Qarabağ və Şərqi Zəngəzurda yol-nəqliyyat infrastrukturu layihələri genişmiqyaslıdır
Siyasət

Qarabağ və Şərqi Zəngəzurda yol-nəqliyyat infrastrukturu layihələri genişmiqyaslıdır

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində həyata keçirilən layihələrin uğurlu icrası sayəsində yol infrastrukturu tamamilə yenidən qurulur. Ötən il martın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri zamanı Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun təməlqoyma mərasimindən sonra layihənin həyata keçirilməsinə start verilmişdi.

Bu mühüm əhəmiyyətli yol başlanğıcını Xocavənd rayonunun Hadrut qəsəbəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yoluna birləşir. Beləliklə, yol Zəngəzur dəhlizi vasitəsilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Bu yol həm də iqtisadi əlaqələrin, əməkdaşlığın qurulması baxımından da vacibdir. Bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq.

Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilən yolun uzunluğu 43 kilometrdir. Artıq oktyabrın 19-da Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli-Cəbrayıl hissəsi istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Qeyd edək ki, bu yol Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə təsdiq olunan işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində inşa olunub. Uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Dördzolaqlı yolun hərəkət hissəsinin eni 14 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Yolun üzərində yerləşən 6 körpünün tikintisi başa çatıb. Həmçinin yol boyunca 45 dairəvi suötürücü boru, 49 ehtiyat keçid borusu, 25 düzbucaqlı suötürücüsü, 7 düzbucaqlı heyvan keçidi tikilib, 366 metr uzunluğunda beton, 1620 metr daş istinad divarları çəkilib, 18 avtobus dayanacağı quraşdırılıb. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla bu rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək. Mütəxəssislər bildirir ki, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu Azərbaycanın iqtisadi inkişafında, eyni zamanda işğaldan azad olunan ərazilərimizdə və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında önəmli rol oynayacaq, region üçün strateji əhəmiyyət daşıyacaq.

Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə 38 dairəvi boru və 7 düzbucaqlı su keçidi, həmçinin tikilən yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə 11 yerdə yolaltı keçidlərin tikintisi də icra olunur. Artıq layihə üzrə nəzərdə tutulan 12 dairəvi boru və 5 yolaltı keçidin inşası yekunlaşıb. Ümumilikdə isə yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21.5 metr enində yol yatağının inşası davam etdirilir, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi və hamarlayıcı layın asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 1, 18, 19, 26, 30 və 38-ci kilometrlik hissələrində 6 avtomobil körpüsünün inşası da davam edir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq. Yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilərək çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yol yatağı inşa edilir.

Yolun ətrafında bir vaxtlar həyat qaynayıb, bu kəndlərdə insanlar firavan və sülh içində yaşayıblar. Ancaq ermənilər tərəfindən torpaqlarımızın işğala məruz qalmasından sonra azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulublar, erməni vandalları tərəfindən evlər yerlə-yeksan edilib. Onlar daşı-daş üstündə qoymayıb, azərbaycanlıların tikdiyi evlər vəhşicəsinə dağıdılıb. İşğaldan azad olunmuş torpaqlarda düşmən bütün infrastrukturu dağıdıb. Şəhərlərimiz, kəndlərimiz demək olar ki, yerlə-yeksan edilib və bu, düşmənin vəhşiliyini bir daha göstərir.

Ölkə başçısı avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına, habelə yenidən qurulmasına xüsusi diqqət yetirməklə bərabər, Bakıda, digər şəhər və rayonlarda yeni avtomobil yollarının salınmasını, nəqliyyat qovşaqlarının, körpülərin tikintisini daha da sürətləndirməyi qarşıya mühüm vəzifə kimi qoymuşdur. Dövlət başçısının tapşırığına uyğun olaraq mütəmadi olaraq yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Şərqi Zəngəzurda və Qarabağda yolların inşası və yenidən qurulması layihələrinin icrası vətəndaşların Böyük Qayıdışından sonra sosial rifah halına müsbət təsir göstərən sənaye və turizmin inkişafına hesablanıb. Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərimizdə reallığa çevrilməkdə olan yol-nəqliyyat infrastrukturu layihələri genişmiqyaslıdır.

M.MUSTAFAYEV,

"Respublika".