Qarabağ və Şərqi Zəngəzurda məktəblər tikilir
Sosial həyat

Qarabağ və Şərqi Zəngəzurda məktəblər tikilir

Vətən müharibəsində müzəffər Azərbaycan ordusunun bölmələri qəhrəmanlıqla, şücaətlə, fədakarlıqla düşmənə qarşı peşəkarlıqla döyüşdü, qan tökdü, şəhidlər verdi, yaralılar oldu. Fəqət dayanmadı, yalnız irəlilədi, doğma torpaqlarımızı erməni işğalından azad etdi, çarpışaraq Qarabağa və Şərqi Zəngəzura qayıtdıq.

Hazırda bütün Qarabağ və Şərqi Zəngəzur bölgələrində çox genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər salınır. Keçmiş məcburi köçkünlərin işğaldan azad edilən torpaqlara, doğma diyara, yurd yerlərinə Böyük Qayıdışı başlayıb. Zəngilan rayonunun Ağalı kəndində dünyada bənzəri olmayan müasir yaşayış məntəqəsi salınıb və ağalılar öz evlərində yaşayırlar. Ermənistana və onun havadarlarına qəti şəkildə, birdəfəlik bildirilib ki, Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı işlərin görülməsi - minaların təmizlənməsi, həyat əhəmiyyətli infrastrukturun yaradılması, məktəblərin, xəstəxanaların tikilməsi Azərbaycan dövlətinin gücünü və iradəsini göstərir. Dövlətimizin başçısının dediyi kimi, özü də beynəlxalq təşkilatlardan və xarici dövlətlərdən yardım istəmədən, bir manat almadan Azərbaycan bütün bu quruculuq işlərini öz gücü ilə edir.

İşğaldan azad edilən ərazilərdə inşa edilən və tikintisi nəzərdə tutulan məktəb binaları Qarabağın və Şərqi Zəngəzurun gələcək firavan həyatından xəbər verir.

Tərtər rayonunun erməni işğalından azad edilən Suqovuşan qəsəbəsində məktəb əsaslı təmir edilib və açılışa hazırdır. Hazırda Şuşada 960 yerlik 1 nömrəli və Ağdam şəhərində 960 yerlik 1 nömrəli məktəblərin tikintisi sürətlə aparılır. Hər iki təhsil ocağının bu ilin sentyabrında təhvil verilməsi nəzərdə tutulur. Bundan başqa, Özbəkistan hökuməti tərəfindən Füzulidə, Cəbrayılda isə yerli sponsorun təşəbbüsü ilə 960 yerlik məktəb binaları inşa olunur. Qeyd edək ki, Füzulidə tikilən məktəbin də bu ilin sentyabrında təhvil verilməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuli Peşə məktəbinin, Kəlbəcərdə 960 yerlik məktəbin, Zəngilanda 960 yerlik məktəbin, Şuşa Realnı məktəbinin layihələndirmə işləri aparılır. Laçın şəhərində isə 2 nömrəli və Zabux-Laçın məktəbinin əsaslı təmirinə başlanılıb. Hər iki məktəb bu ilin sentyabr ayında təhvil veriləcək.

Salman ALIOĞLU,

"Respublika".