Qarabağın incisi - Suqovuşan
Digər xəbərlər

Qarabağın incisi - Suqovuşan

Bu yerlərdə dağ-dağa söykənib, zirvəsində duman sürünür, yastı təpələr dağların ətəyinə sığınıb, Suqovuşan gölünün parıldayan ləpələri çiçəklərin ləçəyini yuyur, yaralı torpağa sığal çəkir. Yamyaşıl çəməni, ulduz təki sayrışan çiçəkləri yal-yamaca yayılıb. Bu yerlərdə günəş aydın, göy durudur, torpağı da göyqurşağı, göy nurudur. Lap elə daş da əksən, bar verəcək bu yerdə.

Qarabağın incisi, təbiətin möcüzəsidir Suqovuşan. Bu gözəllikdən göz doymur, baxdıqca baxmaq istəyirsən, bal kimi havası var, sərin mehi ruhu təzələyir. Suqovuşan tariximizin və təbiətimizin bir parçasıdır, bu torpaqlara şəhid qanı tökülüb. Bura müqəddəs torpaqdır.

Vətən müharibəsində işğalçılara ən ağır zərbə Suqovuşanda vurulub, cəngavər oğullar hər qarış torpaq uğrunda döyüşüblər, qəhrəmanlıq göstəriblər. 2020-ci il oktyabr ayının 3-də Suqovuşan Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib.

Suqovuşan kəndi Murovdağ silsiləsinin ətəyində, Tərtərçayın sahilində yerləşir. Kəndin qədim keçmişi var, tarixi abidələri erməni vandalları tərəfindən dağıdılsa da, onları məhv edə bilməyiblər. Çünki həmin abidələr bu torpağın dərinliyindən baş qaldırıb, kökləri torpaqda olana heç zaman güc çatmaz.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin birinci hakimiyyəti dövründə bu yerdə Tərtərçayın qarşısına bənd atılıb və burada su anbarı yaradılıb. Məqsəd ətraf rayonlarda kənd təsərrüfatına yararlı torpaqların maneəsiz suvarılması olub. Su anbarı 1975-ci ildə istismara verilib. Bəndin hündürlüyü 28 metr, uzunluğu 630 metr, su anbarının ümumi həcmi 5.86 milyon kubmetrdir. Suqovuşan-1 Su Elektrik Stansiyası 4.8 mqvt və Suqovuşan-2 Su Elektrik Stansiyası isə 3 mqvt gücə malikdir.

1993-cü ildə Suqovuşan erməni işğalına məruz qalıb. Bu səbəbdən Tərtər rayonunun 24 481, Ağdərə rayonunun 14 380, Goranboy rayonunun 6 938, Yevlax rayonunun 5 912, Bərdə rayonunun 12 620, Ağdam rayonunun 29 886 və Ağcabədi rayonunun 2 000, ümumilikdə isə 96 217 hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranıb. Həm də ermənilər tərəfindən suyun buraxılmaması çayda kəskin ekoloji problemlər yaradıb. İndi həmin problemlər aradan qaldırılır.

Belə ki, Tərtərçay və Turağayçay çaylarından daxil olan sular burada tənzimlənir. Su ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan müvafiq olaraq sağsahil və solsahil magistral kanallarına verilir. Yaxşı deyiblər ki, su həyat mənbəyidir, artıq Suqovuşandan axan su ətraf rayonlarda torpaqlara can verir, fermerlər və xüsusi mülkiyyətçilər məhsul bolluğu yaradırlar.

Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha dünyaya nümayiş etdirdi ki, güclü və qalib Azərbaycan Ermənistanın viran qoyduğu şəhərləri və kəndləri yenidən quracaq, insanlar öz dədə-baba yurdlarına dönəcək. Çünki Azərbaycan bölgədə ən güclü və ən varlı bir ölkədir.

Suqovuşan həm də turizm üçün maraqlı və unudulmaz bir məkandır. Yəqin ki, turizm şirkətləri Suqovuşana turizm xəttinin açılmasına maraq göstərəcəklər. Suqovuşanda yeni bir həyat başlayıb, bu yerlərə dinclik və əmin-amanlıq gəlib. İllərdir doğma yurd həsrəti ilə yaşayan suqovuşanlılar indi ata-baba torpaqlarına qayıtmağa hazırlaşırlar.

Salman ALIOĞLU,

“Respublika”.