Qarabağın qapısı: Laçın
Siyasət

Qarabağın qapısı: Laçın

Bu əzəli torpağımızda üçrəngli bayrağımız əbədi dalğalanacaq

"Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq...". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsi başa çatdıqdan, Laçın qaytarıldıqdan sonra xalqa müraciətində bildirmişdir.

Ümumiyyətlə, Ermənistanın işğal etdiyi ərazilər arasında Laçın irimiqyaslı köçürülmə proqramının həyata keçirildiyi az qala yeganə rayon idi. Orada təqribən 10 min erməni, yəni qondarma "Dağlıq Qarabağ respublikası" əhalisinin altıda bir hissəsi yaşayırdı. Lakin Ermənistan insan resurslarına malik olmadığı üçün ermənilər digər ölkələrdən gətirilirdi. Cenevrə Konvensiyasına zidd olan bu qanunsuz məskunlaşdırma mahiyyət etibarilə hərbi cinayət idi və erməni liderlər bu cinayəti qəsdən törədir, Laçının qaytarılacağı barədə qətiyyən düşünmürdülər.

Statistik rəqəmlərə diqqət edək: 1992-ci ildə işğal nəticəsində Laçın rayonunda 13,8 min, o cümlədən Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edilmişdi. İşğal dövründə süni şəkildə məskunlaşdırılma aparılmış, o dövrdə 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 103 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılmışdı. Noyabrın 10-da imzalanmış Bəyanata müvafiq olaraq işğalçılar həmin ərazini tərk edəndə onlara təxminən 20 gün vaxt verilmişdi. Ermənilər özlərinin tikmədiyi, qanunsuz olaraq soxulduqları evləri yandırır, meşələri qırır, bütün infrastrukturu məhv edirdilər. Onlar mədəniyyət abidələrini də vandalizmə məruz qoyurdular.

10 noyabr Bəyanatının bəndlərinin yerinə yetirilməsi məqsədilə ermənilərin qarşısında Laçında məskunlaşdırılmış ermənilərə bölgəni tərk etməsi üçün növbəti dəfə avqustun sonuna kimi vaxt verilmişdi. Onlar bu dəfə də öz ənənələrinə sadiq qalaraq vandallıqlarını bir daha nümayiş etdirdilər. Ermənilər hətta Laçındakı kilsəyə də zərər vurmuş, ibadət evinin üzərindəki xaç ornamentlərini söküb aparmışdılar. Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan məsələ ilə bağlı yazırdı ki, ermənilər Laçının Azərbaycana təhvil verilməsi üçün bu formada "hazırlıq" görürlər. O qeyd edirdi ki, xalqının tarixində ilk dəfə idi ki, erməni məlum torpaqlardan türklər tərəfindən deyil, öz seçdiyi hökumət tərəfindən çəkiclə zorla çıxarılır.

Belə ki, Azərbaycan tərəfi Rusiya və Ermənistanla bu məsələni müzakirə edib qarşı tərəfə ciddi xəbərdarlıq etmiş, Ermənistan hökuməti Laçından çıxarkən evləri dağıdan ermənilərə kompensasiya verilməyəcəyini də bildirmişdi. Amma bütün bunlara baxmayaraq, ermənilər öz vəhşiliklərini davam etdirirdilər. Görünür ki, 44 günlük Vətən müharibəsindən bir nəticə çıxarmamışdılar.

Bu il avqustun ortalarında Basqalda Azərbaycan Televiziyasına müsahibə verərkən Prezident İlham Əliyev demişdir ki, Azərbaycanı haqq işindən heç bir zəng dayandıra bilməz. Ermənistan heç kimə arxayın olmasın. Bu ərazilər Azərbaycan ərazisidir.

Təəssüf ki, ermənilər avqustun 3-də növbəti dəfə təxribat törətdilər. Ordumuz "Qisas" əməliyyatı ilə onların layiqli cavabını verdi. Heç bir ay keçməmiş ermənilər Ermənistan-Azərbaycan sərhədində təkrar təxribat törətdi. Azərbaycan Ordusunun adekvat tədbirləri nəticəsində ermənilər bu dəfə də layiqli cəzalarını aldılar.

Ermənistan hələ də məğlubiyyətlə barışmır, "Dağlıq Qarabağ" probleminin mövcud olduğunu vurğulayır və qeyd edirlər ki, ilkin olaraq Qarabağ problemi ilə məşğul olan üç həmsədr ölkə, o cümlədən Ermənistan, Azərbaycan və Qarabağ (qondarma rejim nəzərdə tutulur) nümayəndələrinin görüşdüyü yeganə platforma olan Minsk qrupu məsələnin müzakirəsini davam etdirməlidir.

Zəngəzur dəhlizinin açılmasını istəməyən ermənilər Azərbaycan tərəfinin Zəngəzur dəhlizi ilə Laçın dəhlizi arasında paralellər aparmasını da "qəbuledilməz" hesab edir. Laçın dəhlizini "Qarabağda yaşayan ermənilərin özlərini təhlükəsiz hiss etmələri üçün yeganə qanuni, effektiv variant" kimi görürlər. Lakin Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyən qüvvələrə hər zaman xatırladır ki, Azərbaycan bu strateji kommunikasiyanın bərpa edilməsi üçün istənilən, o cümlədən zor tətbiqetmə vasitəsindən də istifadə edəcək.

Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi şanlı Qələbə geniş geosiyasi məkanda ciddi dəyişikliyə səbəb olub. Bu prosesin fonunda Zəngəzurdan - tarixi Azərbaycan torpağından keçəcək və Azərbaycanın əsas ərazisini ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası, eləcə də Türkiyə ilə birləşdirəcək yeni birləşdirici dəhlizin əhəmiyyəti aydın nəzərə çarpır. Zəngəzur dəhlizi, həm tarixi aspektdə, həm müasir geosiyasi reallıqlar prizmasında, həm də Cənubi Qafqazda sülh, barış və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır. Bu dəhliz həm də Azərbaycanı bir neçə istiqamətdə region, Asiya və Avropa ilə birləşdirən strateji məkan statusunu ala bilər.

Bu il sentyabrın 21-də Laçına səfər edən Azərbaycan Prezidenti bir sıra obyektlərin təməlqoyma mərasimlərində iştirak etdi. Laçın şəhərində Azərbaycan bayrağını ucaldan dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanış oldu, "Laçın" Qovşaq Yarımstansiyasının təməlini qoydu. Dövlət başçısı demişdir: "Bir daha demək istəyirəm, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq!".

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsilə Ermənistandakı revanşistlərin və Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdəki separatçı qüvvələrin son ümidi də itdi.

Qarabağın qapısı sayılan Laçın tam şəkildə azaddır. Beləliklə, əgər Azərbaycan torpaqlarının işğalı məhz Şuşa və Laçından başlamışdısa, Vətən müharibəsində Şuşanın azad edilməsi Ermənistanın kapitulyasiyasına, Laçının Azərbaycanın tam nəzarətinə keçməsi isə ərazilərimizin tam bərpasına gətirib çıxardı. Laçın və Şuşanın işğalı ürəyimizdə böyük bir yara idisə, Şuşanın azad edilməsi Azərbaycan Ordusunun yenilməzliyini, xalqımızın müzəffər xalq olduğunu, Laçının tam nəzarətimizə keçməsi Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarından heç bir halda vaz keçməyəcəyini bütün dünyaya nümayiş etdirdi.

Zümrüd QURBANQIZI,

"Respublika".