Qarabağda yaşayan ermənilərə xüsusi imtiyaz olmayacaq
Digər xəbərlər

Qarabağda yaşayan ermənilərə xüsusi imtiyaz olmayacaq

2020 -ci il sentyabrın 27-də törətdiyi növbəti təxribata görə 44 günlük Vətən müharibəsində burnu ovulan ermənilər bundan heç cür nəticə çıxarmayıblar.  Müharibənin qələbəmizlə başa çatmasının iki ilinin tamamına az qalır. Ötən bu müddət ərzində sülh müqaviləsi bağlanması prosesinə maneçilik törədən düşmən bu il avqustun əvvəllərində öz çirkin siyasətinə sadiq qalaraq Qarabağda növbəti dəfə silahlı təxribata əl atdı. Bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Ermənilərə cavab tədbiri isə uzun çəkmədi, Azərbaycan Ordusu dərhal "Qisas" əməliyyatı keçirərək şəhidimizin intiqamını aldı, qarşı tərəfi necə lazımdırsa cəzalandırdı. Bir neçə  saat çəkən "Qisas" əməliyyatı əsl mənada cəza tədbiri idi.

Bu, onu göstərdi ki, Azərbaycan hər bir vətəndaşına dəyər verir, şəhidinin adını uca tutur, onun qanını yerdə qoymur  və o, öz torpağında istənilən zaman belə əməliyyatlar həyata keçirə bilər. "Qisas" əməliyyatı Azərbaycan Ordusunun, dövlətinin, xalqının gücünü bir daha göstərdi. Onu da göstərdi ki, "Dəmir yumruq" yerindədir.  Lakin sülhsevər Azərbaycan xalqı, bölgədə sülhün, əmin-amanlığın bərqərar olması üçün çalışan dövlət başçısı yeni müharibə, qan tökmək istəmir.

Ermənistanı qarşıdurmaya yönəltməyə çalışan və qonşu  ölkələrlə dinc yaşamasını əngəlləməyə cəhd göstərən radikal çevrələr, revanşistlər hələ də anlamaq istəmirlər ki, iki və çoxtərəfli əməkdaşlıq təcavüzkar ölkəyə hamıdan çox gərəkdir. Çünki hazırda Ermənistanda siyasi ab-hava ağır vəziyyətdədir. Otuzillik işğal siyasəti onların gələcək perspektivlərini alt-üst  edib. Ötən illər ərzində Ermənistanda işğal, təcavüz, talançılıq siyasəti reallaşdırılıb, respublika talanıb, ölkə regional əməkdaşlıqdan,  mümkün iqtisadi imkanlardan tamamilə məhrum edilib. Bu isə xalqın  sosial-iqtisadi  durumunu son dərəcə ağırlaşdırıb. Bütün bunlara baxmayaraq, rəsmi İrəvanın yenə də  dövlət sərhədlərimizdə təxribatlar törətməsi işğalçı ölkənin hər şeydən əvvəl, öz xalqının gələcəyini düşünmədiyini göstərir. Bu ölkənin hakimiyyəti əmin olmalıdır ki, əgər Azərbaycan yeni bir antiterror əməliyyatına başlayarsa, Ermənistan bunun qarşısını almaqda yenidən aciz qalacaq. Çünki yeni bir müharibə hərbi-iqtisadi baxımdan  Ermənistanın sonunu gətirəcək.

Azərbaycan regionun inkişafına maraqlı olduğundan özündən asılı olan bütün addımları atmağa hazırdır. Hətta iri nəqliyyat dəhlizlərinin açılmasına daha tez nail olmağa çalışır. Bəs Ermənistan tərəfi? Ermənistan öz məğlubiyyətini dərk etmir, üçtərəfli Bəyanatın tələblərindən yayınır, mənasızcasına xəyallar qurur, Qərb dövlətlərindən siyasi dəstək gözləyir, özünə müdafiəçilər axtarır. Sülh sazişinin imzalanması prosesini süni şəkildə uzadır, ya ATƏT-in Minsk qrupu, ya da status məsələsini ortaya atır. Bütün bunlar isə mənasız oyunlardır.

Ermənistan tərəfi anlamır ki, Azərbaycana qarşı ərazi iddialarını davam etdirdiyi təqdirdə Azərbaycan da Ermənistana qarşı eyni cür davranar. Yəni Zəngəzur və Göyçə gölü regionunun tarixi mənsubiyyəti baxımından Azərbaycanın ərazi iddiaları üçün böyük zəmin var. İndi Dağlıq Qarabağ yoxdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları var. Bu mənada status barədə çıxışlar Ermənistan üçün daha pis nəticələnə bilər.

Postmünaqişə dövründə regional geosiyasi gündəliyi Azərbaycan diktə edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün dünya, aparıcı ölkələr və beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Azərbaycan həm də  beynəlxalq təşkilatlarla, o cümlədən   Avropa İttifaqı ilə uğurlu qarşılıqlı fəaliyyəti davam etdirir. Postmünaqişə dövründə baş tutan görüşlər Azərbaycanın üstünlüyü şəraitində keçir. Bunun nəticəsidir ki, Avropa İttifaqı da iki ölkə arasındakı münasibətlərin normallaşması istiqamətində daha real işlər görməyə çalışır. Proseslərin gedişatı göstərir ki, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi, ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Belə bir məqamda Ermənistanın sərsəm fikirlər səsləndirməsi, revanşist və təxribatçı bəyanatlar verməsi, tez-tez atəşkəs rejimini pozması qəbuledilməzdir.

Ermənilər, xüsusən də Qarabağda yaşayan ermənilər düzgün addım atmalı, bu ölkənin vətəndaşları kimi Azərbaycanın qanunları əsasında yaşamalı olduqlarını başa düşməlidirlər. Azərbaycan Prezidenti İlham Əliyev bu il avqust ayında İsmayıllıda olarkən Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı demişdir: "Əgər Qarabağda kimsə yenə də bilmirəm, hansı populizm naminə, yaxud da ki, indi, necə deyərlər, kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə... Ancaq budur yol...".

Bəli, Vətən müharibəsindən sonra indi hər iki tərəfin qarşısında açılan ümumi bir yol var. Bu yol sülhə, əmin-amanlığa, bölgənin gələcəyinə hesablanıb. Ermənistanın qalib ölkənin şərtlərinə əməl etməkdən başqa bir yolu yoxdur. Azərbaycan isə bilir ki, tutduğu bu yolun sonunda qələbə, Zəfər var!..

Zümrüd QURBANQIZI,

"Respublika".