Qaradağlı kəndində xatirə bulağı
Region

Qaradağlı kəndində xatirə bulağı

Tərtər rayonunun Qaradağlı kəndindən olan, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan, 1998-ci il təvəllüdlü Hüseynov Aslan Malik oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Aslan Hüseynovun qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.

Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək Vətən müharibəsində Milli Ordumuzun göstərdiyi döyüş şücaətindən, xalq-iqtidar-ordu birliyindən danışaraq, Azərbaycan əsgərinin məğlubedilməzliyini, qalib əsgər olduğunu dilə gətirib.

Tədbirdə çıxış edənlər Vətən müharibəsində qazanılan tarixi qələbənin əhəmiyyətindən danışaraq, şərəfli döyüş yolu keçən və Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olan Aslan Hüseynov və onun kimi oğullarımızın xatirəsinin heç vaxt unudulmayacağını bildiriblər.

Şəhid Hüseynov Aslan Malik oğlu Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhidin atası Malik Hüseynov onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib. Şəhidin övladlarının və məktəblilərin ifasında şəhidlərə, vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Vəli VƏLİYEV,

"Respublika".