Qarabağın su ehtiyatlarından səmərəli istifadə mühüm vəzifədir
Ekologiya

Qarabağın su ehtiyatlarından səmərəli istifadə mühüm vəzifədir

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun Qarabağı mənfur düşmən işğalından azad etməsi nəticəsində ölkəmizin böyük sərvəti olan çoxsaylı su mənbələri yenidən öz həqiqi sahibinin - xalqımızın və dövlətimizin istifadəsinə keçib.

Otuz ilə yaxın müddətdə xalqımız  tarixən özünə məxsus olan digər təbii sərvətlər kimi, böyük həcmdə su mənbələrindən və ehtiyatlarından da məhrum olunmuşdu. Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə bu il iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay Su Anbarında olarkən deyib:  “İşğal dövründə mənfur düşmən bizi sudan məhrum etmişdi. Sərsəng Su Anbarı, Suqovuşan Su Anbarı düşmənin əlində olduğuna görə 100 min hektar torpaq susuz qalmışdı və bir neçə rayonda su təminatını yaxşılaşdırmaq üçün yüzlərlə subartezian quyusu qazılmışdır. Ağdam, Tərtər, Bərdə, Yevlax, Goranboy və digər rayonlar Tərtərçayın suyundan məhrum edilmişdi. Mənə bu yaxınlarda verilən məlumata görə, Vətən müharibəsindən sonra 30 min hektardan çox sahəyə Suqovuşan Su Anbarından su verilməyə başlanmışdır. Eyni zamanda, Ağdam rayonunda Xaçınçay Su Anbarı da bizim nəzarətimizdədir, işğaldan azad edilib və o su anbarı bu su anbarından həcm baxımından daha böyükdür”.

İçməli su və meliorasiya məsələlərinin həlli sosial-iqtisadi həyatın ən mühüm amili, hər bir ölkədə firavan yaşayışın, səmərəli təsərrüfatçılığın ən vacib şərtidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan məqsədyönlü siyasətin, quruculuq işlərinin nəticəsidir ki, su ehtiyatlarının məhdudluğuna baxmayaraq, Azərbaycan adambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrindən öndədir. On yeddi il əvvəl əgər ölkəmizdə içməli su ilə təminat 40 faiz səviyyəsində idisə, hazırda 70 faizə çatır. O vaxt Bakıda əhalinin 29 faizi içməli suyu davamlı şəkildə ala bilirdisə, indi həmin göstərici 82 faizə yaxındır. Regionlarda isə əhalinin cəmi 9 faizi daimi içməli su təminatı ilə əhatə olunduğu halda, indi bu göstərici 63 faizdir.

Dövlətimizin başçısının tapşırığı ilə Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarının  araşdırılmasına və  təhlilinə başlanılıb. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin məlumatına görə, ölkəmizin 9 su anbarı, 7 sututarı, 6426 kilometr suvarma şəbəkəsi, 2 hidroqovşaq, 330 kilometr kollektor-drenaj şəbəkəsi, 8003 hidrotexniki qurğu, 88 nasos stansiyası, 1429 subartezian quyusu Ermənistanın işğalı altında olub. Düşmən bu imkanlardan da daim ekoloji terror məqsədilə istifadə edirdi: məsələn, qışda Sərsəngdən suyu qəsdən buraxıb ekoloji təhlükə yaradır, yaz-yay aylarında suyu kəsirdi. Buna görə də Qarabağın digər ərazilərinin suvarılması ilə bağlı xüsusi tədbirlər planı hazırlanıb həyata keçirilir, yüzlərlə subartezian quyusu qazılırdı.

İşğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarını formalaşdıran çaylardan Araz çayının üzərində Xudafərin və Qız qalası su anbarları, Tərtərçayın üzərində Sərsəng və Suqovuşan su anbarları, Xaçınçayın üzərində Xaçınçay Su Anbarı, Qarqarçayın üzərində Ağdamkənd Su Anbarı və Köndələnçayın üzərində “Köndələnçay-1”, “Köndələnçay-2” və Aşağı Köndələnçay su anbarları mövcuddur. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə Böyük Alagöl, Kiçik Alagöl kimi təbii formalaşmış sututarlar vardır. Təxmini hesablamalara görə, ərazilərin və su qovşaqlarının işğaldan azad olunması nəticəsində 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb. Xüsusi hökumət komissiyası işğaldan azad olunmuş ərazilərə səfərlər edərək kritik əhəmiyyət kəsb edən su və su təsərrüfatı obyektlərinə baxış keçirib, çay və göl hövzələrinə ekspedisiyalar təşkil olunub, dron çəkilişləri həyata keçirilib, vəziyyət yerində qiymətləndirilib.

Onu da qeyd edək ki, Suqovuşan Su Anbarı işğaldan azad edildikdən sonra  Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonların su təminatı əhəmiyyətli dərəcə yaxşılaşıb. Hazırda işğaldan azad edilmiş ərazilərdəki su anbarlarının və kanallarının texniki vəziyyətinin sağlamlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Həmin ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsi irriqasiya sistemlərinin bərpası ilə birbaşa bağlıdır. Dövlətimizin başçısının 29 may 2021-ci il tarixli Sərəncamı ilə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması işlərinin davam etdirilməsi və bu istiqamətdə yeni layihələrin hazırlanması məqsədilə 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 20 milyon manat ayrılıb.

Hazırda işğaldan azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Ümumilikdə, müşahidə quyuları qazılmaqla yeraltı su ehtiyatlarının və avtomat hidroloji stansiyalar vasitəsilə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi həyata keçirilir.

Bu ərazilərdə su təchizatı sisteminin yenidən yaradılması qarşıda duran çox vacib vəzifədir. Bərpa planı təsdiq edilmiş Ağdam şəhərinin və kəndlərinin su təchizatı məsələsinə yanaşma əhalinin sudan həm məişətdə, həm də iqtisadi fəaliyyətdə səmərəli şəkildə istifadə etməsinə hədəflənib. Şəhərin Baş planının təqdimatında cənab Prezident məruzəçiyə bununla bağlı konkret sual verdi: “Hər kəsin də suyu olacaq?”. Məruzəçinin söylədiklərinə əsasən, artıq yeni salınan şəhərdə də, kəndlərdə də su xətlərinin yeri bəllidir. “Yeni sistem üzrə, hər bir həyətin önündə suları, meliorasiya suları olacaq. Bu, imkan verəcək ki, Ağdam rayonunun sakinləri istəsələr həm intensiv təsərrüfat qura, həm də dədə-baba qaydası ilə də öz işlərini apara bilərlər,” - deyə məruzəçi su təchizatı sisteminin necə qurulacağını aydınlaşdırdı. Yəqin ki, Ağdamın bərpa layihəsində öz əksini tapan ideya və təkliflər işğaldan azad edilmiş digər şəhər, qəsəbə və kəndlərimiz üçün də əsas kimi götürüləcəkdir.

Məlum olduğu kimi, hazırda Azərbaycanın mədəniyyət paytaxtı olan və erməni işğalından azad edildikdən sonra sürətlə bərpa edilən Şuşa şəhərinin su təchizatının sahmana salınması işləri davam etdirilir. Bu il mayın 12-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada bərpa edilmiş “Xan qızı” bulağında olub, onun suyundan içiblər. Prezident İlham Əliyev bu zaman mənfur düşmənin bu bulağı və şəhərdəki bütün bulaqları qurutduğunu xatırladaraq deyib: “Bu da onu göstərir ki, Şuşa həmişə ermənilər üçün yad şəhər olub. İndi isə Şuşa dirçəlir və Şuşanın rəmzlərindən biri olan “Xan qızı” bulağı bərpa edilib”. Bu il iyunun 15-də isə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və  birinci xanım Əminə Ərdoğan da dövlətimizin başçısı ilə birgə “Xan qızı” bulağı ilə tanış olub, onun tarixi haqqında məlumatlandırılıblar. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Şuşa şəhərinin dayanıqlı içməli su təchizatının təmin olunması  məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Hazırda şəhərə iki mənbədən su gəlir.

Müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik - dövlətimizin başçısının istər işğaldan azad edilmiş ərazilərin, istərsə də bütövlükdə ölkənin su ehtiyatlarının idarə edilməsi ilə bağlı qarşıya qoyduğu vəzifə bundan ibarətdir. Əminliklə demək olar ki, su probleminin dünyada qlobal xarakter aldığı bir vaxtda Azərbaycanın erməni faşizmi üzərində möhtəşəm qələbəsi nəticəsində öz su ehtiyatlarına sahiblik hüququnu bərpa etməsi tarixi nailiyyətdir. 

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.