Qarabağın   topoqrafik   və geometrik   məlumatları    beynəlxalq   saytlara   inteqrasiya   olunur
İQTİSADİYYAT

Qarabağın   topoqrafik   və geometrik   məlumatları    beynəlxalq   saytlara   inteqrasiya   olunur

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bildirir  ki, qurum  digər fəaliyyət sahələrində olduğu kimi, daşınmaz əmlakın kadastrı və ünvan reyestri sahəsində də müasir çağırışlara uyğun yeniliklər tətbiq edir, beynəlxalq təcrübədən yararlanır, bu sahədə aparıcı şirkətlərlə əməkdaşlıq edir.

Dövlət Xidməti görülən işlərin kəmiyyət və keyfiyyətinin artırılması üçün coğrafi məlumatların toplanılması, formalaşdırılması, 3D xəritələri hazırlanması xidmətləri göstərən “4MAPS Bilgi Teknologileri” MMC ilə əməkdaşlıq edir. Şirkət işğaldan azad edilmiş ərazilərimizin beynəlxalq miqyasda elektron xəritə platformalarında düzgün əks olunması, məlumatların dəqiqliyinin təmin edilməsi məqsədilə bir sıra layihələr həyata keçirir. Eyni zamanda azad  edilmiş  ərazilərimizdəki rayon və yaşayış  məntəqələrinin, küçə  və  prospektlərin  adlarının, həmçinin, xəritə  məlumatları  ilə  bağlı  beynəlxalq   saytlarda  yol verilmiş  təhriflərin   düzəldilməsini təmənnasız yerinə  yetirir.

 Əmlak Məsələləri Dövlət Xidməti ilə 2020-ci ildə əməkdaşlığa başlayan “4MAPS Bilgi Teknologileri” MMC ilk olaraq işğaldan azad olunmuş ərazilərin yol şəbəkələrinin rəqəmsallaşdırılması, küçə, yaşayış məntəqələrinin adlarının beynəlxalq xəritə platformalarında Azərbaycan dilində göstərilməsinə dəstək olub.

Şirkət tərəfindən həmin ərazilərdə kadastr və ünvan reyestri istiqamətində işlər aparılır, topoqrafik və geometrik məlumatlar xəritəçəkmə xidmətləri göstərən beynəlxalq saytlara inteqrasiya olunur. Bunlardan biri “Amazon”, “Booking.com”, “Mercedes”, “Audi” kimi  dünyaca məşhur  şirkətlərə  xidmət   göstərən “Here Global B.V.” şirkətidir.  

 Hazırda işğaldan azad olunmuş ərazilərdə “Lidar True System” tətbiqi ilə  yolların, yol şəbəkələrinin 360 dərəcəli kameralar vasitəsilə 3D xəritəsi hazırlanır.

Nəriman CAVADOV,

“Respublika”.