəlzələdən çox sarsıldığını bildirərək deyir: "Üzümüz qəmli, kədərli, gözlərimiz nəmlidir. Qardaş və bacılarımıza kömək üçün nə mümkündürsə, onu etməyə çalışırıq. Dualarımız Türkiyə, on minlərlə yaralı bacı-qardaşlarımız üçündür.

Bu günlərdə Masallıdan seçilən millət vəkillərindən Anar İsgəndərov və Məşhur Məmmədovla başsağlığı vermək üçün Bakıda Türkiyə səfirliyinə getdik. Səfirliyin binası qarşısında şəhidlərin xatirəsini gül çələngləri ilə yad etdik. Səfir Cahit Bağçı bizi çox mehriban qarşıladı. Hər üçümüz qardaş ölkənin səfirinə başsağlığı verdik".

Camal Camalovun 85 yaşı vardır. Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yaşayır. Uşaq evində böyüyüb. Çox çətin, ağrılı həyat yolu keçib.

"Türkiyə bizə qardaş, dost, ən doğma ölkədir", - deyə ağsaqqal Camal kişi söhbətə başlayır: "Türkiyənin qardaşlıq köməyini heç vaxt unuda bilmərik. Çətin gündə biz də onun yanında olmalıyıq. Biz daim sənin yanındayıq, əziz Türkiyə!", - deyə fikrini tamamlayır. 

Göründüyü kimi, təkcə dövlətlərarası deyil, insanlar səviyyəsində də əsl doğmalıq, qardaşlıq mövcuddur. Sadə, zəhmətkeş insanlar həmişə olduğu kimi, qardaş Türkiyəyə dəstəyini, həmrəyliyini nümayiş etdirirlər. Qüdrətli Türkiyə tezliklə bu acı sınaqdan da şərəflə çıxacaq, gücünü bir daha bütün dünyaya göstərəcəkdir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".