Qarabağdakı daşlarda “tülkü” izləri
Digər xəbərlər

Qarabağdakı daşlarda “tülkü” izləri

Qarabağın və Şərqi Zəngəzurun  erməni işğalından azad edilməsi Ermənistanla yanaşı, bəzi dövlətlərin də narahatlığına səbəb olur, qəhrəman silahlı qüvvələrimizin şücaəti sayəsində qazanılan qələbənin üzərinə kölgə salmağa cəhdlər edilir, hər vasitə ilə təcavüzkarı müdafiə edir, bölgədə sabitliyin yaranmasına əngəl törədirlər. Hətta erməni yalanlarına inanan Roma papası da dilə gələrək Laçın-Xankəndi yolunun açılmasından, “blokada”nın qaldırılmasından danışır. Erməniliyin mayası hiyləgərlikdən, yalandan, şərdən, böhtandan yoğrulub, verdikləri vədə, dedikləri sözə heç bir zaman əməl etmirlər, qurama oyun oynamaqda çox pərgardılar. Heç uzağa getmək lazım deyil. Son 30 il ərzində Ermənistan keçmiş ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin himayəsi altında Azərbaycanla aparılan danışıqlarda dildə bir söz dedi, əməldə başqa iş gördülər, işğal etdikləri torpaqların qaytarılmasını illərlə yubatdılar, çoxlu vədlər versələr də ağalarının tapşırığından çıxmağa hünərləri çatmadı. Üçtərəfli Bəyanatın imzalanmasından ötən iki il ərzində məğlub Ermənistan sülh müqaviləsinin imzalanması prosesini qəsdən və bilərəkdən uzadır, açıq-aşkar üzərinə götürdüyü öhdəliklərdən yayınır, Zəngəzur dəhlizinin açılmasına maneçilik törədir. Gəldiyimiz qənaət belədir ki, Ermənistan müstəqil dövlət deyil, sərhədlərini başqa dövlətin silahlı qüvvələri qoruyur, infrastrukturu ayrı bir dövlətin qurumları tərəfindən idarə olunur, heç bir beynəlxalq danışıqlarda sərbəst iştirak edə bilmir, qapıların arxasında dayanan ağalarının qaş-gözü ilə hərəkət edirlər.

Ermənistanda baş verən hadisələr, aparılan siyasət, ayrı-ayrı siyasi partiya nümayəndələri tərəfindən verilən mesajlar, bəyanatlar onu göstərir ki, erməni iqtidarı başına dəyən dəmir uumruqdan nəticə çıxarmayaraq müharibəyə hazırlaşır, bəzi Qərb dövlətlərinin, xüsusilə Fransanın köməyinə arxalanıb çox təhlükəli bir oyun oynayır. Ermənistanın Avropa Partiyasının sədri Tiqran Xzmalyan erməni mediasına müsahibəsində bildirib ki, əgər biz siyasi gündəliyimizi düzgün qursaq dünyaya sübut edəcəyik ki, ermənilər Azərbaycanın tərkibində yaşaya bilməz. Qarabağda beynəlxalq qüvvələr olmalıdır ki, biz müharibədən qaça bilək. Təbii ki, ruslar buna qarşıdır, çünki Qarabağ regiona nəzarət etmək və fiziki olaraq orada qalmaq üçün rusların yeganə imkanıdır. Ona görə də hər vasitə ilə buna qarşı çıxacaqlar və biz buna hazır olmalıyıq. Onun fikrincə, Qarabağ problemi sovet hakimiyyəti dövründə Rusiya imperiyasının iki qonşu dövlətə nəzarət etməsi üçün yaradılıb. Bütün müharibələrin kökündə ədalətsizlik dayanır. Bu ədalətsizlik düzəlməyincə Qarabağ kimi münaqişələr səngimir. Ermənistanın inkişafını Qarabağ məsələsindən ayırmaq mümkün deyil. Çünki Ermənistanın müstəqilliyi əsasən Qarabağ hərəkatının nəticəsi idi. İlanı başqasının əli ilə tutmağa vərdiş edən Ermənistan hakimiyyəti partiyaların mövqeyi ilə Rusiyaya qarşı narazılığını bildirir, Qərb dövlətlərindən müşahidəçilər dəvət edir, necə deyərlər, bir əldə iki qarpız tutmağa çalışır.

Qarabağ Azərbaycan ərazisidir deyən Paşinyan hakimiyyəti Xankəndidəki və ətraf ərazilərdə yaşayan ermənilərə 4 milyon dram yardım edir. Erməni bicliyi burada da özünü göstərir, Qarabağdakı daşlarda hiyləgər tülkü izini saxlamağa çalışır. Ancaq unudurlar  ki, iki il bundan əvvəl Azərbaycanı dayandırmaq üçün o dövlət qalmadı ki, ona yalvarmasınlar, bir vaxtlar başqasının kölgəsində lovğalanan erməni “vətənpərvər”lər qaçıb gizlənməyə yer axtardılar, erməni ailələri Xankəndidən, Ağdərədən, Əsgərandan kütləvi şəkildə qaçmağa məcbur oldular. Rusiya sülhməramlıları bölgəyə yerləşəndən sonra Qarabağdakı ermənilərə yeni “lider” göndərdilər. Əsl erməni xəbisliyi və hərisliyi ilə varlanmaq üçün Xankəndiyə gələn R.Vardanyanın ilk vaxtlar etdiyi çıxışlarla son vaxtlar dediyi sözlərin arasında çox fərq hiss olunur. Oyuncaq  hökumətdə “dövlət nazir”i postuna yiyələnən Vardanyan BBC telekanalına müsahibəsində bildirib ki, diasporumuz erməni xalqının ikinci ordusudur. Heç vaxt olmadığı kimi, indi bizim sözümüzlə konkret fəaliyyətimiz bir olmalıdır. Qarabağda yaşayan ermənilər çox güclüdürlər, onlar “min” illərdir ki, bu torpaqları qoruyurlar, “blokada”, “aclıq” bizi qorxuda bilməz. Həmin rüsvayedici müsahibədən sonra Qarabağdakı bəzi erməni kənd sakinləri ilə görüşən hiyləgər və talançı Vardanyan narazılıq edən sakinləri sakitləşdirərək bildirib ki, Laçın yolunda yaranmış vəziyyət mart-aprel aylarına qədər davam edəcək. Digər tərəfdən, bu müddətdə hərbi toqquşmanı istisna etmədiyini deyən Vardanyan erməniləri çox qorxuya salıb. Kənd sakinləri bu fırıldaqçının bir-birini təkzib edən sözlərindən heç nə anlamadıqlarını bildirərək, necə deyərlər, öz başlarının çarəsinə qalıblar.

Erməni mətbuatının verdiyi məlumatlara görə bu torpaqlarda yad hesab edilən Vardanyanla yerli ermənilər arasında qarşıdurma yaranıb. Hətta, separatçıların “rəhbər”i Araik Arutyunyan Vardanyanın mövqeyinə qarşı çıxaraq bildirib ki, hazırda qondarma rejimdə kifayət qədər silah olsa da, müharibədən qaçmaq lazımdır. Azərbaycanla dialoq yolu ilə hərəkət edin, əks halda müharibə erməni xalqı üçün son olacaq. Əslində, ermənilər özləri açıq deyirlər ki, Laçın-Xankəndi yolu bağlanmayıb, yükdaşıyan maşınlar maneəsiz hərəkət edir. Laçın-Xankəndi yolunun bağlı olmasını, Xankəndidəki ermənilərin “blokada”da olmasını iddia edən və bu barədə beynəlxalq təşkilatların qapılarında saxta “gözyaşı” tökən, Qarabağdakı var - dövlətdən əli çıxan Vardanyanın yaşadığı şəhərdəki erməni mətbuatı yanvarın 30-da yazır ki, xarici işlər naziri S.Qazaryan Ermənistanın ictimai-siyasi təşkilatlarının nümayəndələri ilə görüşüb. Elə isə, haqlı sual yaranır, yol bağlıdırsa İrəvandan gələn həmin “nümayəndə”lər hansı yolla Xankəndiyə gəliblər. Demək, dava yorğan davasıdır, ermənilər öz yalanlarını elə özləri də təkzib edirlər.

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli gündən çoxdur davam edir, havanın soyuq və şaxtalı olmasına baxmayaraq, dinc aksiya iştirakçıları yüksək fəallıq göstərirlər. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Ötən gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus 21 avtomobil qeydə alınıb. Xatırladaq ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət göstərərək tələbləri  yerinə yetirilməyənə qədər etiraz aksiyalarının davam edəcəyini bildirən gənclər əsl fədakarlıq və yüksək vətəndaş mövqeyi nümayiş etdirirlər.

Salman ALIOĞLU,

“Respublika”.