Qarabağın, xüsusilə Şuşanın azad edilməsi Azərbaycan tarixinin ən şanlı səhifəsidir
Siyasət

Qarabağın, xüsusilə Şuşanın azad edilməsi Azərbaycan tarixinin ən şanlı səhifəsidir

"...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir.

Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar.  Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı  böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir".

Heydər ƏLİYEV,

Ümummilli lider.

XVIII əsrin ortalarında  Qafqazda, əsasən də İranda və Azərbaycanda mərkəzləşdirilmiş dövlətin süqutundan sonra bu ərazilərdə  müstəqil xanlıqlar yarandı.  Yaranan xanlıqlardan  biri də Qarabağ xanlığı oldu. Öz siyasətini yürüdən və iqtisadiyyatını inkişaf etdirən bu xanlıqların hər biri hakimiyyəti altında olan əraziləri, idarə etdiyi şəhər və kəndləri inkişaf etdirməyi planlaşdırırdı. Və bu səbəbdən də xanlığın mərkəz şəhərinin salınması düşünülürdü. Bu həmin dövrlər idi ki, Cənubi Qafqazın hərbi-siyasi tarixində  mürəkkəb hadisələr və qırx illik  müharibə (1709-1749) tam olaraq başa çatmamışdı. Müharibə və üsyanlar davam edirdi. Belə bir şəraitdə xanlıqların ərazi bütövlüyü və siyasi müstəqilliyini qorumaq üçün yaxşı möhkəmləndirilmiş  şəhərlər, eyni zamanda paytaxt şəhərin olması vacib hesab edilirdi.

Pənahəli xan şəhər  tikintisində Qarabağ xanlığının mühafizəsini düşünərək  ilkin olaraq Araz çayından Göyçə gölünə, Tərtər çayından Mehri, Tatev və Sisiana qədər uzanaraq Qarabağ, Zəngəzur və Bərgüşad ərazilərini əhatə edən geniş möhkəm qala inşa etməyə qərar verir. İlkin olaraq  1748-ci ildə Bərdə yaxınlığında Bayat qalasının inşasına başlanılır. Pənahəli xan "ailəsinin yaşaya biləcəyi və yadellilərin hücumu zamanı xalqı qoruyacaq bir qala" istəyirdi. Buna görə də Bayat qalası dərin xəndəklər və qalın xarici divarlarla əhatə edilirdi.  Lakin qala yadellilərin hücumlarına tab gətirib, xanlığın  ərazisini mühafizə edə bilmir. Bundan sonra Pənahəli xan yeni qala inşası haqqında düşünür  və sonradan Şahbulaq adlandırılan Tərnəküt adlı yerdə, Şah bulağı adlı bulağın yaxınlığında, Ağdamdan 10 km aralıda yerləşən dağətəyi məkan qala tikintisi üçün  seçilir.

Xanın şəxsi göstərişi ilə burada qala, daş evlər, məscid, hamam və bazar inşa edilir. Şahbulaq qalası da xanlığın təhlükəsizliyində böyük rola malik olmur. Bu səbəbdən də bir müddətdən  sonra Pənahəli  xan  yeni bir qalanın tikintisi üçün təhlükəsiz yer axtarır və bu coğrafi məkan indiki Şuşa qalasının inşa edildiyi ərazi olur. Şuşa qalası  dəniz səviyyəsindən 1300-1600 m hündürlükdə yerləşir. Üç tərəfdən sıldırım  qayalarla əhatələnən dağlıq yayla xanın təhlükəsiz şəhər salması üçün əlverişli ərazi hesab edilir.  Burada tikilən şəhər əvvəlcə xanın şərəfinə adlandırılsa da, sonralar şəhər  Şuşa  kimi tanındı.

XIX əsrin sonu - XX əsrin əvvəllərində köçkün ermənilərin hesabına şəhərdə əhalinin mexaniki artımı təbii artımı bir neçə dəfə üstələmişdi. Rusiyanın Cənubi Qafqazda həyata keçirdiyi xristianlaşdırma siyasəti Şuşa şəhərinin həm inzibati statusuna, həm də demoqrafik vəziyyətinə ciddi təsir göstərdi. Bu geosiyasi  proses   ruslar və ermənilər tərəfindən məqsədli olaraq  Şuşanın ermənilər tərəfindən işğalına qədər davam etdi.

Azərbaycan xalqı heç bir zaman 20 faiz torpaqlarının, əsasən də Şuşanın işğalı ilə barışa bilmədi. Nəhayət ki, ermənilərin növbəti təxribatı baş verdi. Lakin səbri daşmış xalq artıq bu işğalçılığa son vermək üçün ayağa qalxdı. Azərbaycan Respublikasının Ali Baş Komandanı, dəmir yumruqlu Prezidentin bir cağırışı ilə 100 minlərlə insan Vətənin müdafiəsinə qoşuldu. 27 sentyabr 2020-ci il tarixində ikinci Qarabağ savaşı başladı.  Xalq-Ordu-Prezident birliyi torpaqlarımızın işğaldan azad olunmasına  səbəb oldu. Nəhayət, uzun illərdən sonra Şuşa şəhəri qəhrəman Azərbaycan Ordusunun, vətəndaşının, Prezidentinin birgə gücü ilə 8 noyabr tarixində erməni işğalından azad edildi.

Ermənilər təkcə Azərbaycan millətinə deyil, onun yaşayış məskənlərinə, mədəniyyətinə, təbiətinə böyük ekoloji zərbələr vurmuşdur. XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzi olmuşdur. Şuşa  "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırılıb. Şəhərdə Sovet dövründə tar, kamança, ud, nağara və digər musiqi alətləri istehsal edən yeganə Şərq Milli musiqi alətləri fabriki fəaliyyət göstərib. Lakin işğal zamanı bütün bunlar dağıdılıb məhv edilmişdir.  Şuşa şəhəri erməni vandallığına məruz qalaraq viran edilmiş, məscid və muzeyləri məhv edilmişdir. Ermənilər işğalda olan ərazilərin bütün yaşayış məskənlərini, dini abidələri, muzeyləri, məktəb və mədəniyyət ocaqlarını dağıdıb, talayıb viran etmişlər. Azərbaycan Ordusu, Azərbaycan Vətəndaşı  erməni vandallığını müdafiə edən dünyaya sübut etdi ki, Azərbaycan xalqı məğrur, igid xalqdır. Azərbaycan xalqı bir qarış torpağının düşmən işğalında qalmasını qəbul edə bilməz.

Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev noyabrın 8-də Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin erməni işğalından azad edildiyini bəyan edərək demişdir:

"Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!"

Azərbaycan xalqına  bu Zəfəri  yaşadan qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayırıq. Bu zəfər Ordu-Xalq-Prezident sevgisinin bariz nümünəsidir.

Arifə ƏHMƏDLİ,

   Gəncə Dövlət Universiteti.