Qarabağın mədəniyyət mərkəzinin əvvəlki şöhrəti bərpa edilir
Sosial həyat

Qarabağın mədəniyyət mərkəzinin əvvəlki şöhrəti bərpa edilir

İşğaldan azad edilmiş ərazilərimizə həyat yenidən qayıdır. Azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, şəhər və kəndlər, yaşayış massivləri, infrastruktur müasir tələblər əsasında qurulur. Bütün bunlar bir daha onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı Azərbaycan dövləti üçün ən prioritet məsələdir.

Prezident İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən bəhs edərkən deyib: "Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik". Dövlətimizin başçısının bu sözləri onu deməyə əsas verir ki, ölkəmizin potensial imkanları azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində səfərbər edilib.

Təqdim olunan bu yazıda işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərinə mədəniyyət paytaxtımız Şuşanın timsalında nəzər salacağıq.

Düşmən əsarətindən qurtulan Şuşaya yeni ruh, yeni nəfəs gəlib

Tarixin sərt sınaqlarından keçərək bir çox hadisələrə şahidlik edən Şuşa 28 illik işğal dövründə də sınmadı, əyilmədi. Prezident İlham Əliyevin dediyi kimi, "İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik".

Bəli, 28 ildən sonra olsa da, tarixi ədalət bərpa olundu, biz - Şuşanın əsl sahibləri yenidən bu müqəddəs şəhərə qayıtdıq. Bizim bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş bu şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilir. Düşmən tapdağından qəhrəmanlıqla azad edilmiş şəhərin yeni inkişaf dövrü başlayır. Bu gün Şuşaya gələn insanlar 28 il ərzində törədilən erməni vandalizminin izləri ilə yanaşı, Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinin şahidi olurlar.

Şuşada mühüm infrastruktur layihələri həyata keçirilir

Şuşa şəhəri işğaldan azad edildikdən sonra bir sıra mühüm infrastruktur layihələrinin icrasına başlanıldı. Bunlardan birincisi igid oğullarımızın qanı-canı bahasına azad edilmiş dağların, meşələrin qoynundan avtomobil yolunun inşasıdır. Müzəffər Ordumuz məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan bu yolun həm də rəmzi mənası, mənəvi önəmi var. Məhz bu səbəbdən Prezident İlham Əliyev Şuşaya səfəri zamanı 101 kilometrlik uzunluğa malik bu yolu "Zəfər yolu" adlandırmışdı. Hazırda Şuşa şəhərinə gedən ikinci yolun, Əhmədbəyli-Füzuli-Şuşa yolunun inşası da davam etdirilir.

Şuşa şəhərində həyata keçirilən infrastruktur layihələri arasında elektrik təchizatı xüsusi önəm kəsb edir. Qısa vaxtda 110/35/10 kilovoltluq "Şuşa" yarımstansiyasının istifadəyə verilməsini, Füzulidəki "Şükürbəyli" yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişini nəinki Azərbaycan energetikasında, eləcə də bütün regionun energetika tarixində rekord saymaq olar. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Şuşa şəhəri qısa müddətdə elektrik enerjisi ilə təmin edildi. Şəhəri müasir elektrik şəbəkəsi ilə təmin etmək üçün hazırlanan plana əsasən 35/04 kVt-luq 6 elektrik yarımstansiyasının inşa olunub. Onlardan 1 nömrəli transformator məntəqəsi, həmçinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib. Tezliklə digər 3 yarımstansiyanın da tikintisinə başlanacaq.

Şuşa şəhəri işğaldan azad olunduqdan sonra təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsi də təmin edilib. Bunun ardınca içməli su təchizatı sistemlərinin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Hazırda Şuşa şəhərində 800 və 1000 kubmetrlik anbarlar fəaliyyətdədir. Kiçik Kirs-Şuşa magistral su kəmərinin 6 kilometrlik hissəsi polad borularla yenidən qurulub. 2 ədəd anbarın tikintisi layihələndirilib. Şuşa şəhərinin dayanıqlı və fasiləsiz su təchizatını təmin etmək məqsədilə alternativ mənbəyin yaradılmasına qərar verilib. Daşaltı kəndi yaxınlığında Zarıslı çayının yatağında bir bəndin, nasos stansiyasının və oradan Şuşa şəhərinədək 2,6 kilometrlik daşıyıcı xəttin tikintisinə başlanılıb. Bu layihənin icrası Şuşa şəhərinin ilboyu fasiləsiz su ilə təmin edilməsinə imkan verəcək. Şuşa şəhərinin bərpası işləri çərçivəsində şəhərdaxili su və kanalizasiya şəbəkəsinin yenidən qurulması, çirkab suların təmizlənməsi üçün qurğunun tikintisi də nəzərdə tutulub.

Bərpa-quruculuq işləri şəhərin tarixi memarlıq xüsusiyyətləri saxlanılmaqla aparılır

Qarabağın mədəniyyət mərkəzi olan Şuşa şəhərində infrastruktur layihələri ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpası, eləcə də yeni binaların tikinti istiqamətində də genişmiqyaslı işlər görülür. Mədəniyyət paytaxtımızda tikinti-quruculuq işləri dövlətimizin başçısının tapşırığına uyğun olaraq şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun şəkildə aparılır. Prezident İlham Əliyev bildirib ki, Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir və əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz.

Şuşa işğaldan azad edildikdən sonra ilk olaraq Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri əvvəlki yerlərinə - Şuşa şəhər mərkəzi meydanına qaytarılıb. "Xan qızı" bulağı bərpa edilib. Qısa vaxtda Heydər Əliyev Fondu tərəfindən dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində təmir-bərpa və yenidənqurma işləri aparılıb. Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli və dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü qoyulub. Xalq artisti Bülbülün ev-muzeyi bərpa edilib. Qala divarlarında bərpa işləri- aparılıb. Üzeyir Hacıbəylinin ev-muzeyində aparılacaq işlər üzrə layihə hazırlanıb. Hazırda Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı məscidlərində və Mehmandarovların malikanə kompleksində, Şirin su hamamında, məşhur tarzən Sadıqcanın evində bərpa işləri aparılır.

Şuşada şəhər meriyasının binası əsaslı şəkildə təmir edilir və onun yanında yeni konfrans zalı inşa olunur. Şuşada yaşayış məhəlləsinin, yeni teleqüllənin, yeni məscidin və Daşaltı məscidinin təməli qoyulub. 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. Keçmiş poçt binası memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir olunacaq. Burada "ASAN xidmət", DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək.

Mədəniyyət paytaxtımızda çoxsaylı tədbirlərin keçiriləcəyi, bu şəhərin keçmişdə olduğu kimi, indi də turistlərin istirahət üçün seçdikləri sevimli məkanlardan biri olacağı nəzərə alınaraq burada lazımi infrastrukturun yaradılmasına, o cümlədən otellərin inşasına xüsusi diqqət göstərilir. Artıq Şuşada "Xarıbülbül" otelinin, həmin otelin nəzdindəki 48 mənzilli korpus və kotteclərin, eləcə də "Qarabağ" otelinin yenidənqurmadan sonra açılışı olub. Hazırda şəhərdə yeni beşulduzlu otelin inşası davam etdirilir. Bundan başqa şəhərdə "Shusha Boutique Hotel" də fəaliyyət göstərəcək. Mədəniyyət paytaxtımızda həyata keçirilən tikinti-bərpa işləri onu deməyə əsas verir ki, Şuşa tezliklə nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

AZƏRTAC