Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır
Digər xəbərlər

Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır

Onlar da ölkəmizdəki digər milli azlıqlar kimi eyni hüquq və təminatlara malikdirlər

Azərbaycan hələ qədim zamanlardan tolerant ölkə olmuşdur. Ölkəmiz həmişə qonaqpərvər olub öz torpaqlarında digər millətlərdən olan insanlara da yer vermişdir.  Hələ 1828-ci ildə Rusiya ilə İran arasında Türkmənçay müqaviləsi imzalandıqdan sonra İranda yaşayan erməniləri Azərbaycana köçürməyə başlamış, onlar üçün yeni kəndlər salınmış və evlər tikilmişdi. Ermənilər hər zaman olduğu kimi, Azərbaycanın bu qonaqpərvərliyindən sui-istifadə etmişdi. Qarabağ bölgəsində günü-gündən artan erməni nüfuzu da bunu göstərirdi. Yeni salınmış kəndlərə erməni adları verilirdi. Bu isə bizim onlara qarşı xoşniyyətli olmağımızdan irəli gəlirdi. Sonradan ermənilər erməni adı qoyulmuş həmin kəndləri dünya ictimaiyyətinə öz torpaqları kimi təqdim etməyə başladılar. Torpaqlarımızı işğal edib, talamaqları azmış kimi, beynəlxalq arenada da öz qədim obaları olduğunu iddia edirdilər. Uzun illər bizimlə qonşu olmaqlarına baxmayaraq, Azərbaycan xalqının hansı güc və iradəyə sahib olduğunu unutmuşdular.

Şübhəsiz ki, biz bunu iki il əvvəl onların yadına çox gözəl saldıq. Lakin Azərbaycan Ermənistan kimi öz gücünü dinc əhali üzərində yox, hərbi və siyasi arenada göstərdi. Hazırda Qaradağ bölgəsində yenidənqurma işləri sürətlə davam edir. Orada yaşayan ermənilərin etiraz aksiyaları isə gündən-günə çoxalır.

Ermənistanın mediası guya Qarabağda ermənilərin acınacaqlı vəziyyətdə olduğunu və Ermənistan rəhbərliyinin onlara heç bir yardım göstərmədiyini yazır. Həmçinin müxalifət mediası ermənilər arasında Paşinyan rejiminə etiraz olaraq Azərbaycan qanunları çərçivəsində yaşamaq meylinin yarandığına da diqqət çəkib. Azərbaycan Prezidenti Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı çıxışında demişdi: "Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Azərbaycanda minlərlə erməni yaşayır. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Həm Ermənistanda, həm Azərbaycanda, həm başqa ölkələrdə. Misal üçün, Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir". Azərbaycan Respublikasının niyyəti heç vaxt bölüb idarə etmək olmayıb. Bunu öz nitqində Prezident İlham Əliyev də dünyaya açıq şəkildə çatdırdı. Birinci Qarabağ müharibəsindən sonra da Azərbaycanda 30 mindən çox erməni əsilli vətəndaşlar yaşamışdır və hələ də yaşamağa davam edirlər. Ermənistan isə monoetnik dövlətdir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da mətbuat konfransı zamanı Qarabağda yaşayan ermənilərin Azərbaycanın bütün digər vətəndaşları kimi eyni hüquq və təminatlara malik olacaqlarını bildirmişdi: "Keçmiş münaqişə ərazisinin erməni əhalisinin reinteqrasiyası ilə bağlı Azərbaycanın mövqeyi dəfələrlə ifadə olunub. Hesab edirik ki, Azərbaycanın qanunvericiliyi bunun üçün çox yaxşı əsasdır. Biz inanırıq ki, bütün beynəlxalq aktorlar regionumuzda uzunmüddətli sülh, təhlükəsizlik və sabitliyin bərqərar olması məqsədi daşıyan bu prosesi dəstəkləməlidirlər". Bu çıxışlardan sonra isə Ermənistan Beynəlxalq Ədalət Mühakiməsinə, guya Azərbaycan hökuməti tərəfindən Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan erməni əsilli şəxslərin qaz, elektrik və internet təchizatına müdaxilə edilməsi ilə bağlı müraciət etmişdi. Xarici işlər nazirinin müavini Elnur Məmmədov mövzu ilə bağlı keçirilən brifinqdə bildirib ki, bu məsələləri Ermənistan 2021-ci ilin martından mütəmadi şəkildə qaldırıb. Azərbaycan da davamlı şəkildə öz mövqeyini bildirib. Mövqeyimiz ondan ibarət olub ki, 30 il müddətində həmin əraziyə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilib və Azərbaycan öz öhdəliyinə düşə biləcək bu və ya digər məsələlərin təmin edilməsi, öz ərazimizdən keçən qaz xəttinin təmiri ilə bağlı Ermənistanla əməkdaşlığa hazırdır. Orada yaşayan hansısa bir vətəndaşın hüquqlarının pozulmadığına dair sübutlar məhkəməyə təqdim olunub. Məhkəmə də Azərbaycanın bu mövqeyini dəstəkləyib. Qərarda qeyd olunub ki, Azərbaycan tərəfi qaz, elektrik və internet xidmətinin təchizatına heç bir müdaxilə etməyib və bu iddiaların heç bir əsası yoxdur. Bununla da bir daha Ermənistanın çirkin əməlləri, şər və böhtanları dünyaya aşkar olundu. Azərbaycan tolerant ölkədir və onun ərazisində yaşayan hər bir insanın dini, irqi və cinsindən asılı olmayaraq haqları qorunur.

Töhfə SƏMƏDOVA,

"Respublika".