Qarabağın və Şərqi Zəngəzurun bərpası regionun inkişafında yeni imkanlar yaradacaq
SİYASƏT

Qarabağın və Şərqi Zəngəzurun bərpası regionun inkişafında yeni imkanlar yaradacaq

44 günlük Vətən müharibəsinin qalibi olan güclü Azərbaycan strateji addımları ilə öz qələbəsini möhkəmləndirir, qətiyyətli mövqeyi ilə qalib xalq və dövlət imicini gücləndirir. Xüsusilə də, Qələbənin memarı – müəllifi olan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara mütəmadi səfərləri müstəsna əhəmiyyətli tarixi-siyasi hadisədir. Bu, qalib dövlətin liderinin təntənəli və möhtəşəm Zəfər yürüşüdür. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri də bu baxımdan olduqca əlamətdardır. Səfər Müzəffər Ali Baş Komandanımızın həm işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması, Böyük Qayıdışın təmin olunması, həm sərhədlə bağlı yaranmış vəziyyətə dair və digər bir sıra məsələlərdə Azərbaycanın qətiyyətli mövqeyinin ifadə olunması, həm də erməni vandalizminin, Ermənistanın və onun təxribatçı hərəkətlərə rəvac verən illeqal fəaliyyətinin ifşası, Zəngəzur dəhlizinin reallaşdırılması və digər məsələlərlə əlaqədar verilən konkret və açıq mesajlarla yadda qaldı. Ona görə də bəhs olunan məsələlər kontekstində bir sıra strateji nüanslara xüsusi nəzər yetirmək məqsədəmüvafiqdir.

İşğaldan azad edilmiş digər rayonlara baş tutan səfərlər kimi Kəlbəcər-Laçın səfəri də onu göstərdi ki, Azərbaycan dövləti qısa zaman kəsiyində Qarabağda və Şərqi Zəngəzurda iri infrastruktur layihələrinin işə düşməsində, şəhər və kəndlərin bərpasında, kommunikasiya sistemlərinin yenidən qurulmasında və nəticədə Böyük Qayıdışın sürətlənməsində ciddi iradə nümayiş etdirir. Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Mustafa Kabakçı müsahibəsində vurğulayıb. O, söyləyib ki, Azərbaycan Prezidentinin Kəlbəcər və Laçın rayonlarına səfəri bu rayonların ərazisində son günlər atəşkəsin ermənilər tərəfindən davamlı olaraq pozulduğu bir şəraitdə xüsusilə ciddi əhəmiyyət kəsb edir.

Son zamanlar Prezident İlham Əliyevin Ermənistanın hamilərinə və dünya birliyinə kifayət qədər ciddi və açıq mesajlar ünvanlaması beynəlxalq mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Ermənistanın atəşkəsi mütəmadi şəkildə pozması, onların hamilərindən gələn ziddiyyətli bəyanatlar cəmiyyətdə haqlı etiraz doğurur, yeni müharibə cəhdlərinə çağırış kimi qiymətləndirilir. Lakin Prezident İlham Əliyevin verdiyi açıqlamalardan belə bir əminlik hasil oldu ki, Azərbaycanın Ermənistanla sərhədlərində baş verə biləcək ən kiçik insident belə Azərbaycan dövlətinin nəzarətindədir. Bərpa prosesinin həm də bölgədə dayanıqlı sülhə xidmət etdiyini vurğulayan M.Kabakçı deyib: “Rəsmi Bakı Ermənistanla sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Hər iki tərəf bir-birilərinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiyası prosesi də başlamalıdır. Ermənistan postmünaqişə dövründə pozucu fəaliyyətindən əl çəkməlidir. Çünki Azərbaycanın masa üzərində olan konkret təklifləri bölgənin rifahına yönəlib. Kommunikasiyaların paralel açılması, Zəngəzur dəhlizinin yaradılması, ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bütün tərəflərin maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi, eyni zamanda, Ermənistanın dəmir yolu ilə həm İran, həm də Rusiya ilə əlaqə yaratmasına imkan verəcək. Bu, Ermənistan üçün fürsətdir”.

Deputat əlavə edib ki, Azərbaycan üçün yaranan imkanlara gəlincə, Zəngəzur dəhlizi Bakı–Tbilisi–Qars dəmiryolu xəttindən sonra Azərbaycanla Türkiyəni birləşdirəcək ikinci istiqamət olacaq. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşməsi isə xüsusilə strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzurda avtomobil yolunun çəkilməsi də Azərbaycanın haqlı tələblərindən biridir. Prezident İlham Əliyevin də söylədiyi kimi, Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm də avtomobil yolu olmalıdır. Ermənistan da dərk etməlidir ki, yeni nəqliyyat qovşağı bölgə ölkələri üçün də yeni fürsət olacaq. Bu baxımdan Azərbaycanın təşəbbüsü ilə Avrasiyanın yeni bir nəqliyyat layihəsinin reallaşması mümkün olacaq.

Səfərin daha bir tarixi məqamı isə Laçın rayonunun Qorçu kəndi ərazisində inşa ediləcək hava limanının təməlinin qoyulması oldu, deyib  Mustafa Kabakçı. Onun fikrincə, bu hava limanı bir neçə cəhətdən əhəmiyyətlidir. İlk növbədə, belə bir hava limanının bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, böyük turizm potensialına malik regionun qapılarını dünyaya açacaq və olduqca mühüm strateji əhəmiyyətə malik olacaq. M.Kabakçı söhbətində azad olmuş torpaqlarda tez bir zamanda əkin sahələrinin genişləndirilməsinin, heyvandarlığın inkişafının, məcburi köçkünlərin  dədə -baba yurdlarına qaytarılmasının, Türkiyə iş adamlarının Qarabağa aparılan abadlıq işlərinə cəlb olunmasının,  Şuşada Türkdilli dövlətlərin ortaq universitetlərinin açılmasının vacib olduğunu da vurğulayıb.

Erməni faşizminin bütün dünyada ifşası, erməni vəhşiliyinin bəşəriyyətə göstərilməsi, bu mövzuda kitabların nəşri, təqdimatların keçirilməsi, türkdilli ölkələrdə sərgilərin təşkili bundan sonra əsas vəzifələrdən biri olmalıdır, deyib deputat. Bu, əslində, təkcə Azərbaycanı deyil, insanlığı faşizm zəhərindən qoruyan bir missiyadır. İşğal dövründə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq talan edən ermənilərə kömək göstərmiş xarici şirkətlər də əməllərinin bədəlini ödəməlidirlər. Onlar ya Azərbaycana təzminat ödəməli, ya da beynəlxalq məhkəmədə cavab verməlidirlər.

Artıq Azərbaycan öz yüksəlişi ilə dünyanı təəccübləndirməyi bacarır. Parlaq uğurlarıyla diqqəti cəlb edir. Bu, təcrübənin öyrənilməsinə, başqa ölkələrdə, cəmiyyətlərdə də unikal addımların tətbiqinə meyil yaradır. Bunlar dünyanın inkişafının hərəkətverici qüvvələrindən birinə çevrilmək, tərəqqinin mərkəzində olmaq deməkdir. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət, çoxlarının xəyal etmədiklərini belə gerçəkliyə çevirir.

Esmira YAZKAN Aslanova,

 “Respublika” qəzetinin Türkiyə üzrə müxbiri.