Qarabağın xoş növrağı
Digər xəbərlər

Qarabağın xoş növrağı

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında dost ölkələr Azərbaycanın yanındadır

İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərir. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində bildirib. Türkiyə şirkətlərinin birinci yerdə olmasını təbii adlandıran dövlətimizin başçısı deyib: "Çünki Türkiyə bizim müttəfiqimiz, yaxın dostumuz və qonşumuzdur. Onların məşhur tikinti şirkətləri var. İkinci yerdə isə İtaliya şirkətləridir".

Azərbaycan Prezidenti onu da qeyd edib ki, bizim Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad edilmiş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib. Daha bir İtaliya şirkəti Şuşada yeni məscidin layihəsini dizayn edib və onu icra edəcək.

Azərbaycan Vətən müharibəsindən ötən iki ildən çox vaxtda işğaldan azad olunmuş ərazilərdə nəhəng layihələr həyata keçirib və bununla da bütün dünyaya bu torpaqların əsl sahibinin kim olduğunu bir daha nümayiş etdirir. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işlərinin vüsəti onu göstərir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən torpaqlarını işğaldan azad etdiyi kimi, xalqımız öz Prezidentinin rəhbərliyilə həmin torpaqları da yenidən dirçəldəcəkdir.

Prezident İlham Əliyevin bölgələrə etdiyi səfərlərin bu ərazilərdə aparılan işlərin intensivliyini stimullaşdıran əsas amil olduğu hər kəsə bəllidir. Dövlət başçısının hər bir layihənin icrasını xüsusi diqqətində saxlaması, ilk növbədə, bu işlərin yüksək effektivliyini təmin edir. Bəziləri düşünür ki, cəmi bir neçə kilometr uzunluğu olan kiçik kənd yolunun əhəmiyyəti onlarla kilometr məsafəyə uzanan, şəhərləri, rayonları birləşdirən magistral yolların əhəmiyyətindən azdır. Ancaq unutmaq lazım deyil ki, istər kiçik, istərsə də böyük yollar birbaşa vətəndaşların, insanların istifadəsi, onların rahatlığı üçün çəkilir. İnsan amili isə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında durur. Ölkə Prezidenti İlham Əliyev bölgələrə etdiyi səfərlər zamanı istinasız olaraq bütün layihələrin icrası ilə ən xırda təfərrüatlara, detallara qədər şəxsən maraqlanır, işlərin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr verir.

Ötən il iyun ayının 26-da dövlət başçısı Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfərləri çərçivəsində bir neçə təməlqoyma və açılış mərasimlərində iştirak edib. Kəlbəcər İşğal və Zəfər muzeyləri komplekslərinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunel tikintisi ilə, Kəlbəcər-Laçın avtomobil yolunun inşası, Kəlbəcərdə tikilməkdə olan "Çıraq-1" kiçik su elektrik stansiyasında, Laçın rayonunda 110 kV-luq "Qorçu" elektrik yarımstansiyasında aparılan işlərlə, Laçın Beynəlxalq Hava Limanının tikintisilə yaxından tanış olub. Ölkə başçısı həmçinin "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib, Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoyub. Eyni zamanda Kəlbəcər şəhərinin baş planı, Laçın rayonunda "Həkəriçay" Su Anbarı layihəsi də Prezidentə təqdim olunub.

Dövlət başçısı İlham Əliyevin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində Silahlı Qüvvələr Günündə Kəlbəcərdə yeni tikilmiş "N" saylı hərbi hissənin açılışında və komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirakı birmənalı olaraq həm siyasi, həm də mənəvi baxımdan son dərəcə əhəmiyyətli bir hadisə idi. Tədbirdə çıxış edən dövlət başçısı bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

Azərbaycan dövləti qısa zaman ərzində digər işğaldan azad edilmiş rayon və şəhərlərdə olduğu kimi, Laçında da genişhəcmli işlər aparır.

Düşmən burada da görünməmiş vəhşiliklər törətmiş, rayonda normal bir tikili belə saxlamamış, hamısını dağıtmışdı. Bir sözlə, Laçın şəhəri də bütün işğal olunmuş digər yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmışdır. Hələ bu azmış kimi ermənilər Laçın şəhərində qanunsuz məskunlaşma aparmış, Ermənistandan əsasən xaricdən, Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər.

Artıq Laçın azaddır və dövlətimiz Laçında da genişmiqyaslı quruculuq-abadlıq işləri aparır. 10 noyabr 2020-ci il tarixli Bəyanatla dekabr ayının 1-də Azərbaycan Ordusu bir güllə belə atmadan Laçını azad etmiş oldu. Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu Laçın şəhərindən keçdiyi üçün o vaxt şəhər nəzarətimizə götürülməmişdi. Ancaq üçtərəfli Bəyanatda da nəzərdə tutulduğu kimi, Azərbaycan deyilən vaxtdan da az bir müddətə sözügedən yola alternativ yol çəkdi və bundan sonra, 2022-ci il avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə təntənəli şəkildə daxil oldu.

2021-ci il fevralın 15-də Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə "Güləbird" Su Elektrik Stansiyası işə salındı. Bu stansiya Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək, təxminən 7000 nəfər əhalinin enerji ilə təminatında mühüm rol oynayacaq. Həmin il avqustun 16-da Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub. Bu hava limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır.

2022-ci il sentyabrın 20-də dövlət başçısı Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Ermənistanın işğalı zamanı Laçında mövcud olmuş 14 kiçik su elektrik stansiyası darmadağın edilib. Həmin stansiyalar bərpa olunacaq və əlavə 14 yeni su elektrik stansiyası tikiləcək. Beləliklə, 28 su elektrik stansiyası olacaq ki, onların ümumi gücü 120 meqavat təşkil edəcək. Bu, Laçının enerji tələbatından bir neçə dəfə çoxdur.

Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq "Laçın" Qovşaq Yarımstansiyasının 2022-ci il sentyabrın 21-də təməlqoyma mərasimi olub. Sentyabrın 22-də Prezident İlham Əliyev Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Laçın rayonu Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsindən Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300 min manat ayrılıb. Həmin tarixdə dövlət başçısı Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb.

Laçın şəhərinin dayanıqlı su təchizatının aparılması məqsədilə layihələndirmə işlərinə də start verilib. Mütəxəssislər tərəfindən subartezian sahəsinə, anbarlara, nasos stansiyalarına baxış keçirilib, vəziyyət yerində qiymətləndirilib. Yararsız hala salınmış subartezian quyuları, nasos stansiyaları və digər hidrotexniki qurğular bərpa edilir, anbarlar yuyulub təmizlənərək istismara qaytarılır. Hazırda Laçın istiqamətində sərhədlər möhkəmləndirilir, rayonda fərqli təyinatlı yol, enerji infrastrukturu layihələri reallaşdırılır.

Bəli, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri sürətlə davam edir. Bu işdə dost ölkələr də Azərbaycanın yanındadır. Məqsəd keçmiş məcburi köçkünləri öz yurd-yuvalarına qaytarmaq, Böyük Qayıdışı təmin etməkdir. O gün isə addım-addım yaxınlaşır. Azərbaycan bu işdə də özünə güvənir, öz gücünə arxalanır...

Zümrüd QURBANQIZI,

"Respublika".