Qarabağda və Şərqi Zəngəzurda infrastruktur yenidən qurulur
Siyasət

Qarabağda və Şərqi Zəngəzurda infrastruktur yenidən qurulur

Ölkə başçısının bölgələrə səfərləri aparılan işlərin intensivliyini stimullaşdıran əsas amildir

İşğaldan azad edilmiş rayonlara Azərbaycan Prezidenti İlham Əliyevin çoxsaylı səfərləri, Qarabağ regionunun tez bir zamanda sürətli inkişafı üçün lazımi tədbirlər görməsi ölkə başçısının öz vətəninə bağlı və uzaqgörən, müstəqil siyasət yürüdən müdrik rəhbər olduğunun bariz nümunəsidir. Bu səfərlər hazırda sürətli vüsət alan genişmiqyaslı bərpa-quruculuq işlərini daha da canlandırmaqla hər biri tarixi hadisəyə çevrilir. 19 oktyabrda ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfərləri zənginliyi və əhəmiyyəti ilə yadda qaldı.

Azərbaycan Prezidenti İlham Əliyev Qubadlı rayonu ərazisində yaradılacaq "Zabuxçay" və "Bərgüşadçay" su anbarlarının layihələri ilə tanış olub, birinci xanım Mehriban Əliyeva ilə Zəngilanda Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak edib.

Bu, həm də dövlətin bu sahəyə yüksək diqqət və qayğısının təzahürüdür. Bu gün dövlət başçımızın bilavasitə diqqət və qayğısı ilə Qarabağ və Şərqi Zəngəzurda yeni infrastruktur layihələri icra olunur. Onu da qeyd etmək lazımdır ki, dünyanın heç bir yerində infrastruktur layihələri bu sürətlə icra olunmur. Azərbaycan bu məsələdə də dünya üçün bir nümunədir. Bu, onu göstərir ki, Prezident İlham Əliyevin siyasətində Qarabağın və Şərqi Zəngəzurun tez bir zamanda bərpası və yenidən qurulması əsas yerlərdən birini tutur.

Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsi çərçivəsində keyfiyyətli ekoloji mühitin yaradılması və enerjidən səmərəli istifadə edilməsi üçün dayanıqlı enerji mənbələrinə üstünlük verilib. Bu baxımdan, kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Almaniyanın "Rehart GmbH" şirkəti tərəfindən istehsal olunan və hər biri 212 kilovat olmaqla 3 hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed turbini tipli Su Elektrik Stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir. Arximed qurğusunun digər enerji istehsal sistemləri ilə müqayisədə ən böyük üstünlüyü ondan ibarətdir ki, təzyiqsiz sudan enerji istehsal edə bilir, asan quraşdırılır və iqtisadi baxımdan sərfəlidir.

Bununla yanaşı, Zabuxçay çayının suyunun yeni su anbarında tənzimləməklə uzunluğu 49 kilometr olan polad boru xətti ilə Qubadlı və Zəngilan rayonlarında yerləşən torpaq sahələrinə suyun verilməsi, eyni zamanda, layihədə subasar zonadan avtomobil yolunun kənarlaşdırılaraq yeni yolun çəkilməsi və bəndyanı Su Elektrik Stansiyasının tikilməsi nəzərdə tutulur. Nəticə etibarilə, Qubadlı və Zəngilan rayonları ərazisində "Dost Aqro" şirkətinin 1900 hektar, "Azərsun" MMC-nin 3300 hektar, "AzərAqrar" şirkətinin 2500 hektar, "Aqrovay" şirkətinin 2700 hektar, "Dost Ziraat Heyvandarlıq" şirkətinin 1700 hektar əkin sahəsi suvarma suyu ilə təmin oluna bilər. Bərgüşadçay su anbarının yeri isə topoqrafik və mürəkkəb geoloji şərait nəzərə alınmaqla ən optimal variant olaraq Qubadlı şəhərindən yuxarıda - Bəxtiyarlı kəndinin yaxınlığında yaradılması təklifi qəbul edilib. Ümumi sututumu 67 milyon kubmetr olan bu su anbarı vasitəsilə Qubadlı rayonu ərazisində 12 min hektar sahənin suvarma suyu ilə təmin edilməsinin və açıq kanal, yaxud təzyiqli boru vasitəsilə "Qız qalası" hidroqovşağından su götürəcək magistral kanalın qidalandırılması üçün isə saniyədə 10 kubmetr suyun verilməsinin mümkünlüyü müəyyən edilib. Su anbarından suyun təzyiqli boru kəməri ilə veriləcəyi halda ümumi gücü 30 meqavat olan 3 Su Elektrik Stansiyasının quraşdırılması mümkün olacaq.

Hazırda Qarabağ və Şərqi Zəngəzur tamamilə yenidən qurulur, ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları, kəndlər, qəsəbələr tikilir. Birmənalı olaraq Qarabağda aparılan tikinti-quruculuq işləri Azərbaycan dövlətinin gücünün və potensialının göstəricisidir. Təqdirəlayiq haldır ki, ölkəmizin həyata keçirdiyi quruculuq layihələri beynəlxalq arenada da xüsusi maraqla qarşılanır. Çünki son illər dünyada baş verən iqtisadi geriləmələr fonunda Azərbaycan heç bir layihəni təxirə salmır, nəzərdə tutulan bütün planlar uğurla icra olunur. Tikinti-quruculuq işləri, infrastruktur layihələri təkcə Qarabağda deyil, paralel olaraq bütün ölkə boyu həyata keçirilir. Azərbaycanı fərqləndirən də məhz bu amillərdir.

Bu gün Azərbaycan Prezidentinin diqqət mərkəzində olan önəmli məsələlərdən biri də işğaldan azad edilən torpaqlarda meliorativ tədbirlərin görülməsi ilə bağlıdır. Xatırladaq ki, bu ərazilərdə böyük su mənbələri mövcuddur. Düşmən Azərbaycanı 30 ilə yaxın müddətdə bu potensialdan istifadə etməyə imkan verməyib, respublikamıza qarşı ekoloji terror həyata keçirib. Ermənistan uzun illər ərzində su təminatı istiqamətində də xain mövqe tutub, Sərsəng və Suqovuşan su anbarlarını nəzarətində saxlayıb. Torpaqlarımız azad ediləndən sonra artıq Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızın su təminatının yaxşılaşması üçün əlverişli şərait yaranıb. Bunun nəticəsində 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanları yaranıb.

Qarabağda aparılan nəhəng quruculuq işləri dövlətin siyasi iradəsini və xalqın ruh yüksəkliyini nümayiş etdirir. Azərbaycan qısa müddətdə miqyası çox böyük işlər görüb. İşğaldan azad olunmuş ərazilərdə həyatın yenidən dirçəldilməsi və insanların doğma torpaqlarına qaytarılması Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifələrdəndir. Prezident İlham Əliyevin bölgələrə səfərləri bu ərazilərdə aparılan işlərin intensivliyini stimullaşdıran əsas amildir. Prezident İlham Əliyev istisnasız olaraq bütün layihələrin icrası ilə ən xırda təfərrüatlara, detallara qədər şəxsən maraqlanır, işlərin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr verir.

Ümumiyyətlə, azad edilmiş tarixi torpaqlarımızda aparılan bərpa işləri, bu prosesi birbaşa olaraq Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ciddi nəzarətdə saxlaması, hər bir layihənin açılışında şəxsən iştirak etmələri Azərbaycan ictimaiyyətində xüsusi rəğbət, fərqli məmnuniyyət, fəxr və qürur hissi yaradır.

Mustafa KAMAL,

"Respublika".