Qarabağda böyük dirçəliş dövrü
Siyasət

Qarabağda böyük dirçəliş dövrü

Otuz il ərzində düşmənin qəsdən və bilərəkdən vurduğu yaraları saran, təbiətin al-əlvan rəngə boyadığı Qarabağda aparılan genişmiqyaslı işlər böyük bir inamla və sürətlə davam etdirilir. İşğaldan azad edilən ərazilərdə quruculuq, bərpa işlərinin həcmi və miqyası gündən-günə artır, ermənilər tərəfindən viran edilmiş yurd yerlərinə yeni bir həyat qayıdır.

Şanlı Qələbə ilə başa çatan Vətən müharibəsindən sonra azad edilmiş ərazilərin bərpasına başlanılması, bir sıra infrastruktur layihələrin həyata keçirilməsi, o cümlədən elektrik enerjisi ilə təminat və yolların yenidən qurulması onu göstərir ki, Qarabağın bərpası və gələcək inkişafı üçün dövlət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. İşğalçılardan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan təmizlənməsidir. Otuz ilə yaxın işğalda saxladığı əraziləri başdan-başa minalarla çirkləndirən Ermənistan üçtərəfli Bəyanatdan sonra bəzi əraziləri boşaltmaq üçün möhlət aldığı müddət ərzində də torpaqlarımıza ölüm sursatları basdırmaqla öz çirkin niyyətini davam etdirdi. Xain düşmənin basdırdığı minalar onlarla dinc sakinin, hərbçinin ölümünə və ya ömürlük şikəst olmasına səbəb olur. Ona görə də əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsi üçün ardıcıl olaraq minalardan təmizlənmə işləri davam etdirilir.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda elmi-praktik konfransda bildirib ki, hazırda Qarabağ iqtisadi rayonu ərazisində ümumi uzunluğu 513 kilometr olan 10 avtomobil yolu layihəsi həyata keçirilir. Həmçinin 157,5 km uzunluğunda Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmiryolu xətləri çəkilir. Prezidentin xüsusi nümayəndəsi, həmçinin, məlumat verib ki, Qarabağda enerji və su infrastrukturunun bərpası və yaxşılaşdırılması üçün Suqovuşanda iki su elektrik stansiyası tam bərpa olunub və fəaliyyət göstərir. Qarabağ iqtisadi rayonunda 35 və 110 kVt-luq 7 yarımstansiya inşa edilib. İqtisadi rayon ərazisində 5 su anbarı var ki, onlardan da iki magistral su kanalı çıxır. Hazırda onların hamısının üzərində qrafiki qabaqlamaqla təmir-bərpa işləri gedir.

Şanlı Azərbaycan ordusu Füzulini işğalçılardan azad edəndən sonra Qarabağ iqtisadi rayonuna daxil olan bu ərazilərdə dövlət tərəfindən yenidənqurma və bərpa işlərinə başlanılıb. Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən ordumuzun Şuşaya doğru hərəkət etdiyi keçilməz dağ cığırlarının yerində Zəfər yolu çəkilib və istifadəyə verilib. Ötən ilin payızından tikintisinə başlanan Əhmədbəyli-Füzuli-Şuşa yolunda işlər artıq yekunlaşır. Qeyd edək ki, 4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometrdir və mədəniyyət paytaxtımız olan Şuşa şəhərinə ikinci alternativ yoldur. Hər iki yol boyunca tunellər, körpülər inşa edilib, bütün zəruri infrastruktur yaradılıb. Daha bir uğur isə bölgədə inşa edilmiş hava limanı ilə bağlıdır. Həqiqətən də möcüzə idi ki, 8 ay ərzində mina ilə çox çirklənmiş ərazilər təmizlənsin və beynəlxalq standartlara uyğun hava limanı inşa olunsun. Bölgədə və dünyada analoqu olmayan ən müasir səviyyədə inşa edilərək istifadəyə verilən hava limanı iki ilə yaxındır ki, təyyarələri qəbul edir. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Ermənistanın xarabalığa çevirdiyi bu qədim şəhər yenidən qurulur. Şəhərin Baş Planı təsdiq edilib. Qeyd edək ki, Füzuli şəhərində 17,8 hektar ərazini əhatə edəcək ilk yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa edilir. Ümumilikdə, məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur. Füzuli şəhəri yalnız hündürmərtəbə binalardan ibarət olmayacaq. Şəhərdə az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək. Tezliklə keçmiş məcburi köçkünlər mərhələli şəkildə uzun müddət işğal altında qalan öz yurdlarına. yeni və müasir evlərə qayıdacaqlar.

Qeyd edək ki, azad edilmiş ərazilərdə qısa müddətdə yaşayış üçün münbit şəraitin yaradılması, yolların, dəmiryolu xətlərinin çəkilməsi, enerji təsərrüfatının qurulması, yeni beynəlxalq hava limanlarının inşa edilməsi bu bölgələrdə iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin yaradılmasına güclü təkan verəcək. Hazırda qarşıda duran əsas vəzifələrdən biri də azad edilmiş ərazilərin zəngin resurslarından, infrastruktur potensialından səmərəli istifadə, bu məqsədlə dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsidir. Dövlət əlverişli biznes mühiti yaratmaqla, həmin ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasına və dayanıqlı məskunlaşmanın təmin olunmasına çalışır. Mütəxəssislər hesab edirlər ki, Ağdamın böyük quruculuq işlərində mühüm yer alması sosial əhəmiyyət kəsb etməklə, vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır.

İşğaldan azad edilən yurd yerlərinə köçəcək insanların iş yerləri ilə təmin olunmaları üçün Ağdam Sənaye Parkında rezidentlər tərəfindən sənaye müəssisələrinin inşasına başlanılıb. Qeyd edək ki, bu sənaye parkı Qarabağda ilk nümunədir. Prezident İlham Əliyevin imzaladığı "Ağdam Sənaye Parkının yaradılması haqqında" Fərmanda bildirilir ki, işğaldan azad edilmiş ərazilərin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması üçün genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. İşğaldan azad olunmuş Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları və digər mühüm logistika potensialının mövcudluğu rayonda müasir infrastruktura malik sənaye parkının yaradılmasını zəruri edir. Sahibkarların böyük maraq göstərdiyi Ağdam Sənaye Parkının artıq 15 rezidenti qeydə alınıb və onlar tikinti-quruculuq işlərinə başlayıblar. Bu günlərdə sənaye parkında "Ağdam Süd" MMC-yə də rezident statusu verilib. Həmin şirkət Parkda investisiya dəyəri 2,2 milyon manat olan süd məhsullarının istehsalı müəssisəsi yaradacaq və burada 40 nəfər işlə təmin ediləcək.

Dövlətimizin başçısı Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində işğaldan azad edilmiş rayonlarda aparılan quruculuq işləri haqqında danışarkən bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla, barbarlıqla məşğul olub. Biz - bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilmişdir. Hazırda artıq iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır - Ağalı və Talış kəndlərində. Biz bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük - abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Yəni bütün bunlar göz qabağındadır. Yenə də deyirəm, bu iki layihə artıq bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə gözəl olacaq.

Salman ALIOĞLU,

"Respublika".