Qarabağda nümunə olacaq “yaşıl enerji” zonası yaradılır
İQTİSADİYYAT

Qarabağda nümunə olacaq “yaşıl enerji” zonası yaradılır

İşğaldan azad olunmuş rayonların möhtəşəm bərpa və quruculuq  işləri arasında elektrik enerjisi təchizatı  xüsusi yer tutur

“Mənim Qarabağ və “yaşıl zona” barədə dediklərim bəyanat deyil, plandır və bu plan artıq icra  mərhələsindədir. İşğaldan azad edilmiş ərazilərdə Laçın rayonunda ilk su elektrik stansiyasının açılışı bir neçə ay bundan əvvəl oldu. Ərazilər işğaldan azad olunandan 3-4 ay sonra  mən artıq orada idim. Düyməni basdım və biz başladıq. Biz Qarabağ ərazisində 10-dan çox su elektrik stansiyası yaratmağı planlaşdırırıq”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev deyib. Ölkə başçısı Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında 3 may 2021-ci il tarixli Sərəncam imzalayıb.

Hazırda müharibədən sonra yeni möhtəşəm və genişmiqyaslı quruculuq dövrü başlayıb. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın. İşğaldan azad olunmuş rayonlara səfərləri çərçivəsində çıxışlarında düşməndən təmizlənən ərazilərin tezliklə yeni coşğun həyata qayıdacağını vurğulayan dövlətimizin başçısı bildirir ki, bərpa işləri arasında elektrik enerjisi təchizatı xüsusi yer tutur. Bu məqsədlə müharibədən dərhal sonra ilk günlərdən bu işlərlə məşğul olmağa başlanılıb. İlk növbədə, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilmişdir və birinci mərhələ başa çatıb. “Azərişıq” artıq Şuşa şəhərinə elektrik xətlərini çəkib. Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün “Azərenerji” Səhmdar Cəmiyyəti də Şuşa şəhərinə yüksəkgərginlikli xətləri çəkir və Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir. Laçın rayonu işğaldan azad olunandan ay yarım sonra artıq Güləbird kəndində Su Elektrik Stansiyasının istismara verildiyini, bu stansiyanın generasiya gücünün 8 meqavat təşkil etdiyini vurğulayaraq, bununla da ərazidə generasiya güclərinin yarandığını bildirib. “Güləbird” SES-in istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğaldan azad olunan rayonlarda dövlətimizin başçısının  iştirakı ilə işə salınan ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7 min nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Onu da qeyd etmək lazımdır ki, Kəlbəcər-Laçın zonasında su elektrik stansiyaları üçün təbii şərait çox əlverişlidir və vaxtilə burada bir çox stansiya fəaliyyət göstərib. Lakin mənfur düşmən işğal dövründə həmin stansiyalardan istifadə edib. Ancaq Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində -- dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını dağıdıb, avadanlığı aparıb, stansiyaların binalarını xaraba qoyub. O cümlədən, “Güləbird” SES düşmən tərəfindən yararsız hala salınıb. Yeri gəlmişkən, yaxın gələcəkdə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər rayonlarında, ümumilikdə 308 kilometr elektrik verilişi xəttinin çəkilməsi və yeni yarımstansiyaların tikilməsi ilə 110 kilovoltluq şəbəkənin yaradılacağı nəzərdə tutulub. Prezidentin  tapşırığına əsasən ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Qarabağ regionunda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək “yaşıl zona”, yaxud “Yaşıl məkan” konsepsiyasının hazırlanmasına başlanılıb. Bu ərazilərdə 4 min meqavatdan çox Günəş, 500 meqavatadək külək enerjisi potensialının mövcudluğu qiymətləndirilib. Kiçik su elektrik stansiyalarının inventarlaşdırılması işinə də  başlanılıb. İlkin məlumatlara görə, 30-a yaxın bu cür stansiya   yararsız hala salınıb. Su elektrik stansiyalarının tikintisi ilə paralel olaraq, azad edilən bütün digər torpaqlarda bərpaolunan enerji növlərinin və yerlərin müəyyənləşdirilməsi prosesinə start  verilib. Azad edilmiş torpaqlar gələcəkdə “Yaşıl enerji” zonası kimi tanınacaq. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan, Cəbrayılda isə Günəş enerjisinin böyük potensialı bunu deməyə əsas verir. Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, Azərbaycanın enerji generasiya güclərini, ötürücü xətlərini yenidən quraraq Qarabağı “Yaşıl enerji” zonasına çevirəcək.

 Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva may ayının 12-də Şuşaya səfər çərçivəsində  110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər. Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə ötən ilin dekabrında “Şuşa” yarımstansiyasının və Füzuli rayonunun “Şükürbəyli” yarımstansiyasından başlayaraq 75 kilometr məsafədə 110 kilovoltluq “Şükürbəyli-Şuşa” hava elektrik verilişi xəttinin tikintisinə başlanılıb. Yarımstansiya məsafədən idarə olunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulmaqla tam rəqəmsallaşıb. Burada perspektiv inkişaf da nəzərə alınıb. Yarımstansiya və elektrik verilişi xəttinin tikintisinin çətin coğrafi şəraitdə aparılmasına baxmayaraq, ən qısa zaman ərzində yekunlaşıb. Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə 73 günə icra olunub ki, bu da nəinki Azərbaycan energetikası, regionun energetika tarixində rekorddur. Ümumilikdə işğaldan azad olunmuş ərazilərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində işlər uğurla davam edir. Hazırda Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda ümumilikdə 9 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq ötürmə xətlərinin tikintisi gedir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin “Yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq, Suqovuşandakı 2 kiçik su elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri yekunlaşıb. Yaxın vaxtlarda isə Kəlbəcərdə 2 kiçik su elektrik stansiyasının tikinti və bərpasına başlanılacaq.  

Məlum olduğu kimi, Qarabağın bərpa olunan enerji istehsalı üçün potensialı böyükdür. Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi --Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Burada bir kvadratmetr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovat/saat təşkil edir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavatdır. Ərazidə ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə potensialın daha dəqiq hesablanması həyata keçiriləcək. Qarabağda eləcə də külək enerjisi istehsal etmək mümkün olacaq. Belə ki, regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavat kimi qiymətləndirilir. Ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə bu sahənin də dəqiq potensialı hesablanacaq. Bütün bunlardan başqa, Kəlbəcərdə və Şuşada termal su ehtiyatları var. Qarşıda dayanan vəzifələrdən biri də termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyünü tədqiq etməkdir. Qarabağ bölgəsində həmçinin daş kömür yataqları mövcuddur. Belə ki, Tərtər rayonunun Çardaqlı kəndi 8,5 milyon ton daş kömür ehtiyatına malikdir. Bütün bu mənbələr işğaldan azad olunmuş rayonlarımızda yeni enerji layihələrini gerçəkləşdirməyə imkan verir. Həmin istiqamətdə genişmiqyaslı işlər nəzərdə tutulub və onlar ardıcıllıqla həyata keçirilir. “Yaşıl enerji” layihələrinə xarici investorların cəlb edilməsi üçün də artıq müəyyən əməli addımlar atılıb. Bu ilin may ayında Azərbaycanın Energetika Nazirliyi ilə Yaponiyanın “Tepsco” şirkəti arasında müqavilənin imzalanması işlərin uğurla irəlilədiyinin daha bir təsdiqidir.

Ölkəmizdə, xüsusilə düşməndən təmizlənən ərazilərdə “Yaşıl enerji” zonasının yaradılmasına mühüm önəm verilməsi təsadüfi deyil. Çünki hazırda bütün dünyada elektrik enerjisi istehsalının dominant mənbəyi ənənəvi enerji mənbələridir. Bununla belə, bir çox yerlərdə bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı artmaqda davam edir. Ölkəmizdə də enerjinin bu növünün istehsalı diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasını mühüm vəzifə kimi müəyyənləşdirib. Dövlət başçısının imzaladığı müvafiq sərəncamlar nəticəsində Azərbaycanda energetikanın digər sahələrində olduğu kimi, bərpaolunan enerji mənbələrindən istifadə sahəsində də əlverişli investisiya mühiti yaradılıb, özəl sərmayələrin cəlbi və irimiqyaslı layihələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilməsinə başlanılıb. Qarşıdakı 10 il ərzində təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulur. Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılır. “Qarabağ bölgəsi “Yaşıl enerji” zonası kimi dünya üçün bir nümunə olacaq. Bu, Prezident İlham Əliyevin qətiyyətidir.

Mustafa KAMAL,

“Respublika”.