Qarabağın parlaq gələcəyi,  daha xoş günlər hələ irəlidədir
Siyasət

Qarabağın parlaq gələcəyi,  daha xoş günlər hələ irəlidədir

Bu günlərdə uşaqdan-böyüyə hamımız doğma Qarabağın,  işğaldan azad olunduğu yurd yelərimizin ildönümünə düzənlənmiş tədbirləri izləyir, qürur və iftixar hissi keçiririk. Bəli, illərin həsrətinə son qoyuldu.  Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində mənfur erməni qəsbkarlarının işğal etdiyi torpaqlarımızın özümüzə qaytarılması bizdə inam hissi yaradır. Müharibə günlərində bir çox hallarda Bakıya”təlimatlanmış”halda gələn  dünyanın ən aparıcı media nümayəndələrinə dövlət başçımızın verdiyi müsahibələrin hər biri dərin intellekt, geniş dünyagörüşü, xalqa, millətə möhkəm köklərlə bağlılıq nümunəsi idi.

Dövlət başçımız Vətən müharibəsinin başladığı ilk günlərdə “biz, haqlıyıq,  haqq işimiz uğrunda mübarizə aparırıq”kəlməsi ilə xalqın qarşısına çıxdı. Amansız mücadilənin çətinliyi, qeyri-adi dərəcədə mürəkkəbliyi təkcə bizə yox, bütün dünya xalqlarına bəlli idi. Yer kürəsinin hər tərəfinə səpələnmiş erməni millətçilərinin güclü diasporu, müəyyən ölkələrin açıq-aydın havadarlığı düşmənin “güc-qüvvət”sahibi olduğu təsəvvürü yaradırdı. Amma Ali Baş Komandanımızın siyasi iradəsi, əzmkarlığı, Ordumuzun döyüş qabiliyyəti qısa zaman kəsiyində bu təsəvvürləri alt-üst elədi. Bir-birinin ardınca kənd və şəhərlərimiz işğaldan azad olundu. İndi erməni vandalları tərəfindən tar-mar edilən bu yurd yerlərimizə baxdıqca həm hiddətlənir, həm də münbit torpaqlarımızın, torpaqlardakı zəngin sərvətlərin halal sahibi olduğumuzla qəlbən fərəhlənirik.

Ermənilər müəyyən olunmuş razılaşma əsasında işğal etdikləri əraziləri tərk etdilər. Bu köç prosesinə yalnız “tərk etdilər”demək olar. Amma xalqımız bir vaxtlar öz doğma yurd-yuvalarını belə rahat şəkildə, maşınlarla, nəqliyyat vasitələrilə arın-arxayın boşaltmamışdılar. Onlar qışın sərt soyuğunda, qarlı-çovğunlu günlərdə ayaqyalın-başıaçıq, öz evlərindən bir dənə əşya belə götürmədən qovulub, didərgin salınmışdılar.

Kəlbəcərdən, digər yerlərdən gedən  minlərlə insanı cəmisi bir-iki atəşlə qanına qəltan eləmək olardı. Amma biz etmədik. Biz əsli-kökü olan, humanist, xeyirxah millətik. Bizim günahsız insanlara “atəş”əmri verməyi özünə heç vaxt rəva görməyən ali  rəhbərimiz var.

Xalqımızın həyatında yeni dövr başlayır.  İşğaldan azad olunmuş yurd yerlərimizdə sürətli, geniş quruculuq, bərpa işləri aparılır. İnfrastruktur yaradılır, şəhər və kəndlərin baş planı hazırlanır, tikinti işlərinə start verilib. Ali Baş Komandanın xeyir-duası ilə təməlqoyma mərasimləri keçirilir. Mədəniyyət mərkəzimiz Şuşa şəhərində aparılan abadlıq-quruculuq işlərindən hər gün xoş sədalar eşidirik. Biz təhsil işçilərinə hədsiz dərəcədə xoşdur ki, şəhər və kəndlərin baş planlarında təhsil ocaqlarının tikintisinə də xüsusi önəm verilir. Cəbrayıl rayonunun işğaldan azad edilməsinin ildönümündə Mehdi Mehdizadə adına tam orta məktəbin təməlinin qoyulması buna bariz nümunədir.

Qarabağın parlaq gələcəyi, daha xoş günlər hələ irəlidədir.

Niyazi NƏCƏFOV,

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı

  Şirvan Şəhər Komitəsinin sədri.