Qarabağda həyata keçirilən bərpa işləri Azərbaycanın gücünü göstərir
İQTİSADİYYAT

Qarabağda həyata keçirilən bərpa işləri Azərbaycanın gücünü göstərir

İşğaldan azad olan torpaqlarımızdakı mənzərə ermənilərin nəyə qadir olduğunu dünyaya bir daha sübut etdi. 30 il ərzində  şəhər, kənd və qəsəbələrimizi viran qoyan, xalqımıza və dövlətimizə qarşı  qəddarlıqla cinayət edən düşmən maddi mədəniyyət abidələrimizi məqsədyönlü şəkildə dağıtmış, xalqımızın inanc yeri olan məscidlərimizi təhqir etmiş, əsrlərdən bəri daş yaddaşımız olan tarixi abidələrimizin  adlarını dəyişdirib özününküləşdirmiş, beynəlxalq hüquq normalarında cinayət hesab edilən əməllər törətmişdir. Bütün bunlar  düşmənin özünü nümayişi idi.

Bu gün Qalib Azərbaycan  30 ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən talan edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işləri aparır. Həyata keçirilən  quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələnin başlanğıcıdır.

Qısa müddətdə həyata keçirilən sürətli bərpa və quruculuq işləri  eyni zamanda, Azərbaycanın iqtisadi gücünün göstəricisidir.

Prezident İlham Əliyevin Suqovuşan və Talış kəndlərinə səfərinin ardınca Böyük Qayıdışımızın başlanğıcı olan Cəbrayıla səfəri və bu ərazilərdə istifadəyə verilən infrastruktur obyektləri bunu bir daha təsdiqləyir.

İşğal dövründə yalnız vandallıq aktlarının  törədildiyi Qarabağın mənzərəsi bu gün tamamilə dəyişib.  Vaxtilə ermənilərin təxribat məqsədi üçün yol çəkdiyi Cəbrayılda indi bu torpaqların öz sahibləri yol çəkir, yeni və müasir infrastruktur qurur. Beş il əvvəl Aprel döyüşləri zamanı Cocuq Mərcanlı ilə başlayan Böyük Qayıdışımız 44 günlük savaşda birdəfəlik müəyyənləşdi. Bir il əvvəl 44 gün davam edən savaşda ilk uğurumuz da Cəbrayıldan başladı. Cəbrayıldan sonra Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Bu gün Araz Vadisi İqtisadi Zonasının yaradılması ilə bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün yeni mərhələ başlayır. Keçmiş məcburi köçkünlərimizin geri qayıtması üçün bütün zəruri addımlar atılmaqdadır. Ölkə başçısının cəbrayıllılarla görüşündə səsləndirdiyi fikirlərdən bir daha aydın oldu ki, soydaşlarımızın öz ata-baba yurdunda rahat və təhlükəsiz yaşamaları üçün dövlət tərəfindən  bütün zəruri tədbirlər görülür  və görüləcək. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “bütün görülən işlər insanlarımız üçündür. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar”.

Dövlət başçımızın Cəbrayılda verdiyi əsas mesajlardan biri də qarşıdakı 5 il ərzində yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzurun qurulması ilə bağlı idi.  Biz hədəflərimizə doğru gedirik. Bu gün Azərbaycan bölgədə yeni reallıqlar yaratmaqla yanaşı, həm də bölgədə söz sahibidir. Heç bir məsələ Qarabağdan, ərazi bütövlüyümüzdən üstün ola bilməz. Əsas üstünlüklərimizdən biri də bu reallıqları dünyaya qəbul etdirməyimizdir.

    Könül NURULLAYEVA,

          millət vəkili.